İşəgötürən işçini hansı halda işdən çıxara bilər? - VƏKİL AÇIQLADI

İşəgötürən işçini hansı halda işdən çıxara bilər? - VƏKİL AÇIQLADI

“Sualınıza cavab olaraq bildirirəm ki, qanunvericilik buna yol vermir. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Əmək müqaviləsi iki formada- müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Hətta müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yəni, əmək qanunvericiliyi işəgötürənə birtərəfli qaydada müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsi ilə əvəz edərək müddətin bitməsi əsası ilə işçini işdən çıxarmağı qadağan edir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, işçi yalnız Əmək Məcəlləsində göstərilmiş hallarda işdən çıxarıla bilər: “Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

a) müəssisə ləğv edildikdə;

b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə