Polisin qanuni tələbinə əməl etməyən sürücü məsuliyyətə cəlb olunub

Paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə yük avtomobillərinin müəyyən olunmuş vaxtlarda Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmasına baxmayaraq, 2023-cü il 17 yanvarda WO 39922 qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük avtomobilinin sürücüsü Bakı-Quba avtomobil yolunun üzərində yerləşən “Daş bazarı” adlı ərazidən qanunsuz olaraq paytaxtda doğru hərəkət etməyə cəhd göstərərkən Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sənədlərə baxış zamanı yük avtomobilini idarə edən vətəndaş E.Nəbiyevin nəqliyyat vasitəsini idarəetməyə dair heç bir sənədinin olmaması aşkarlanıb. Bu zaman sürücü E.Nəbiyev polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə edərək onlara qarşı müqavimət göstərdiyi üçün DYP əməkdaşları tərəfindən ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib. Sürücü törətdiyi əməllərə görə qanunamüvafiq məsuliyyətə cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək tətbiq edilmiş məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmağı və qanunsuz yollarla paytaxta daxil olmağa çalışmamağı tələb edir. Eyni zamanda, bütün yol-hərəkəti iştirakçılarından hadisənin mahiyyətini bilmədən, sırf polisin qanuni fəaliyyətini gözdən salmağa yönəlmiş məlumatları paylaşmaqdan çəkinməyi xahiş edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə