Azərbaycan tamaşaçısı və telekanallarımız - SORĞU

Azərbaycan tamaşaçısı və telekanallarımız - SORĞU

64 yaşlı Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Paytaxt Bakıda televiziya mərkəzi üçün binanın inşası 1954-cü ildə start götürdü. Tikinti üçün Bakının ən hündür məkanlarından biri olan Mehdi Hüseyn küçəsi 1 ünvanı seçildi. İlk veriliş günü ekranda çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan gənc aktrisa Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5, 1962-ci ildən isə gündəlik 7, 70-ci illərdən isə 10, 80-ci illərdən 18, 2005-ci ildən isə 24 saatlıq fasiləsiz yayıma keçdi. Elə həmin ildən Azərbaycan Dövlət Televiziyası Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.

30-40 il əvvələ qədər evdə əyləncə dedikdə ağlımıza ancaq televizorlar gəlirdi. O günlərdən sonra isə yaşamımıza əvvəlcə kompüterlər, sonra isə smartfonlar və planşetlər daxil olub. Bu cihazlar televizor qarşısında keçirdiyimiz vaxtı azaltsa da, ev həyatında televizorların yeri həmişə birinci yerdə olub.

Texnologiyanın inkişafı ilə televizorlar yalnız televiziya yayımlarına baxmaq üçün istifadə etdiyimiz cihazlar olmaqdan çıxdı. Bu gün məzmun resursları çox zəngin olsa da, ənənəvi televiziyalar hələ də diqqəti cəlb etməkdə davam edir. Müxtəlif məzmun mənbələrinin artması televiziya kanallarının daha geniş auditoriyaya müraciət edən müxtəlif tipli verilişlər ortaya qoymasına və keyfiyyətini artırmağa çalışmasına səbəb olur. Əks halda, onlar öz tamaşaçılarını itirmək riski daşıyırlar.

SİA mövzu ilə bağlı media ekspertləri və nümayəndələrinin fikirlərini öyrənib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: “Azərbaycan televiziyası bir informasiya orqanı kimi xalqımızın həyatında mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan dilinin, ədəbiyyatının, saflığının qorunmasında, xüsusən də sovet illərində Azərbaycan televiziyasının böyük rolu olub. Televiziyanın həm də ictimai fikrə təsiri böyük olub. İndi də orada peşəkarlar çalışırlar. Mən onların ad gününü təbrik edir və daha böyük uğurlar arzulayıram”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət: “Azərbaycan televizyonçuluğu tarixinin qeyd edilməsi üçün yetərincə səbəblər var. Əgər 1956-cı ildə ilk televiziya efirimiz başlayanda bu qeyri-adi bir şey idisə, özəlliklə də sonrakı uzun müddət ərzində meydanda tək idisə, artıq müstəqillik dövründə Azərbaycan televiziya məkanı öz rəngarəngliyi ilə seçilir. Yəni, Azərbaycan Respublikası ərazisində istər efir, istər peyk, istər onlayn müstəvidə yetərincə çoxsaylı rəngarəng, keyfiyyətli televiziya yayımçıları var.

Azərbaycan hətta özünün ictimai yayımına da sahibdir. Bu baxımdan fikir plüralizminin təmin edilməsi, özəlliklə də cəmiyyəti narahat edən ictimai əhəmiyyətli məsələlərin işıqlandırılması, vətəndaşların, insanlarımızın informasiya alma azadlığının, özünü ifadə azadlığının təmin edilməsi baxımından bizim televiziya məkanımız yetərincə oturuşaraq rəngarəng və güvənlidir. O baxımdan, mən həmkarlarımı təbrik edir, onlara bundan sonrakı işlərində də böyük uğurlar diləyirəm. Nə yaxşı ki, Azərbaycanda, televiziya məkanında belə rəngarənglik və diapozonlu yayım var. Bizim müstəqillik dövründə öyünə biləcəyimiz böyük uğurlardan biri də məhz bu rəngarəngliyin əldə edilməsidir".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist Yadigar Məmmədli: "Bu günləri həm şərqdə, həm də ümumiyyətlə bölgədə Azərbaycan televiziyasının yaranması günüdür. Bu günün özünün çox böyük şərəfli tarixi var. Ona görə ki, uzun müddət dövlət televiziyası kimi tək fəaliyyət göstərib və bütün məlumatları verə bilib.

Bu gün də Azərbaycan televiziyası özünün avanqard və lider rolunu yenə də oynayır. Bütün televiziya işçilərini mən də təbrik edirəm. Onların da hamısının bayramı mübarək olsun!.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Televiziyaların cəmiyyətin həyatındakı rolunu inkar etmək olmaz. Sosial şəbəkələrin inkişafı televiziyaların fəaliyyətini bir qədər arxa plana keçirsə də onları bizim həyatımızdan tamamilə silə bilməyib. Bu gün də Azərbaycan tamaşaçısının maraqlı verlişlərə, proqramlara ehtiyacı var və mənim çevrəmdə olan insanların əksəriyyəti hələ də diqqətli, məsuliyyətli televiziya tamaşaçısı olaraq qalır.

Müşahidələrim əsasında onu deyə bilərəm ki, bu gün də Azərbaycanda televiziyaların, xüsusilə yerli telekanalların kifayət qədər izləyicisi var. Düzdür, televiziyalara münasibət birmənalı deyil. Yerli telekanalların, xüsusilə özəl televiziyaların fəaliyyəti ilə bağlı tez-tez tənqidi fikirlərə rast gəlirik. Bu da təbiidir. İş olan yerdə tənqid də olar. Sağlam tənqid müvəffəqiyyətin rəhnidir. Biz ancaq problemləri göstərməklə, tənqid etməklə öz nöqsanlarımızı düzəldə, televiziyalarımızın fəaliyyətində ciddi dönüş yarada bilərik. Bu baxımdan hesab edirəm ki, tamaşaçıların fikirləri, tənqidləri televiziya əməkdaşlarını, ölkənin televiziya siyasətini həyata keçirən insanları ruhdan salmamalıdır.

Tamaşaçılara tamamilə arxa çevirmək də olmaz. Məncə televiziya əməkdaşları, telekanallar tamaşaçıların rəylərini əsas götürməli, onların zövqünü oxşayan verilişlərin hazırlanmasına çalışmalıdırlar.

Televiziya kifayət qədər məsuliyyətli bir sahədir. Mən də uzun müddət müxtəlif televiziya kanallarında ekspert kimi fəaliyyət göstərmişəm. İnsandan dəqiqlik, ciddi mütaliə qabiliyyəti, məsuliyyət və intellektual səviyyə tələb edir. Bu baxımdan televiziyada işləmək digər sahələrdə işləməkdən daha məsuliyyətlidir. Çiynini bu yükün altına verən həmkarlarımı bu gün münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, onların əməyi, zəhməti həmişə yüksək qiymətləndirilsin, Azərbaycan tamaşaçısının gözü orada-burada yox, öz telekanallarımızda olsun”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə