Heyvanları sevmək digər canlıların qayğısına qalmaq, onları qorumaq və həyatda qalmasına kömək etmək deməkdir. Bu hissləri öyrənmək üçün bəzən ailələr ev heyvanlarını evdə saxlamağa üstünlük verirlər.

İnsan sevgi və diqqət verdikcə heyvanların, xüsusən də, itlər kimi sədaqət duyğusu olan canlıların ona necə reaksiya verdiyini gördükcə sevginin mənasını dərk edər. Həmçinin, bu yolla insan daha dözümlü, daha çox verən, daha çox paylaşan, daha çox anlayışlı və daha açıq şəxsiyyət kimi inkişaf edə bilər.
Lakin küçədəki canlıları sevənlər qədər, onlardan qorxanların sayı da az deyil. Bəs, səbəb nədir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.
2017-ci ildə ölkəmizdə ilk olaraq Sumqayıtda sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işlərinə başlanılıb. Sumqayıt şəhər Təmizlik departamentindən bildirilmişdi ki, şəhərin bütün istiqamətlərindən yığılan küçə itləri Sumqayıtdan 15 kilometr uzaqda yerləşən şəhər poliqonuna daşınır. Xüsusilə, 10-cu mikrorayon ərazisində 50-yə yaxın sahibsiz it şəhər zibilxanasının yaxınlığında onlar üçün ayrılan yerə aparılmışdı.

Müşahidələr göstərir ki, sahibsiz itlərlə bağlı vəziyyət heç paytaxtda da fərqli deyil. Belə ki, paytaxtın bir çox yerlərində, hətta parklarda da çoxlu sayda sahibsiz itlərə rast gəlinir.
2019-cu il fevral ayının 15-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin açılışı olub. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

Bununla belə görülən işlərə baxmayaraq, sahibsiz itlərin yaratdığı təhlükə hələ də qalmaqdadır. Müxtəlif mənbələrin məlumatına görə, hazırda paytaxt Bakının ərazisində yüz minlərlə sahibsiz it var və onların sayı getdikcə artmaqdadır.
Azərbaycanda sahibsiz itlərin insanlara etdiyi hücumlar:
2023-cü ildə Qaxda sahibsiz itlər əvvəl ev sahibəsinə, daha sonra isə həyətdəki heyvanlara hücum çəkib. Hadisə rayonun Almalı kənd sakini Bünyadov Asif Nurullah oğlunun həyətində baş verib. Belə ki, həyətə girən iki quduz it əvvəl onun həyat yoldaşına hücum çəkib. Ev sahibəsi çətinliklə də olsa, xilas olub. Daha sonra isə itlər həyətdəki xırda buynuzlu heyvanlara hücum edərək onlardan ikisini parçalayıb. Asif Bünyadov Qarabağ müharibəsi şəhidi Rəvan Bünyadlının atasıdır.

2016-cı ildə Şəkidə biri azyaşlı olmaqla 2 nəfəri it dişləyib. Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 29-u saat 20:40 radələrində rayonun Qayabaşı kənd sakini, 2013-cü il təvəllüdlü Şəbnəm Ziya qızı Cəfərova və Bideyiz kənd sakini, 1994-cü il təvəllüdlü Günel İsə qızı İsayeva it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Şəbnəm Cəfərovanı yaşadığı evin həyətyanı sahəsində öz itləri onun sağ üz hissəsindən və sağ qulağından dişləyib. Günel İsayeva isə kənd ərazisində sahibsiz itin hücumuna məruz qalıb. Hər iki şəxsə lazımi tibbi yardım göstərildikdən və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

2017-ci ildə Göyçay rayonunda 3 nəfər itin hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb. Hadisə rayonun Qaraxıdır kəndində qeydə alınıb. Sahibsiz it kənd sakinləri, 1969-cu il təvəllüdlü Zülfüqarov Rəhim Mürsəl oğlu, 1985-ci il təvəllüdlü Kərimov Elçin Cəbi oğlu və Kərimova Aidə Xəqani qızına hücum edərək əl və ayaqlarından xəsarətlər yetirib. Onlar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, quduzluğa qarşı vaksin vurulub.

2021-ci ildə Salyan şəhərində sahibsiz it ayrı-ayrı vaxtlarda və yerlərdə 9 nəfərə hücum edərək xəsarət yetirib. Məlumata görə, sahibsiz it təkcə “Kontorüstü” məhəlləsindən 3 nəfərə hücum edərək xəsarət yetirib. Xəstəxanaya müraciət edənlər arasında azyaşlı uşaq da olub.
2021-ci ildə Goranboy rayonunda 49 yaşlı qadına küçə iti hücum edib. 1972-ci il təvəllüdlü kənd sakini Muradova Aygün Akif qızı küçədə dolaşan sahibsiz itin hücumuna məruz qalıb. Hər iki əlindən və digər nahiyələrindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.
Bu problemlər bağlı daha bir çox faktlar var.

İstanbul Baytarlar Palatası Başçısı Prof. Dr. Murat Arslan küçələrdəki sahibsiz itlərin quduz olduğu üçün xalqın sağlamlıq probleminə çevrildiyini bildirib. Belə ki, o, küçələrdə sahibsiz itlərin getdikcə artan problemə çevrildiyini və aparılan araşdırmaların əhaliyə nəzarət etmək üçün kifayət etmədiyini bildirib.
Arslan hazırda bələdiyyələr vasitəsilə sahibsiz itlərin sterilizasiyası, etiketlənməsi və küçəyə buraxılması işlərinin aparıldığını deyib: "Ancaq bu təcrübələr ölkənin hər bölgəsində və ya bir şəhərində eyni sürətlə həyata keçirilə bilməz. Məsələn, İstanbulda bəzi rayonlarda müntəzəm və nəzarət altında həyata keçirilə bilsə də, bəzi rayonlarda bunu həyata keçirmək mümkün deyil. Bunun bir çox səbəbi var və bu məsələ get-gedə xalqın sağlamlığı probleminə çevrilib”.
Sahibsiz itlərin zərərsizləşdirilməsi səlahiyyətinin yerli hökumətlərə verildiyini, lakin bununla bağlı kifayət qədər dəstəyin olmadığını bildirən Arslan, bəzi bələdiyyələrin hətta baytarlıq işləri müdirliyinin belə olmadığını, bəzilərinin isə bu işlərə ciddi büdcə ayıra bilməyəcəyini bildirib: “Bu problemin həlli üçün müxtəlif ölkələrdə müxtəlif strategiyalar həyata keçirilib.
Arslan qeyd edib ki, əhalinin idarə olunması ilə bağlı yerli özünüidarəetmə orqanlarına bütün imkanlar təqdim edilsə belə, problemin həlli üçün ən azı 5-10 il planlama aparılmalıdır.
Bitlisdəki quduzluq hadisəsinə də toxunan Arslan it dişləməsi nəticəsində bir uşağın həyatını itirdiyini və bu hadisədə insan sağlamlığının təhlükə altında olduğunu vurğulayıb.
Quduzluğun bütün dünyada çox təhlükəli bir xəstəlik kimi qiymətləndirildiyini və xəstəliyə qarşı xüsusi tədbirlər görüldüyünü qeyd edən Arslan deyib: "Sadəcə, sahibsiz heyvanlardan keçdiyi düşünülsə də, quduzluq vəhşi təbiətdən də keçə bilər. Xüsusilə vəhşi təbiətlə təmasda olan ərazilərdə daha riskli olur. Məsələn, Bitlisdə bu hadisə vəhşi təbiətdən də qaynaqlana bilər. Bu baxımdan, böyük şəhərlərdə risk mümkündür, çünki itlər meşələrə atılmağa başlayıb: “Quduzluq birbaşa dişləmə və ya bədəndən sonra keçə bilər”.
Quduzluq peyvəndlə 100 faiz qarşısı alına bilən xəstəlikdir. Bədəndə quduzluğa yoluxduğu yerin müalicə baxımından əhəmiyyətli olduğunu izah edən Arslan, “Dişləmə bədənin ayaq və ya əl kimi son toxumalarında meydana gəldisə, beynə çatması uzun müddət alır. Bu tip dişləmələrdə erkən diaqnoz və müalicə ilə ölümün qarşısı alına bilər. Dişləmədən bir neçə həftə sonra belə, müalicə şansı ola bilər. Quduzluq ölümcüldür, lakin peyvəndlə 100 faiz qarşısı alınır”.
Bildirək ki, qonşu ölkələr, eləcə də Avropanın heç bir paytaxt şəhərində küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi il bağlı məsələləri operativ şəkildə həll edir. Hətta belə bir hal da mövcuddur ki, bəzi illərdə həddən artıq çoxalmış canavarların öldürülməsi ilə bağlı tədbirlər görülüb. Təbii ki, biz heç bir canlının öldürülməsinin tərəfdarı deyilik. Amma bununla bağlı bir tədbir görülməlidir.

Baytar həkim Adil Əsgərov: “Tamamilə doğrudur ki, paytaxtda və bölgələrdə sahibsiz itlərlə bağlı vəziyyət çox acınacaqlıdır. Məsələyə istər itlər, istərsə də insanlar tərəfdən yanaşdıqda narahatlıq doğuran bir çox problemlər qabarıq formada görünür. Bunların içində əsaslı problemlərlə yanaşı, bir çox əsassız problemlər də yer alır. Bəzi hallarda sahibsiz itlərin insanlara hücum etməsi xəbərini eşidirik bu heç bir halda əhəmiyyətsiz hadisə hesab oluna bilməz lakin itlərin bu davranışlarının da arxasında bir çox səbəblər gizlənə bilər.
Bununla yanaşı, it hücumlarından qat-qat üstünlük təşkil edən insanların itlərə şiddətinin şahidi oluruq. İstər səlahiyyətli dövlət orqanları və əməkdaşlarının, istərsə də sadə vətəndaşların itlərə yönəlmiş tez-tez təkrarlanan amansız rəftarının şahidi oluruq. Sahibsiz itlərlə bağlı Azərbaycan qanun vericiliyi və Avropa konvensiyasında təyin olunmuş qaydalar əsasında aparılan tədbirlər istisna olmaqla, digər istənilən mənfi davranış və şiddət yolverilməzdir. İnsanlarında itlər və həmçinin digər canlılara şiddət və anormal davranışlarının altında bir sıra psixoloji, sosioloji və s. səbəblər gizlənir.
Məsələnin lap kökünə qayıtsaq və nəzərə alsaq ki, itləri vəhşi təbiətdən biz insanlar ayırıb, əhliləşdirib, bir sıra təbiətdə yaşama xüsusiyyətlərini itirmələrinə səbəb olmuşuq, buna görə onların günümüzdəki yaşam keyfiyyətlərinin yaxşılaşdırılması məsuliyyətini də biz insanlar daşımalıyıq.
Bu baxımdan, məsələyə bir başa dövlət dəstəyi və diqqəti yönəldilməlidir. Aidiyyatı qurumlar paytaxtda və bölgələrdə xüsusi plan əsasında bu məsələnin həlli yolunda addımlar atmalıdır. Küçə itlərinin ən humanist yollarla sayı tənzimlənməlidir, təhlükəli infeksion xəstəliklərə qarşı peyvəndləmə proqramı həyata keçirmək lazımdır, itlər üçün sığınacaqlar yaradılmalıdır, məktəblərdə, universitetlərdə, televiziyalarda, sahibsiz itlərlə düzgün davranış qaydaları aşılanmalıdır, maarifləndirici söhbətlər aparılmalıdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra orqanlarının bu problemli məsələnin həlli yolunda birgə fəaliyyəti arzu olunan haldır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB