Vaxtı keçmiş məhsulun aqibəti NECƏ OLUR ? - QURUM RƏSMİSİ AÇIQLADI

Vaxtı keçmiş məhsulun aqibəti NECƏ OLUR ? - QURUM RƏSMİSİ AÇIQLADI

"Dövlət orqanları vaxtı keçmiş məhsulun marketlərdə mövcudluğuna dair faktı əldə edərlərsə, həmin marketi minimum 1500 azn cərimə gözləyir. Market sahibləri və istehlakçılar da bu barədə məlumatlı olmalıdırlar. Buna görə də marketlər cərimələnməmək üçün çalışırlar ki, marketlərdə vaxtı keçmiş məhsullar olmasın". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, vaxtı keçmiş məhsullar ilk öncə anbarda toplanılır və distribütörə qaytarılır: "Daha sonra məhsullar istehsalçı şirkətə göndərilir. İstehsalçı şirkət isə əksər hallarda məhsulu yenidən istifadəyə yararlı etmək üçün mümkün olanı edir. Məsələn, etiketini dəyişir və ya başqa üsullara da əl ataraq, yenidən bu məhsulları marketlərə ötürür. Buna görə də biz bəzən vaxtı keçməmiş məhsulların xarab olması ilə rastlaşırıq. Bu cür faktları illər boyu dövlət orqanları daim ardıcıl olaraq ifşa edib. Hətta bu kimi əməllərə görə həbslər də olub.

Üç ay öncə Azad İstehlakçılar Birliyi, AQTA və İstehsalçı müəssisənin öz təşəbbüsü ilə iki ayda 100 tona qədər yararlılıq vaxtı keçmiş məhsulun Sumqayıt poliqonunda məhv olunmasını həyata keçirdik. Bəzi müəssisələr özləri bu təşəbbüsü irəli sürmüşdülər. Lakin cəmi iki şirkət bu işdə iştirak etmişdi. Halbuki bu cür onlarla şirkətlər mövcuddur. Belə hallarla rastlaşdıqda market müdiriyyətindən bu məhsulun satışdan çıxarılmasını tələb etmək lazımdır. Daha sonra isə 1003 qaynar xətti ilə zəng edərək, AQTA-ya məlumat verilməlidir. Bütün hallarda vaxtı keçmiş məhsul ilə qarşılaşan istehlakçı aktiv olmalıdır.

Bir sıra məhsullar da var ki, onların ümumiyyətlə son yararlanma tarixi olmur. Buna misal olaraq, spirtli içkiləri göstərmək olar. Ümumiyyətlə istehlakçılara buraxılma və son yararlanma tarixi olmayan məhsullardan imtina etmələrini tövsiyə edirəm".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə