Arazı... zülm ilə ayırdılar TƏHLİL+ ANALİTİK

“Arazı ayırdılar, lil ilə doyurdular”... Şair siyasi bir mənzərəni necə də ustalıqla ədəbi dilə çevirib. Bəli, Arazı ayırdılar, lil ilə doyurdular. Arazın suyunu elə bulandırdılar ki, illərdir, o su durulmur, yəni o taylı-bu taylı azərbaycanlıların hicranı bitmir, vusalı yetişmir.

Bəli, “Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar”, bu zülmlər tarixdən bizə çox gözəl məlumdur. Kim bir-birindən ayrılardı ki? Hansı qardaş bacısından, hansı ata oğlundan, hansı ana balasından, hansı əmioğlu əmiuşağından ayrılardı ki… Amma zülm ilə ayırdılar. Tarixin torpaq acları, ərazi iddiasında olanları, sahiblənmək iqtidarı ilə yaşayanları, hökmranlıq üçün yarananları zülm ilə ayırdılar bir xalqı. Qədimdən qədim tarixi, mədəniyyəti, adət-ənənələri olan xalqı. Elə ayırdılar ki, bir hissəsi qaldı o tayda-İran zülmündə, bir hissəsi də qaldı bu tayda-rus əsarətində…

Günahkar Araz oldu…

Günahı da atdılar Arazın üstünə. Ta bilmədilər ki, elə hamıdan çox Arazın bağrı yaralıdır. Səhər açılar, axşama dönər. Gecə yuxulayar, mürgü döyər. Lakin Araz illərdir ki, nə yatar, nə də dincələr. Qış olar, suları yara kimi üstdən qaysaq bağlayar, lakin bu qaysağın altından bir həzin laylay çalar Araz. Bahar gələr, o tayın da, bu tayın da dağının-düzünün qarını, buzunu əridib Araza tökər, sel gələr Araza. Deməli, Arazın dərdi artar, o tayın-bu tayın dərdini ağlayar.

Bax, belə-belə Arazı qınadıq, üstünə getdik. “Araz, olmasaydın, aramıza ayrılıq da düşməyəcəkdi”,- dedik. İllərdir ki, Arazı o qədər danladıq-dansadıq ki, o ta heç göz yaşını qurutmur. Həzin-həzin, ahəstə-ahəstə həm öz dərdinə, həm də o tayıının-bu tayının hicranlı insanlarına ağlayır. Araz o tayla bu tayın bir-birindən ayrı düşən torpaqlarına, yurdlarına, insanlarına ağlayır. Araz qardaşı o tayda, bacısı bu tayda qalan soydaşlarımıza ağlayır. Araz baba-nənəsi o tayda, nəvə-nəticəsi bu tayda qalanlara ağlayır. Araz bir-birindən uzaq düşən minlərlə, milyonlarla qohum-əqrəbanın bir-birinə həsrətinə ağlayır…

O taylı-bu taylı müstəqillik mücadiləsi

Böyük, həm də yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycan üçün vaxtilə böyük mübarizələr getdi. Rusiya bir tərəfədən, İran bir tərəfdən canımız, göz bəbəyimiz Azərbaycanı hərəsi öz səmtinə çəkməyə, onu parçalamağa, bu parçalardan pay götürməyə canla-başla, böyük səylə çalışdılar. Kimə nə qədər düşər mübarizəsi getdi. Kimin ən böyük parçaya sahib olacağı iddiası atıldı ortaya. Sahibi, yiyəsi, tarixi soydaşları bir kənarda qalmışdı, kənardakılar bu dövlətin yeni sahiblərinə çevrilmək istəyinə qalxmışdılar.

1918-ci ildə bu tayda gedən azadlıq, demokratik cümhuriyyət uğrunda ölüm-qalım savaşı o tayda da eynilə başlamışdı. Baxmayaraq ki, vaxtilə Gülüstanda və Türmənçayda Azərbaycan bölüşdürülmüşdü, lakin bu xalqın şimallı-cənublu ürəkləri azadlıq eşqi ilə çırpınan insanları ayağa qalxmışdılar. Onlar o tayda, bizsə bu tayda müstəqil dövlət yaratmaq istəyirdik. Yarada bilərdiksə, kim onun bir gün birləşməsini düşünə bilməzdi ki?..

1918-ci ildə Şimalı Azərbaycanda, yəni bu tayda müstəqillik uğrunda gedən mübarizələr hər kəsə bəllidir. Bunun üçün nə qanlar axıdıldı, nə insanlar bu mübarizənin qurbanına çevrildi. Nə insanlar bu mübarizənin şirin dadını dadmamış dünyadan köçdülər.

Həmin dövrdə İranda da azərbaycanlılar müstəqil dövlət qurmaq uğrunda mübarizəyə qalxmışdılar. Cənubda milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter alırdı.

1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlanır. Bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxır. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək şəhəri tərk edirlər. Xalqın misli görünməmiş fəallığı nəticəsində 1920-ci ilin 7 aprel üsyanı qan tökülmədən qalib gəlir. Üsyanın qalib gəldiyi 7 Aprel günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani həmin gündən etibarən Azərbaycanın adının dəyişdirilərək “Azadıstan” (“Azadlıq ölkəsi”) adlandırılacağını bəyan edir.

Milli Hökumət bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və ingilis ağalığına son qoyulması uğrunda mübarizə xəttini davam etdirir, Cənubi Azərbaycana qarşı yeridilən ayrı-seçkilik siyasətinə qarşı çıxış edirdi.

Xiyabanı azadlığın, müstəqil yaşamağın məramını belə izah edirdi: “Mənliyini sevmək təbii və ümumi bir qanundur. Hər bir adam, hər bir canlı bəşər özünü başqasından çox sevər. Buna görə də bir cəmiyyət öz rifah halını yaxşılaşdırmağı başqasından gözləməməlidir. Xüsusilə özünə nisbətən rabitə və yaxınlığı olmayanlardan yardım və xidmət gözləmək yersizdir. Öz şəxsiyyətinə hörmət etmək, ona inanmaq da mənliyini sevməklə bir sırada qoyulmalıdır. Bir xalq, bir cəmiyyət təkəbbürlü və özünə bədgüman olmamalıdır. İnsan öz şəxsi etimadının əsasını laxladan alçaqlığı, acizlik qədər təvazökarlığı qəbul etməməlidir. Bəşəriyyət bütün üzvlərinin birlikdə olan fəaliyyət və yardımına möhtacdır. Elə təsəvvür etməməlidir ki, dünyada yaşayan kiçik bir xalq bəşəriyyətə xeyir verə bilməz və onun varlığına etinasız münasibət bəsləmək olar. Çox təəssüf olsun ki, biz öz qədir və qiymətimizi çox az bilmiş, bəlkə də özümüzdə olan mənlikdən xəbər tutmamışıq. Bu, fərdlərin həyatında təcrübədən keçirilmişdir. Yüksək xüsusiyyətə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətini qiymətləndirən və bunun qorunması üçün çalışan şəxslər həmişə yüksək məqama çatmışlar. Məhz buna görədir ki, bir çox ədib və filosoflar öz şəxsiyyətləri naminə ali dərəcəyə çatmış və padşahları belə öz zəhmət və qüdrətinə qarşı hörmət etməyə məcbur etmişlər. Onlar saraylarda ən parlaq yer tutmuşlar. Xalqlar dəxi bu əzəməti, mənəvi qüvvəni, mənliyi və öz varlığına etimadı üzə çıxarmaqla tərəqqi və inkişafa nail ola bilərlər. Azad və müstəqil olmaq istəyən bir xalq, öz həyatına və ictimai məsələlərə laqeyd qala bilməz. Biz dəxi mütərəqqi xalqlar cərgəsinə çatmaq üçün öz fikir və hissiyyatımızı onların dərəcəsinə qaldırmalıyıq.

Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.

Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

Amma nə fayda… Şimali Azərbaycanda olduğu kimi, Cənubda da bu müstəqilliyin davam etdirilməsinə dözməyənlər onu əlimizdən aldılar. Həm də o tayda da, bu tayda da müstəqilliyə əngəl törədənlər arasında saysız ermənilər olduğu sübut olundu. Deməli, elə o vaxtlardan ermənilər həm fars, həm də rus rejimi tərəfindən hər hansı bir fitnə-fəsadın həyata keçirilməsi üçün əllərdə saxlanılırdı. Bunun da hər zaman şahidi olmuşuq.

Beləliklə 1990-ci ildə həm şimalda, həm də cənubda azdlıq hərəkatı boğuldu. Xalqın böyük iradəsinə, əzminə, qısa zaman fasiləsində əldə etdiklərinə baxmayaraq müstəqilliyi əlindən alındı. O taya İran, bu taya isə Rusiya sahibləndi. Yenə də vurğulamaq istəyirdik ki, bəlkə də o mübarizələrin sonunda bir birləşmə ola bilərdi. Lakin imkan vermədilər. Birləşmək arzumuz yenə ürəyimizdə qaldı. Günahı da atdıq Arazın üstünə. Nədir günahı görəsən Arazın?

30 milyon o tayda, 10 milyon bu tayda

Bəli, Azərbaycanın şimalı 70 il sovet imperiyasının buxovlarında inləməli oldu. 70 il başımızın ağasına çevrilənlər əsl arzularına çatdılar. Bu ölkənin bütün sərvətlərini mənimsədilər. Bu ölkənin hesabına İkinci Cahan Müharibəsinin qalibi oldular. Bu ölkənin sərvətləri hesabına bütün şəhər və kəndlərini abadlaşdırdılar. Azərbaycanın zəhmətkeş insanlarının 70 ildə əməyi mənimsənildi. Bütün əldə olunanlar Rusiyaya axdı. Rus dili ölkəmizdə hömranlıq etdi. Məkrtəblərimizə, evlərimizə ayaq açdı. O qədər ayaq açdı ki, bir də baxdıq ki, rus dilində daha çox danışırıq. Rus mədəniyyəti, rus ədəbiyyatı öyrədildi bizə. Böyük imperiyanın 15 müstəmləkəsindən biri olduq.

Əvəzində isə inkişafdan qalmış bir ölkənin sakinlərinə çevrildik. O zamana qədər ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldi və Rusiya ilə fərqli bir şəkildə danışmaqla ölkəmizin bütün sahələrdə inkişafına nail oldu.

Lakin həmin 70 il ürəyimizdən müstəqil olmaq arzusunu bir an belə olsa, silə bilmədi. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanda rəhbərliyi dövründə xalqın bu rəhbərlikdən aldığı əzmlə azadlıq duyğuları yenidən alovlandı. Qarşıdakı illərdə xalqın bu duyğularla ayağa qalxması, müstəqilliyinin bərpası uğrunda mübarizə aparması da həmin illərin bəhrəsi idi.

Biz müstəqil olduq, bəli. Ayağa qalxdıq, qan tökdük, şəhid verdik, qazi qazandıq, torpaq itirdik, faciələr, deportasiya və soyqırımlar yaşadıq, lakin müstəqilliyimizi bərpa edə bildik.

İranda da molla rejimi insanların qəniminə çevrildi. Azadlıq sözünü ağzından çıxaran kəs dar ağacının növbəti qurbanı oldu. Molla rejimi insanları əsarətdə saxlamaq üçün elə qanunlar tətbiq etdi ki, həmin qanunları azacıq pozanlar özlərini həbsxanalarda gördülər.

Qadınlara zorla bürünmək, yalnız gözlərinin görünməsi tapşırıldı. Azacıq saçı görünən, çadrası qaydasında olmayan minlərlə qadın rejimin qurbanı oldu.

Cənubda yaşayan azərbaycanlılarla farslar arasında daim ayrı-seçkilik hökm sürdü. Bu, indi də davam etməkdədir. İranda Azərbaycan dilində məktəblərin, mədəniyyət mərkəzlərinin, ədəbiyyatların olmaması, bütün sahələrdə azərbaycanlıların hüquqlarının tapdalanması, az əməkhaqqı ilə ağır işlərə cəlb olunması, bütün bunlar dediklərimizi sübut edən məqamlardır.

Böyük ümidlə deyə bilərik ki, cənubda yaşayan azərbaycanlılar bir gün yenə öz müstəqilliklərinə qovuşacaq, azad olacaqlar. Bütün hüquqlarının, istəklərinin sahibi olacaq, öz dillərində təhsil alıb, təhsilli azərbaycanlı övladları böyüdəcəklər. O gün uzaqda deyil!

Molla rejimi və 8 noyabr Zəfəri

Molla rejiminin bilavasitə silahlandırdığı, arxasında durduğu ermənilərin də farslar kimi gözləri həmişə Azərbaycan torpaqlarında olub. 1990-cı illərdə torpaqlarımızın 20 faizdən artıq hissənin qonşuluqdan kənar olmuş ermənilər tərəfindən işğalı onların havadarlarının hesabına oldu. Yoxsa Ermənistan təklikdə hansı gücə sahibdir ki?..

Azərbaycan 30 illik mübarizədən sonar 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarını qarış-qarış erməni qəsbindən azad etdi. Bunu üçün Birinci Vətən Müharibəsində olduğu kimi, minlərlə şəhid verdi, qazi qazandı. Lakin Zəfər bayrağını Qarabağda dalğalandıra bildi.

Təəssüf ki, bu Zəfəri qonşu İranda bərqərar olan molla rejimi hələ də həzm edə bilməməkdədir. Müharibədən sonar erməniləri dəstəkləmələri, qızışdırmaları, onları yenə də silah və ərzaqla təmin etmələri dediklərimizə sübutdur. Elə başıboş ermənilərin 10 noyabr Bəyannaməsində üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsinə də əngəl törədən molla rejimidir.

Sual olunur, molla rejimi nə üçün Azərbaycanın qələbəsini qəbul edə, Zəngəzur dəhlizinin açılmasına razı ola bilmir? Düşünürəm ki, bunun izahı hər kəs üçün açıq şəkildə məlumdur. Özlərini müsəlman kimi təqdim edən, lakin Azərbaycan torpaqlarında məscidlərə müsəlman aləminə zidd heyvanları bağlayan qonşusu ilə İran bu gün belə isti münasibətdədirsə, deməli, onu narahat edən dinindən də önəmli məsələdir.

Lakin çox təəssüf ki, regionda belə qarşıdurma yaradan, ara qızışdıran, region dövlətlərinin sakitlik, rifah şəraitində yaşamasına əngəl törədənlər var. Belə götürəndə bu rejim öz ölkəsinin vətəndaşına münasibətdə hansı mövqedədir ki, onda başqa ölkələrin vətəndaşlarına ürəkyanarlığı da axtaraq. Ötən ilin sentyabr ayında gənc bir qızı çadrasından saçının az bir hissəsinin görünməsinə görə edam etmədilərmi? Artıq aylardır ki, insanlar bu rejimin ədalətsizliyinə qarşı etiraz mitinqləri keçirir. Artıq həmin mitinqlər milli azadlıq hərəkatına çevrilib. Çox güman ki, molla rejiminin ömrünə az bir vaxt qalıb.

Təəssüfedici başqa bir hal ondan ibarətdir ki, bu günlərdə Tehranda Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın edildi. Səfirlik əməkdaşlarının birinin şəhid olması, digər iki nəfərin isə yaralanması bu ölkədə təhlükəsizlik anlayışının olmadığını gündəmə gətirdi. Bu ağır cinayət hadisəsində süddən ağ qaşıq kimi çıxmaq istəyən molla rejiminin isə min bir bəhanəsi əsla qəbiledilməzdir. Çünki bu, əvvəlcədən planlaşdırılmış cinayət idi. Bağışlanmaz cinayət.

Ötən həftənin şənbə günündə İranın azərbaycanlılar yaşayan ərazisində, əsasən Xoy şəhərində zəlzələnin baş verməsi, insan itkisinin və dağıntıların olmasına baxmayaraq molla rejiminin həmin insanlara heç bir yardım göstərməməsi də artıq aydın məsələdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, rejim azsərbaycanlılara qarşı münasibətdə heç də müsbət tərəfdə deyil.

Lakin biz azərbaycanlıların belə bir atalar misalı var: sən saydığını say, gör, fələk nə sayır. Yəqin ki, aydındır.

Bəli, Arazı belə ayırdılar, lil ilə doyurdular. Biz bir-birimizdən ayrılmazdıq, beləcə zülm ilə ayırdılar. Bu, bir tarixdir. Kimlərin saxtalaşdırmasından, gizlətməsindən, hansı şəkildə təqdim etməsindən asılı olmayaraq, tarixdir, yaşanan tarix…

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə