Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir

Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində bilikli, intellektual, vətənpərvər gənclik yetişib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Bərdədə 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin, Bərdə Regional Mədəniyyət İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə şöbəsinin rəisi Elbrus Bağırov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov, Bərdə regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Hacıyev və başqaları çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, gənclərin rayonun ictimai-siyasi həyatında fəal iştirakından, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, 2022-ci ildə gənclər və idman sahəsində əldə edilən uğurlardan danışıblar.

Tədbirdə bir qrup fəal gəncə diplomlar təqdim olunub. Sonra 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər həftəsi” çərçivəsində rayon gəncləri arasında keçirilən “Qədim Bərdə” adlı fotomüsabiqənin və məktəblilər arasında basketbol üzrə keçirilən şəhər birinciliyinin qalibləri kubok və diplomlarla mükafatlandırılıb.

Rəsmi hissədən sonra Bərdə Regional Mədəniyyət İdarəsinin dəstəyi və Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinin bədii özfəaliyyət kollektivinin hazırladığı musiqi proqramı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə