Abşeronda Gənclər Günü fəal gənclərlə birgə qeyd edilib

Abşeron rayonunda Gənclər Günü rayonun fəal gəncləri ilə birgə qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları, YAP Abşeron Rayon Təşkilatı, Abşeron-Xızı Regional Təhsil İdarəsi, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin rəhbərliyi, şəhid ailələri, qazi və gənclər iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu deyiblər.

Natiqlər bu gün ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşadığını qeyd ediblər. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclərin dövlət idarəçiliyinə cəlb olunduğu vurğulanıb. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin təşkili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün münbit şərait yaradıldığı qeyd olunub.

Tədbirdə, həmçinin müstəqillik dövründə doğulub böyüyən, vətənpərvərlik ruhunda tərbiyə olunan gəncliyin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyi deyilib.

Sonra rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr verilib.

Bundan əlavə, rayon gəncləri II Fəxri xiyabanda, Xırdalan şəhər Şəhidlər xiyabanında, o cümlədən rayonun kənd və qəsəbələrində şəhidlərimizi ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə