AQTA qəribə vaxtında oyanıb… - BAXIŞ BUCAĞI

Dünən xəbərdar olduq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bazarlarda ucuz qiymətə-3-ü 10-11 manata olan toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparıb.

Çox sevindik, həddindən artıq. Ona görə sevindik ki, şükür, axır ki, AQTA bu məsələyə reaksiya verib. Lakin o qədər də kədərləndik, ona görə ki, AQTA bu məsələdə qəribə vaxtında ayılıb. Həmin toyuqların dəqiq nə vaxtdan satışda olduğunu dəqiq deyə bilməsəm də, bir ildən artıqdır ki, bazarlarda 3-ü 10 manata olan toyuqların satışını müşahidə etmişəm. Elə bu barədə aylar öncə “3-ü 10 manata” adlı felyeton da yazmışdım. Əksər kütləvi informasiya vasitələri də bu barədə elə hey yazırdı.

Ondan da xəbərdar olduq ki, AQTA kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən ticarət obyektlərində monitorinq aparıb. Maraqlıdır, deyilmi? Görəsən bizdə nə üçün əksər məmurlara vəzifələrinin nədən ibarət olduğunu yalnız kütləvi informasiya vasitələri xatırlatmalıdır? Onlar öz işlərini nə üçün lazımi səviyyədə qura bilmirlər, yaranan problemlərin həllini vaxtında aradan qaldırmağa çalışmırlar? Gərək mətbuat yaza, çəkə, göstərə, həm də dəfələrlə, bundan sonra əlahəzrət qurum rəhbərləri məslənin araşdırılması üçün göstəriş verələr. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kimi.

Artıq xeyli vaxtdır ki, insanlar bazarlardan bu cür toyuqları alıb istifadə edirlər. O vaxt, bu vaxt da mətbuat yazır ki, yazır. Lakin çox təəssüf, məsələ lap yenicə araşdırılıb və AQTA-nın məlumatına görə, monitorinq zamanı Gürcüstandan “Nazal-M” MMC tərəfindən ölkəyə idxal edilən “Poultry Georgiya” MMC-nin istehsalı olan, Belarus Respublikasından “Orion Qlobal” MMC tərəfindən gətirilən “Soliqorsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan və “AFM Construction” MMC tərəfindən idxal edilən “1-ci Minsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan ikinci sort toyuq məhsullarının “kənd toyuğu” adı altında satışının həyata keçirildiyi müəyyən edilib.

Həqiqətən bəzi hallarda özümüzə o qədər yazığım gəlir ki… Xüsusilə AQTA-nın məlumatındakı aşağıdakı cümlələri oxuyandan sonra: Monitorinq çərçivəsində idxal olunan toyuqlardan götürülən məhsulların etiket məlumatlarında “kənd toyuğu” yazılmaqla, istehlakçıların aldadılmasının qarşısının alınması və hüquqlarının müdafiəsi məqsədilə “Orion Qlobal” MMC, “Nazal-N” MMC və “AFM Construction” MMC-də plandankənar yoxlamalar aparılıb.

Belə çıxır ki, bu qurum həqiqətən də fikiləşir ki, “kənd toyuğu” adı altında satılan toyuqlarla çamaatı aldadırmışlar və o, bunun qarşısını alıb? Əsla sanmıram ki, bunu bilməyən tək bir adam ola Bakı şəhərində. Çünki birincisi, 3-ü 10 manata olan toyuğun kənd toyuğu olmasını düşünmək nədir, bu fikri ağıla gətirmək belə böyük qəbahətdir. İkincisi, Bakı şəhərində yaşayan insanların hər birinin rayonlarımızla əlaqəsi var. Onlar əsl kənd toyuğunun da necə olduğunu, hələ kəndlərdə qiymətinin də neçəyə olduğunu yaxşı bilirlər.

3-ü 10 manata olan toyuq nə kənd toyuğu ola bilər, nə broyler. Bu nədir, insanlara satılır, bax, bunun mənşəyini öyrənmək lazım idi ki, artıq bu da gecdir. Çünki minlərlə insan o toyuqlardan aylardır ki, alıb istifadə edib və zərərli tərəfi nədirsə, onlara artıq etdiyini edib. Bunun nə vaxt üzə çıxacağına, onu yeyənlərə nə edəcəyinə isə, təvəkkül Allaha, deyək.

Məlumatın davamında oxuyuruq: Yoxlamalar zamanı toyuq məhsullarının ticarət obyektlərindən geri çağırılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbirləri görülüb. Verilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar agentliyin əməkdaşları tərəfindən ticarət obyektlərində təkrar monitorinqlər keçirilib. Bu çərçivədə ümumilikdə 1218.9 kq “kənd toyuğu” adı ilə dövriyyəyə buraxılan məhsul dərhal satışdan kənarlaşdırılıb, müəssisə rəhbərliyinə həmin məhsulun idxalçı şirkətə geri qaytarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Əlavə olaraq, sözügedən idxalçılar tərəfindən ümumilikdə 29799 kq “kənd toyuğu” sözləri qeyd edilmiş ikinci kateqoriyalı toyuq məhsullarının ticarət obyektlərindən geri qaytarılması və üzərində müvafiq dəyişikliklər edilərək yenidən satışa göndərilməsi təmin olunub.

Hə, gözlərimiz aydın olsun, ta bazarlarda 3-ü 10 manata satılan toyuqların üzərində “kənd toyuğu” etiketini görməyəcəyik. Aldadılmağımızın qarşısı alındı. Vallah, böyük təsəllidir. Bu, məsələnin bir tərəfi. Həmin toyuqlar “kənd” sözündən azad edillib ikinci kateqoriyalı toyuq məhsulu kimi yenidən satışa çıxarılıb. Maraqlıdır, 10-11 manata 2-ci kateqoriya necə, ucuz deyilmi? Toyuğun bir ədədi 3 manat 30-50 qəpiyə düşür. Həm də maraqlıdır ki, aylardır kənd toyuğu da sürətlə bahalaşır, kənd yumurtası da, broyler toyuqlar da, lakin bu 3-ü 10 manata olanların qiyməti dəyişməz olaraq qalır. Görəsən onlara bəs nə yedirib-içirdirlər ki, bu qiymət belə sabit qalır?

Kənd toyuğunu satandan “nə üçün belə bahalaşdırmısan”,- deyə soruşursan, deyir ki, bəs toyuq yemi bahalaşıb, bunun nəqliyyatı var, alınıb gətirilməsi var. Kənd yumurtası da eynilə. Oxşar fikirləri broyler toyuğun bahalaşma səbəblərində də görmək olur. Məncə, bax, bu araşdırılmalıdır ki, 3-ü 10 manata olan toyuqlar nə üçün bahalaşmır? Düşünürəm ki, bu toyuqların kateqoriyasına yenidən baxılmasında fayda var. Əgər bu bir də yenidən, həm də əməlli-başlı dəqiq araşdırılsa, vallah, çox əminəm ki, heç onun kateqoriyasını müəyyən etmək mümkün olmayacaq. Belə isə 3-ü 10 manata satılan toyuqlara hələlik ikinci kateqoriyanı verməyək.

Əziz alıcılar, sizin sağlamlığınızı düşünən biri kimi çox-çox xahiş edirəm ki, belə toyuqlara yaxın durmayasınız. Çünki onlar xəstəlik, dərd-bəla ocaqlarıdır. Onlardan istifadə etməkdənsə, yavan çörək yemək daha faydalı olar. Qədrinizi bilin. Bu cür ucuz, bahalaşmaya bir addım belə atmayan məhsullar özləri haqqında lazımı məlumatı artıq vermişlər. Məlumat verib demişlər ki, biz insanların yaşaması üçün deyilik, onların məhvi üçünük.

Yaxşı olar ki, aid qurumlar belə məsələlərdə çox da gecikməsinlər. Belə məhsulların bazarlarda ikinci dərəcəli məhsul kimi nədir, satışına əsla icazə verilməməlidir.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə