Televiziya günü ilə əlaqədar olaraq TV işçiləri öz fikirlərini - SİA İLƏ BÖLÜŞDÜ

Televiziya günü ilə əlaqədar olaraq TV işçiləri öz fikirlərini - SİA İLƏ BÖLÜŞDÜ

Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Paytaxt Bakıda televiziya mərkəzi üçün binanın inşası 1954-cü ildə start götürdü. İlk veriliş günü ekranda çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan gənc aktrisa Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Daha sonra 2005-ci ildən isə 24 saatlıq fasiləsiz yayıma keçdi. Elə həmin ildən Azərbaycan Dövlət Televiziyası Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə çevrildi. Mövzu ilə əlaqədar olaraq televiziyada çalışan müxbirlərin fikirlərini öyrənmək məqsədilə onlar arasında sorğu keçirdik.

Nazilə Əhmədova: "Mən Real TV-nin müxbiri Nazilə Əhmədova. İlk növbədə “14 fevral-Azərbaycan televisiyasının yaranması günü“ münasibətilə hamını təbrik edirəm. Mənim televiziyaya ilk addımım Real-dan başladı. Bu günü ənənəvi Azərbaycan televiziya məkanına yeni və fərqli baxış gətirən “realistlər”dən olaraq qeyd etmək böyük uğurdur. Elə bu yaxınlarda, bu addımın 1-ci ili də tamam oldu. Bu müddət ərzində qazandığım təcrübə hər şeyə dəyərdi. Efirə təcili material çatdırmaq, işğaldan azad edilmiş ərazilərə səfərlər, maraqlı çəkilişlər, süjetlər hazırlamaq, adi montajın özü belə televiziyaya-yolun başında jurnalistikaya olan həvəsimi qat-qat artırır.

Sonda Azərbaycan teleməkanına böyük uğurlar və daimi inkişaf arzulayıram. Növbəti 67 ildə də “Danışsın Bakı!”.

Elmin İbadov: "67 ildir televiziyamız sevimli, dəyərli tamaşaçılarımız üçün dayanmadan fəaliyyət göstərir. Bir televiziya işçisi olaraq mən də onu deyə bilərəm ki, bu sahə böyük güc və perspektiv tələb edir. Heç yadımdan çıxmaz, məktəbdə təhsil aldığım müddət ərzində dəfələrlə tədbirlərdə aparıcı olaraq çıxışlar etmişəm, aktyor olaraq səhnələr almışam. Həmin anlarda öz-özümə fikirləşirdim, görəsən, milyonların qarşısında nə zaman çıxış edəcəm. O gün artıq məqsədimə doğru yol aldım və nail oldum. Çalışdığım müddət ərzində xəbərlər departamentinin oturacaqlarında gecələdiyim də olub, amma hər zaman bu xatirələr mənim üçün yalnız qürur hissləri oyadır. Bu gün media işçiləri, yəni həmkarlarım çalışdığı yerdən asılı olmayaraq xəbəri operativ və dolğun çatdırmaq üçün əlindən gələni edirlər. İkinci vətən müharibəsi dönəmində buna hər kəs şahid oldu. Dayanmadan canlı və ya reportaj halında cəbhədən son məlumatları çatdıran jurnalistlər bu gün böyük alqışa sahibdir. Bizim bu gün edəcəyimiz hər bir xəbər süjeti tamaşaçılarımız üçün informasiya mənbəyidir və belə bir halda üzərimizə düşən əsas vəzifə çatdırdığımız xəbərin son dərəcə dəqiq və səlist nitqə malik olmasıdır. Mən də bu münasibətlə bütün media işçilərinin bayramını təbrik edirəm, onlara işlərində bol-bol uğurlar arzu edirəm".

Zeynəb Hüseynov: "Televiziya hər bir problemin aktuallığını, günün tələbləri ilə səsləşməsini, təqdim olunan materialın ictimai həyat və cəmiyyət üçün önəmini nəzərə alaraq tamaşaçının təkcə estetik zövqünün deyil, eyni zamanda dünya görüşünün formalaşmasına xidmət edir. Bu gün isə Azərbaycanda və şərqdə ilk televiziyanın yaranmasından 67 il ötür. Bu münasibətlə televiziya əməkdaşlarını, həmkarlarımı təbrik edir və işlərində uğurlar arzulayıram".

David Nuraşvili: "Mən 3 ilə yaxındır ki, Azərbaycan Televiziyasının əməkdaşıyam. Bu sahə maraqlı olduğu qədər, həm də çətindir. Elə bir sahədir ki, hər gün fərqli mövzularla, fərqli insanlarla tanış oluruq. Bəzən stresli, bəzən maraqlı, bəzən də kədərli situasiyalarla qarşılaşırıq. Həmişə obyektiv olmağa, gördüklərimizi tamaşaçılara olduğu kimi çatdırmağa çalışırıq. Bu da bizim təcrübəmizin artmasına, eyni zamanda günümüzn maraqlı keçməsinə səbəb olur. Jurnalistikaya marağı olan gənclər dünyagörüşlü, səbrli olmalı və işinə sevgiylə yanaşmalıdır".

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə