Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir

Hazırda dünya dövlətlərini ən çox düşündürən və narahat edən məsələlərdən biri, bəlkə də ən vacibi enerji təhlükəsizliyinin təmin olunmasıdır. Belə bir zamanda Azərbaycan Avropanın enerji bazarında öz yerini möhkəmləndirir və təsirli rolunu günü - gündən genişləndirir. Prezidentimiz cənab İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi regionda böyük enerji mərkəzinə çevirmişdir. Bu sahədə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Azərbaycan qazının Avropa bazarına ixrac coğrafiyası daha da genişlənir. Azərbaycanın enerji strategiyasında neftlə yanaşı, qaz yataqlarının da istismara verilməsi mühüm yer tutur. Ölkəmizin qaz ehtiyatı 2,6 trilyon kubmetrə bərabərdir və dövlətimiz bu sahədə də son illər ərzində etibarlı təhcizatçı kimi tanınır. Azərbaycanın zəngin enerji potensialının dünyaya çatdırılmasında mühüm rol oynayan Cənub Qaz Dəhlizi üç boru kəməri ilə inteqrasiya edilmiş 3500 kilometrlik boru kəmərləri sistemidir. Belə ki, Trans - Adriatik (TAP) boru kəməri İtaliyaya qədər uzanır. Trans - Anadolunun (TANAP) ötürmə qabiliyyəti 16 milyard kubmetr, Trans - Adriatikin (TAP) ötürmə qabiliyyəti isə 10 milyard kubmetrdir. Qaza olan ehtiyacları nəzərə alaraq hazırda TANAP-ın ötürmə qabiliyyətini 30 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur.

Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı zamanı cıxışında Prezidentimiz cənab İlham Əliyev enerji sahəsində Azərbaycanın əməkdaşlıq potensialının böyük olduğunu bir daha diqqətə çatdıraraq qeyd etdi ki, enerji məsələsi milli təhlükəsizlik məsələsidir və sözügedən istiqamətdə Azərbaycan geniş əməkdaşlıq imkanlarına malikdir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.

Azərbaycan iqtisadiyyatının yeni bir istiqaməti olan bərpa olunan enerji mənbələri barədə Azərbaycanın planlarından danışan Prezidentimiz qeyd etdi ki, Xəzər dənizi müstəvəsində 157 qvt-lıq enerji potensialı mövcuddur. İşğaldan azad olunmuş ərazilərimizin də külək və günəş enerji potensialları yetərincədir. Eyni zamanda Ruminiyanın da enerji sahəsində əməkdaşlıq üçün kifayət qədər potensiallı tərəfdaş olduğunu da cənab Prezident önə çəkdi. Ölkə Prezidenti Azərbaycanın enerji sahəsində əməkdaşlıq üçün nə dərəcədə geniş planlara və strateji əhəmiyyətə malik olduğunu da iştirakçıların diqqətinə çatdırdı.

Bu gün Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq Avropanın özünün enerji təhlükəsizliyinin təmin olunması üçün böyük strateji əhəmiyyət kəsb edir. Son vaxtlar Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın müzakirə olunduğu təmasların, görüşlərin sıxlaşdırılması da dediklərimizi əyani şəkildə sübut edir. İndi ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün Azərbaycan sanki bir xilaskara çevrilib. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması olduqca vacibdir. Bu vaxta qədər əldə olunan uğurlardan biri də hər şeyin vaxtında edilməsidir. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar olsa da, işlər davam etdirilir. Hasilatı artırmaqla yanaşı, ixrac da artır və həmçinin onun coğrafiyası da genişlənir.

İndiyədək əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır. Çünki Azərbaycan, həm də çox böyük yaşıl enerji potensialına malikdir. Ölkəmizin dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı isə 27 qiqavatdır. Eyni zamanda Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda enerji potensialı 10 qiqavata yaxındır. Bu potensial yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şərtləndirən əsas amildir. Hədəf isə təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmaqdır. Bakı platforması bu istiqamətdə səmərəli nəticə əldə etmək üçün olduqca əlverişlidir. Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan etibarlı bir tərəfdaş kimi güclü siyasi iradə nümayiş etdirir. İnanırıq ki, məhz, bu qətiyyətli iradə nəticəsində enerji sahəsindəki planlarımız və hədəflərimiz tezliklə reallığa çevriləcəkdir.

Gülnaz Mahmudova

YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə