Azərbaycanda övladlığagötürmə qaydası necədir? - ARAŞDIRMA

Övladlığa uşaq götürən valideynlər çox vaxt onlara bunu necə etiraf edəcəklərini bilmirlər. Amma əlbəttə bir gün bütün uşaqlar kim olduqlarını anlamaq üçün haradan gəldiklərini soruşacaqlar. Unutmayın ki, bu, uşaqlarınızın həyatında ən vacib andır və bu vəziyyətdə səhv etmək çox risklidir. Uşağınıza onun övladlığa götürüldüyünü söyləmək üçün o doğru vaxt çox çətin gəlir. Amma yaxşı olar ki, uşağa vəziyyət mümkün qədər tez izah edilsin.

Övladlığa götürülmüş uşaqlar müsbət hiss etmələri, nə olursa-olsun qəbul olunduqları və sevildikləri üçün yaxınları tərəfindən güvənə ehtiyac duyur.

Bəzi uşaqlar üçün övladlığa götürüldüklərini öyrənmək onlarda çaşqınlıq yaradır. Öz anası və atası haqqında "Kimdirlər?", "Haradadırlar?" və "Niyə məni tərk ediblər?" kimi suallar verə bilərlər. Bu sualların bəzilərinə cavab verməkdə çətinlik çəkə bilərsiniz və bir neçə dəfə övladlığa götürmə haqqında danışmağı dayandıra bilərsiniz.

Övladlığa götürülən uşağa lazımdır:

- Özəl olduqlarını hiss etmək.
- Ona bioloji valideynlərinin onu niyə tərk etdiyini anlamağa kömək edin.
- Onu nə qədər sevdiyinizi xatırladın.
- Uşağınıza bioloji valideynləri haqqında pis hiss edə biləcək zorakılıq və ya laqeydlik kimi zərərli təfərrüatları söyləməyin.

Uşağınız böyüdükcə övladlığa götürmə ilə bağlı daha çox sual verəcək. Bu, onların inkişafının normal bir hissəsidir və valideynlər qəzəblənmədən bu sualları həll etməlidirlər. Həmişə pozitiv və mümkün olduqda suallara cavab verməyə hazır olmaq lazımdır.

Övladlığagötürmə haqqında uşağınıza məlumat vermək üçün məsləhətlər:

- Uşağınıza onu körpə vaxtından övladlığa götürüldüyünü deyin və onun hər hansı ailə üzvü və ya dostlarından məlumat almasına mane olun.

- Uşağınızla nə üçün sizinlə yaşadığı və niyə anadan olan valideynləri ilə qala bilməyəcəyi barədə danışarkən çox pozitiv olun. Uşağınızın keçmişi haqqında hekayəni sadə dildə danışın ki, o bunu başa düşsün.

- Uşağınıza övladlığa götürülmüş uşaqların bioloji valideynləri olan uşaqlardan daha az sevildiyi kimi halların olmadığını izah edin.

- Uşağınıza onu övladlığa götürdüyünüz zaman nə qədər həyəcanlı olduğunuzu və onun sizin və ailəniz üçün nə qədər xüsusi olduğunu söyləyin.

- Övladlığagötürmə haqqında danışarkən uşağınızla çox müsbət davranın ki, o övladlığa götürülməyi şəxsiyyətinin normal bir hissəsi kimi qəbul etsin.

- Övladlığagötürmə ilə bağlı çox sual verəndə, çaşqın olduqda övladınıza qarşı həssas olun.

- Uşağınız övladlığagötürmə haqqında dəfələrlə danışmaq istəyəndə səbirli olun və özünüzə güvənin.

- Övladlığagötürmə mövzusunda uşağınızla danışmaqda çətinlik çəkirsinizsə, bunu çox biruzə verməməyə çalışın. Uşağınız bunu dərhal anlayacaq və övladlığagötürmənin pis bir hadisə olduğunu düşünməyə başlayacaq.

- Uşağınıza həqiqəti söyləyin. Lakin ehtiyatlı olun. Çünki çox kiçik olsa, bəzi məlumatlar ona çox zərər verə bilər. Ona görə də bəzi məlumatları sonraya saxlayın.

- Söhbətə başlamazdan əvvəl uşağınızın verə biləcəyi bəzi suallar və cavabların nə ola biləcəyini düşünün.

- Telefon zəngləri və ya heç bir fasilə olmadan uşağınıza bütün diqqətinizi verə bildiyinizə əmin olun.

- Əgər uşağınız əsəbiləşirsə, bunun normal reaksiya olduğunu unutmayın.

Övladlığa götürülmüş uşaq övladlığa götürülmüş ailəsi ilə eyniləşir. Lakin onun da özünəməxsus şəxsiyyəti var.

Bəs, Azərbaycanda övladlığa uşaq götürmə qaydası necədir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bir çox cütlük bioloji övlad sahibi ola bilmədiyi üçün və ya sadəcə olaraq valideynsiz bir körpəyə ev yaratmaq üçün uşaq övladlığa götürür.

Hər bir insanın əsl valideynlərinin kim olduğunu və böyüdüyü insanların əsl valideyn olub-olmadığını bilmək hüququ var. Valideynlər bunu vacib və lazımlı görməsələr də, uşağa doğrular deyilməlidir.

Bu, uşağa neçə yaşında deyilməlidir?

Uşaq başqasından həqiqəti eşitməmiş və ya hiss etməmişdən əvvəl izah etmək çox vacibdir. Uşaq 3 yaşından etibarən, xüsusilə mütəxəssisin iştirakı ilə lazımi izahatı anlaya bilər. Ancaq qavrayışın artdığı 6-7 yaş daha uyğun ola bilər. Əhəmiyyətli olan izahı uyğun dildə və uşaq həddi-büluğa çatmamışdan əvvəl etməkdir. Bu açıqlama 10-12 yaşından əvvəl edilməlidir. Yeniyetməlik dövründə aşkar edildikdə, uşaq davranış problemləri və evdən qaçmaq kimi həddindən artıq reaksiyalar göstərə bilər.

Uşaq psixologiyası üzrə ixtisaslaşmış psixoloq və ya psixiatrla danışmaq ailənin və uşağın bu prosesini asanlaşdırır, onları təhlükələrdən uzaqlaşdırır. Mümkün problemlərin qarşısını almaq və ya asanlıqla aradan qaldırmaq üçün bütün proses boyunca uşağı izləmək vacibdir.

Uşaq həqiqətləri öyrəndikdən sonra necə reaksiya verə bilər?

Bu halda ən çox görülən reaksiya narahatlıqdır. Bu narahatlığı aradan qaldırmaq üçün valideynlər hər zaman onun yanında olacaqlarını vurğulamalıdırlar.

Əgər uşaq əsl valideynləri ilə maraqlanırsa valideynlər onları heç vaxt görmədiklərini, harada olduqlarını bilmədiklərini söyləyə bilərlər. Mütəxəssis dəstəyi, uşağın prosesdə verəcəyi çətin suallara və ya şərhlərə reaksiyalar baxımından vacibdir. Ən əsası odur ki, uşaq öz evində xoşbəxt olsun, valideynlərinə güvənsin və özünü oraya aid hiss etsin.

Vəkil Turan Abdullazadə: "Ailə Məcəlləsinə əsasən, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.

Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa, onlar istisnadır) övladlığa götürülə bilməz.
Bir qayda olaraq qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

Qanunvericiliyə əsasən, övladlığa götürmə üç mərhələdə həyata keçirilir:
1) övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
2) övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
3) övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:

övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanı elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə onun maddi-məişət şəraitinin müayinəsini aparır.

Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.

Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır.

Övladlığa götürmə barədə ərizəyə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.

Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq olaraq monitorinq aparır.

Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.

Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Uşağın övladlığa verilməsi zamanı bu Məcəllənin 121.1-ci və 121.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, nikahda olan şəxslərə (azı 3 il (yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 (bir) il) müddətində nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarına, habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.

10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır

Övladlığagötürmənin sirri qanunla mühafizə olunur.

Övladlığagötürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir.

Övladlığagötürmə aşağıdakı hallarda ləğv edilir:

1) övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;

2) övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;

3) övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;

4) övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.

Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən, övladlığa götürmənin ləğvinə yol verilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə