Azərbaycanda qadınlar sünnət olunur? - ARAŞDIRMA

Dünyada 6 fevral Qadın Sünnətinə Sıfır Tolerantlıq Günüdür. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, bu gün dünyada yaşayan 200 milyon qız və qadın müxtəlif üsullarla sünnət edilir. Bu, hər 20 qadın və qızdan birinə şamil olunur.

Baxmayaraq ki, qadın sünnəti xüsusilə Afrika və Yaxın Şərqin 30 ölkəsində cəmləşmişdir. Amma Asiya və Latın Amerikasının bəzi ölkələrində də tətbiq edilir. BMT bildirir ki, bu təcrübəyə Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan immiqrant əhali arasında da rast gəlinir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

BMT hər il fevralın 6-da bu təcrübəyə son qoymağa çağırır. Keniyanın İsiolo bölgəsindəki Borana qəbiləsindən olan Bişara Şeyx Hamo qadın sünnətinin həm fiziki, həm də ruhi sağlamlığa qalıcı təsir göstərdiyini deyir.

Bişara deyir: "Mən 11 yaşımda sünnət oldum. Nənəm deyirdi ki, hər qız təmiz və saf olmaq üçün bunu etməlidir".

Ancaq heç kim onun həyatı boyu sidik ifrazı problemləri, təkrarlanan infeksiyalar və menstruasiya pozğunluğu kimi təsirlərini, yeri gələndə ancaq keysəriyyə ilə doğum edə biləcəyini söyləməyib. Bu gün o, qadınların genital sünnətlərə məruz qalmasına qarşı mübarizə aparan fəaldır.

Qadın sünnəti nə deməkdir?

Qadın sünnəti olaraq da bilinən bu təcrübə qadınların xarici cinsiyyət orqanlarının qəsdən kəsilməsi və ya çıxarılmasıdır. Bu, adətən klitorisin və ya kiçik dodaqların kəsilməsini nəzərdə tutur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “qeyri-tibbi səbəblərə görə qadınların reproduktiv orqanlarına xəsarət yetirən istənilən proseduru” cinsiyyət orqanlarının sünnəti kateqoriyasına aid edir.

Bu təcrübəyə məruz qalan qadınlardan biri olan misirli blogger və kinorejissor Omnia İbrahim deyir ki, bu, qadınların şəxsi münasibətləri və özləri haqqında düşüncələri üçün çox narahatedici və zərərlidir.

O, "Buza dönürsən və heç nə hiss etmirsən, heç kimi sevə bilməzsən, istək ola bilməz" deyir.

Omnia deyir ki, o, yetkin həyatı boyu qadın sünnəti səbəbindən psixoloji təsirə məruz qalır. Yaşadığı cəmiyyətin “İnsan bədəni seks deməkdir, seks isə günahdır” sözləri ilə böyüdüyünü və “bədənini lənətlənmiş gördüyünü” belə izah edir: "Özümə sual verirdim. Onlar mənə qorxmalı olduğunu söylədiyi üçün seksə nifrət edirdim, yoxsa sadəcə seks istəmirdimmi?"

BBC-yə danışan Keniyalı Bişara dörd qızla birlikdə sünnət olunduğunu deyir: “Gözlərimi və əllərimi bağladıqdan sonra ayaqlarımı bir-birindən ayırıb məlum hissəni kəsdilər. Bir neçə dəqiqədən sonra kəskin ağrı hiss etdim. Qışqırdım, amma məni eşidən yox idi. Ayağa qalxmağa çalışdım, amma kimsə ayaqlarımdan tutdu. Mümkün olan ən pis tibbi müdaxilələrdən biri olduğu üçün bu, ümumiyyətlə, qeyri-gigiyenik idi. Oradakı qızların hamısında eyni kəsici alətdən istifadə etdilər.

Ağrıları kəsmək üçün istifadə etdikləri dərman ənənəvi bitki mənşəli müalicədən ibarət idi”.

Qadın sünnəti bir çox ölkələrdə qadağan edilsə də, Afrika, Asiya və Yaxın Şərqdə bu, adi bir təcrübədir.

Qadınlar niyə sünnət edilir?

Qadın sünnətinin müxtəlif səbəbləri var:

-Cəmiyyət tərəfindən qəbul olunmaq istəyi

- Dini inanclar

- Gigiyena ilə bağlı yanlış məlumatlar

- Bakirəliyin qorunması

- Qadınların evlənməsinə şərait yaratmaq

- Kişilərin cinsi həzzinin artırılması bunlardan bəziləridir.

Bəzi mədəniyyətlərdə bu, yetkinliyə keçid mərasimi və nikahdan əvvəl müalicə kimi qəbul edilir. Sağlamlıq və ya gigiyenik cəhətdən heç bir faydası olmasa da, bu proseduru tətbiq edən cəmiyyətlər qadının cinsi orqanının kəsilməsi lazım olduğuna inanır.

Bu daha çox insanın iradəsi əleyhinə tətbiq edilir. Səhiyyə rəsmiləri bu təcrübəni qadınlara qarşı zorakılıq və insan hüquqlarının pozulması kimi qiymətləndirirlər. Uşaqlara tətbiq edildikdə isə uşaq istismarı olaraq görülür.

Qadın sünnətinin 4 növü var:

1. Klitoridektomiya: Həssas klitoris və ətraf dərinin hamısının və ya bir hissəsinin çıxarılması.

2. Eksizyon: Cinsi orqandakı klitorisin və kiçik cinsiyyət dodaqlarının bir hissəsinin və ya hamısının çıxarılması.

3. İnfibulyasiya: Həm daxili dodağın, həm də vajinanı əhatə edən xarici dodaqların kəsilməsi və strukturunun dəyişdirilməsi. Bu tətbiq kifayət qədər ağrılıdır və infeksiya riski daşıyır. Menstrual qanaxma və sidik ifrazı üçün vajina və uretra arasında yalnız kiçik bir boşluq qalır. Bu diapazon o qədər kiçikdir ki, bəzən cinsi əlaqə və doğuş üçün kəsilməlidir. Bu, doğuş zamanı həm körpə, həm də ana üçün risk yaradır.

4. Klitorisin və ya cinsiyyət nahiyəsinin pirsinq, qaşıma və oyma kimi bütün zərərli əməliyyatlar.

Hansı ölkələrdə tətbiq olunur?

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının işində iştirak edən qadınların çoxu öz icmalarında qadın sünnəti haqqında danışmağın tabu olduğunu deyirlər. Ona görə də bununla bağlı verilən rəqəmlər təxminlərə əsaslanır.

Bəzən qadınlar kənardan tənqid olunmaqdan qorxaraq bu barədə danışmırlar. Bəzən, prosedur qeyri-qanuni olduqda, onların ailələrini və ya sünnəti həyata keçirən icma üzvlərini mühakimə etmək qorxusu səbəbindən susurlar.

Bu təcrübəyə Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan immiqrant əhali arasında da rast gəlinir. UNICEF-in Afrika və Yaxın Şərqin 29 ölkəsini əhatə edən hesabatında qeyd olunur ki, bu ölkələrin 24-də qadın sünnətinə qarşı hüquqi tənzimləmələr olsa da, hələ də geniş şəkildə tətbiq olunur.

Bəs, Azərbaycanda qadın sünnəti varmı?

Əsasən, Afrika və Yaxın Şərqdə yerləşən ölkələrdə müşahidə olunan qadın sünnətinin hazırda Azərbaycanda da həyata keçirilməsi ilə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ölkənin şimal-qərbində, Zaqatala-Balakən rayonlarının bəzi kəndlərində belə bir adətin olması müzakirə edilir. Belə ki, mənbələrə görə Zaqatalanın Danaçı, Car və Balakənin bəzi kəndlərində qadınlar uşaq yaşlarında sünnət olunur. Bu sünnətin normal qadın sünnətində olduğu kimi klitorisin və ya vulvanın kəsilməsi ilə deyil, klitorisi çərtərək azca qan çıxardılması ilə tətbiq edildiyi deyilir.

Əldə olunan nəticələrə görə, xeyli insan sözügedən bölgədə belə bir adətin olmasından xəbərdar olduğunu və həmin ərazidə yaşayan avar milləti tərəfindən davam etdirildiyini bildirir. Hətta bunu təstiqləyən şəxslər də var. Zaqatalanın Danaçı, Yolayrıc, Makov, Car, Matsex kəndlərində qadın sünnəti var, amma Afrikada olduğu kimi deyil. O sünnət işgəncəlidir, amma bir hissə var ki. oradakı sünnət çox adi formada olur. Çox vaxt 2-3 yaşlarında edilir. Uşaq onu heç hiss də etmir.

Bildirək ki, bölgədə qadınlar sünnətlə bağlı məsələni kişilərdən gizlədirlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə