Şəhid Elvin Şükürlünün xatirəsi anılıb

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsi anılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, anım mərasimində nazirliyin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçılarına Elvin Şükürlünün ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub, musiqili ədəbi-bədii kompozisiya təqdim edilib.

Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, bu Zəfərin əldə olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə