Narkotikadan istifadə ilə satış cəzası arasında hansı fərqlər var? - VƏKİL AÇIQLADI
“Qanunvericilikdə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlakına (istifadəsinə) görə hər hansı məsuliyyət nəzərdə tutulmamışdır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, bununla belə İnzibati Xətalar Məcəlləsində əlaqəli normalar öz əksini tapmışdır: “İnzibati Xətalar Məcəlləsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılırlar”.
Turan Abdullazadə sözlərinə belə davam edib: “Eyni zamanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
İXM-nə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.
Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.
Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB