Əməkdar jurnalistlər Media Reysterində qeydiyyata alınmır

Media subyekti ilə əlaqəsi olmayan və jurnalist işləməyən Əməkdar jurnalistlər Media Reysterində qeydiyyata alınmır.

SİA-nın məlumatına görə, bunu bu gün Mətbuat Şurasının toplantısında MEDİA Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, əməkdar jurnalistlər, sabiq jurnalistlərin qeydiyyatı mümkün deyil.

"Çünki onlar vaxtında jurnalist işləsələr də, hazırda işləmir. Yəni hazırda media subyekti ilə əməkdaşlıq etməyən şəxs jurnalist kimi Media reysterində qeydiyyata alına bilməz".

Ə. İsmayılov həmçinin bildirib ki, hazırda Mətbuat Şurasında işləyən şəxslər də jurnalist hesab edilmədiyindən onlar da Media reysterində qeydiyyata alınmayacaq və jurnalist hüququndan istifadə edə bilməyəcək.

Qeyd edək ki, Media Reyestri Azərbaycan media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılmış və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA Agentliyi) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır.

Media Reyestri – ölkədə mövcud olan media subyektləri və jurnalistlər haqqında məlumatlılığın təmin edilməsinə, media subyektləri və jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə, onlara müxtəlif güzəştlərin tətbiqi zərurəti yarandıqda həmin imtiyazların tətbiq ediləcəyi subyektlərin dairəsinin aydın müəyyən edilməsinə, habelə media subyektlərinə və jurnalistlərə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılmasına, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradır.

Media Reyestri – istifadə rahatlığı, fasiləsizlik, operativlik və şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərir.

Media Reyestri – media subyektləri və jurnalistlər tərəfindən məlumatların daxil edilməsi, media subyektləri və jurnalistlər ilə MEDİA Agentliyi arasında elektron əlaqənin qurulması, elektron xidmətlərin alınması, Reyestrə inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla) əldə edilməsi və digər xidmətlərin göstərilməsini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə