Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı Şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2022-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ulu Öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad edib.

Kollegiya iclasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.

İclasda giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, Azərbaycan xalqının və dövlətinin taleyində müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müzəffər sərkərdə, yeni dövrün yeni lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət, sosialyönümlü iqtisadiyyat və yüksək rifah cəmiyyəti konsepsiyasının inamla reallaşdırılması Şərqlə Qərbin qovşağı olan Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrilməsini təmin edib.

Xüsusi vurğulanıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə sürətli və hərtərəfli yüksəliş dövrünə start verən Azərbaycan dövləti və cəmiyyəti tarixinin ən qüdrətli çağlarını yaşamaqla postpandemiya və postmünaqişə dövründə inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub, həyata keçirilən düşünülmüş sistemli islahatlar iqtisadi və siyasi sabitliyin əsaslarını daha da möhkəmləndirib.

Ölkəmizin inkişaf strategiyasının həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli, ardıcıl və məqsədyönlü fəaliyyətinin qarşıya qoyulan bir çox hədəflərə nail olunmaqla strateji nailiyyətlərin qazanılmasını təmin edən mühüm faktorlardan olduğu diqqətə çatdırılıb.

Baş prokuror Vətən müharibəsindən dərhal sonra Zəfər təntənəsini yaşayan müzəffər xalqın lideri İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin məntiqi nəticəsi olaraq “Böyük Qayıdış”ın ilk mərhələsinin uğurla icra edildiyini, əzəli torpaqlarımıza həyatın qayıtdığını vurğulayıb.

Bildirilib ki, yola saldığımız “Şuşa İli”ndə Qarabağın mirvarisi, mədəniyyət paytaxtımızın tarixi əzəmətinin bərpası da diqqət mərkəzində saxlanılıb, Zəfər yürüşünün qalibiyyət zirvəsi olan Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayı, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı, “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı və digər beynəlxalq tədbirlər, zəruri infrastruktur obyektlərinin inşası, genişmiqyaslı layihələrin təməlinin qoyulması şəhərin siyasi-mədəni ruhunun geri qaytarılmasında müstəsna önəm daşıyır.

Eyni zamanda, işğaldan azad edilmiş digər ərazilərdə də dövlətimizin başçısı və birinci xanımın birgə iştirakı ilə yeni infrastruktur obyektlərinin, xüsusilə Zəngilan Beynəlxalq Hava Limanının açılışının, sənaye parklarının, sosial-iqtisadi obyektlərin təməllərinin atılmasının, xəstəxanalar, məktəblər, yaşayış binalarının inşasının əzəli torpaqlarımızın dirçəldilməsinin təminatı olmaqla, ölkəmizin gələcək onilliklər üçün dinamik tərəqqisini şərtləndirən strateji inkişaf konsepsiyasına müstəsna töhfə olduğu qeyd edilib.

Xüsusi vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə iştirakçılarına Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qayğı və həssaslıqla yanaşılır, onların hərtərəfli təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.

Baş prokuror dövlətimizin başçısı tərəfindən müstəqil dövlətimizin milli mənafelərinə uyğun məharətlə həyata keçirilən balanslaşdırılmış praqmatik xarici siyasət kursunun qlobal siyasətdə respublikamızın etibarlı tərəfdaş statusunun növbəti dəfə təsdiqlənməsi ilə nəticələndiyini bildirib. Qeyd edib ki, ötən ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, həmçinin dekabrda “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, Avroatlantik məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya nümayiş etdirən ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən il qardaş türk dövlətləri arasında müttəfiqliyin daha da inkişaf etdirilməsi, ortaq mənəvi irsin qorunması, regional sülh və sabitliyin güclənməsində mühüm önəmə malik Türk Dövlətləri Təşkilatının növbəti Zirvə toplantısı keçirilməklə türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə irəliləməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib.

Region reallıqlarını yaradan ölkəmizin, xalqımızın xoşbəxt, firavan gələcəyinə istiqamətlənmiş böyük miqyaslı və uzaq məqsədli hədəflərin ötən il ərzində uğurla gerçəkliyə çevrildiyini bildirən Baş prokuror 2023-cü il - “Heydər Əliyev İli”ndə Ümummilli Liderin əsasını qoyduğu inkişaf yolu ilə zirvələrə doğru irəliləyən Azərbaycanın ölkə başçısının rəhbərliyi ilə möhtəşəm uğurlar qazanacağına əminliyini ifadə edib.

Kollegiya iclasında qeyd olunub ki, prokurorluq orqanları Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub. Hesabat dövründə də bir qrup əməkdaşa ali xüsusi rütbələrin verilməsi dövlətimizin başçısının prokurorluğa göstərdiyi ali dəyəri və etimadı bir daha nümayiş etdirib.

Baş prokuror hesabat məruzəsində 2022-ci ildə də Azərbaycan Prokurorluğunun daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında fəal iştirak etdiyini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər gördüyünü bildirib.

Xüsusi qeyd edilib ki, bu müddətdə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 17 qəsdən adamöldürmə cinayəti daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılıb. Onlardan 14-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

Ümumilikdə, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan əvvəlki hesabat ilinin müsbət göstəricilərinin 2022-ci ildə də davam etdiyi, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 36 min 494 cinayətin 88,2 faizinin açılması təmin olunub. Bu cinayətlərin 95,2 faizini prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etdiyi bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə cəmi 19 min 591 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 15 min 772 cinayət işi ittiham aktları ilə məhkəmələrə göndərilib. Bunlardan 914-ü prokurorluq orqanlarında istintaq edilib.

Prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında aparılmış araşdırmalar üzrə ümumilikdə 454 milyon 781 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib. İstintaq tədbirləri ilə onun 41,4 faizinin, yəni, 188 milyon 293 min manat hissəsinin ödənilməsinə nail olunub. Prokurorluq orqanlarında ibtidai istintaqı aparılmış cinayət işləri və araşdırılmış materiallar üzrə isə vurulmuş maddi ziyanın məbləği 100 milyon 609 min manat olun. Onun 71,1 faizi - 71 milyon 566 min manat hissəsi ödətdirilib.

Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad edilmiş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 755 min manat pul vəsaiti ödənilib. Həmin məbləğin 20 milyon 213 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.

Qeyd edilib ki, hesabat dövründə ibtidai araşdırma mərhələsində qanunların düzgün icra edilməsinə tam və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə prokurorluq orqanları tərəfindən daxili işlər orqanları üzrə 34 min 932, vergi orqanları üzrə 1369, ədliyyə orqanları üzrə 907, sərhəd xidməti üzrə 424, gömrük orqanları üzrə 342, dövlət təhlükəsizliyi orqanları üzrə 137, fövqəladə hallar orqanları üzrə 65 cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirilib.

Kollegiya iclasında qalibiyyət şərəfini daşıyan respublikamızın gələcək dövr üçün müəyyən edilən əsas strateji hədəflərinə çatmaqda korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlərin sosial-iqtisadi inkişafın başlıca amillərindən biri olması nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə yeni inkişaf mərhələsinin doğurduğu zərurətdən irəli gələn növbəti konseptual sənədin - “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsinin dövlətimizin başçısının bu sahədə siyasi iradəsinin və qətiyyətli mövqeyinin növbəti əyani təsdiqi olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, ölkəmizdə uğurla yürüdülən islahat konsepsiyalarının davamlılığı ilə xarakterizə olunmaqla yeni inkişaf mərhələsi ilə uzlaşan, çağdaş dövrün spesifik tələblərinin nəzərə alındığı Milli Fəaliyyət Planının icrası bütün dövlət qurumları ilə yanaşı, prokurorluq orqanları üçün də qarşıda duran əsas vəzifələrdən hesab edilməklə Baş Prokurorluq üzrə Tədbirlər Planı təsdiqlənərək icraya yönəldilib.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 339 şəxs barəsində 240 cinayət işinin ibtidai istintaqı tamamlanaraq 285 şəxs barəsində 209 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

İbtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 74 milyon 763 min manat məbləğində maddi ziyandan 52 milyon 243 min manatın ödənilməsi təmin olunub. Həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən, cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 19 milyon 461 min manat məbləğində pul vəsaiti ödənilib.

Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 245 təqdimat verilib.

Həmin təqdimatlar üzrə 10 şəxs çalışdığı qurumdan xaric edilib, 20 şəxs tutduğu vəzifədən azad olunub və ya müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılıb. Eləcə də 93 nəfərə töhmət və ya şiddətli töhmət verilib, 21 şəxsə xəbərdarlıq olunub, 110 halda isə əmək kollektivinin iştirakı ilə müzakirə olunmaqla barələrində zəruri tədbirlər görülüb.

Bildirilib ki, 2022-ci ildə korrupsiya hüquqpozmaları barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə Baş İdarəyə daxil olmuş müraciətlərin 128-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlər görülüb.

Bu müddətdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində korrupsiya cinayəti törədən 45 şəxs cinayət başında yaxalanıb. Habelə axtarışda olan 12 nəfər tutulub, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 196 cinayət işi başlanıb.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsində 118 cinayət işinin ibtidai istintaqı aparılmaqla 82 şəxs barəsində 51 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı başa çatdırılmış işlər üzrə dövlətə və ayrı-ayrı hüquqi və fiziki şəxslərə vurulmuş 14 milyon 333 min manat məbləğində ziyandan 12 milyon 209 min manatı ödənilib.

Kollegiya iclasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair başlanılaraq istintaqı aparılmış cinayət işləri, həmçinin sonrakı müddətdə baş vermiş təxribatlarla bağlı cinayət işlərinin ibtidai istintaqının davam etdirildiyi qeyd olunub.

Xüsusi vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə növbətçilik əsasında fəaliyyət göstərən rayon prokurorluqları üçün müəyyənləşdirilmiş inzibati binalarda cari təmir işlərinin aparılması təşkil edilməklə binalar müasir qurğu, avadanlıq, informasiya-kommunikasiya xətləri, mebel və kompüter avadanlığı ilə təchiz olunub, dağlıq relyef şəraitində xidmət nəzərə alınaraq müvafiq əraziyə uyğun nəqliyyat vasitələri ilə təmin edilib.

Hesabat dövründə Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə görülmüş işlər nəticəsində hərbi intizamın möhkəmləndirildiyi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alındığı, ordu quruculuğunun yeni mərhələsində zəruri tədbirlərin həyata keçirildiyi bildirilib.

Məlumat verilib ki, dövlət ittihamının müdafiəsi sahəsində prokurorluq orqanları tərəfindən ötən il idarə prokurorlarının iştirakı ilə birinci instansiya məhkəmələrində 17 min 68 şəxs barəsində 15 min 157, apelyasiya instansiyası məhkəmələrində 5135 şəxs barəsində 4443, kassasiya instansiyası məhkəməsində 2193 şəxs barəsində 1912 (bütün instansiya məhkəmələri üzrə cəmi 24 min 396 şəxs barəsində 21 min 512 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Bu müddətdə 939 apelyasiya və 787 kassasiya protestləri verilib, məhkəmələrdə baxılmış 1097 apelyasiya protestindən 563-ü, 642 kassasiya protestindən isə 157-si təmin olunub.

2022-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar qanun pozuntularından çəkindirmək məqsədilə 87 şəxsə xəbərdarlıq edilib, 92 şəxs barəsində təqdimat verilərək, inzibati xəta haqqında iş üzrə 1457 icraatın, həmçinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatlar üzrə 220 cinayət işinin başlanaraq, uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 5 mülki iddia qaldırıldığı qeyd edilib.

Bildirilib ki, xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, aktivlərin bərpası, idarə edilməsi və maliyyə istintaqına dair uğurlu beynəlxalq təcrübənin yaxından öyrənilməsi məqsədilə 2022-ci il fevralın 1-dən Baş Prokurorluğun benefisiarı olduğu “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin icrasına başlanılmaqla xarici ekspertlərin ölkəmizə çoxsaylı səfərləri, iclaslar və dəyirmi masa müzakirələri həyata keçirilib.

Hesabat dövründə xarici ölkələrin prokurorluq orqanları, ixtisaslaşmış beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində çoxsaylı tədbirlər görülüb, bir sıra ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin Azərbaycana, eləcə də Baş Prokurorluğun nümayəndə heyətlərinin xarici ölkələrə işgüzar səfərləri baş tutulub.

Bu dövrdə Səudiyyə Ərəbistanının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib, Qətərin Baş prokuroru İssa bin Səad Əl-Nuaimi və Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdikləri nümayəndə heyətləri ölkəmizə səfər edib. Qətər ilə Azərbaycan arasında hüquqi əməkdaşlığın gücləndirilməsi məqsədilə bu ölkənin Baş Prokurorluğu ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 18 şəxs tutularaq ölkəmizə ekstradisiya edilib.

Bu sahədə gənc kadrların təcrübə qazanmaları məqsədilə ötən il Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə 1 prokurorluq işçisi ezam olunub. Həmçinin 3 nəfər hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə qiyabi təhsil alır, 2 nəfər isə həmin təhsil ocağının yay kurslarında iştirak edib.

Bildirilib ki, prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə ADA Universiteti və Naxçıvan Dövlət Universiteti arasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və müəllimlərin prokurorluqda təcrübə keçməsi, birgə elmi konfransların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edən memorandumlar imzalanıb.

Hesabat dövründə prokurorluq orqanlarında normayaratma və hüquq tətbiqetmə fəaliyyətinin həyata keçirilməsi üzrə səmərəli işlər görülüb, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə 10 sorğunun hazırlanaraq göndərilməsi, habelə Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 8 yazılı rəyin verilməsi təmin edilməklə yazılı prosedur qaydasında baxılmasında iştirak edilib.

Kollegiya iclasında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, prokurorluq orqanlarının hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində sayca 23-cü müsabiqənin nəticəsinə görə 83 namizədin, həmçinin ötən il işə qəbul olunmaq arzusunda olan şəxslər üçün keçirilmiş 24-cü müsabiqədə müvəffəqiyyət qazanmış 57 namizədin cari ildə müvafiq vəzifələrə təyin olunduğu qeyd olunub. Ümumilikdə 2002-ci ildən başlayaraq prokurorluq orqanlarında keçirilmiş 24 müsabiqə nəticəsində uğur qazanmış gənc hüquqşünasların hazırda prokurorluq işçilərinin 88,3 faizini təşkil etdiyi bildirilib.

Qeyd edilib ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2022-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

Bildirilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 33 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad olunub, 22 nəfərə töhmət və ya şiddətli töhmət, 1 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

Hesabat dövründə prokurorluq orqanlarına daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə müraciətlərin 8874-nün tam və qismən təmin olunması, həmçinin Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlərdən 565-nin cinayət xarakterli məlumat kimi araşdırılması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ötən il Baş prokuror tərəfindən respublikanın 21 rayonunda ümumilikdə 62 bölgədən 1106 vətəndaş qəbul edilib. müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilib, həmçinin təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrə və sosial məsələlərə dair müraciətlərin müvafiq mərkəzi, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi təmin edilib.

Xüsusi qeyd olunub ki, “Elektron prokurorluq” informasiya sisteminin yaradılması istiqamətində işlər intensivliklə davam etdirilməklə artıq 3 modul üzrə fəaliyyətə başlayan sistemin qısa müddətdə tam şəkildə həyata keçirilməsi prokurorluq orqanlarının funksional vəzifələrinin müasir dövrün elmi-texniki nailiyyətləri tətbiq edilməklə yerinə yetirilməsinə, görülən işləri tam elektronlaşdırılmaqla informasiya ehtiyatlarının analitik təhlilini aparmağa imkan verəcək.

Kollegiya iclasında fəaliyyətdə səmərəliliyin artırılması, artım tendensiyası müşahidə edilən cinayətlərin qarşısının alınması, bağlı qalan bütün cinayətlər üzrə təqsirli şəxslərin müəyyən olunması, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və prosessual rəhbərliyin keyfiyyətinin artırılması və digər istiqamətlərdə konkret tapşırıqlar verilib.

Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Bakı şəhər prokuroru Elşən Abbasov, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev və Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev hesabat dövründə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair çıxışlar edib, həmçinin iclasın digər iştirakçıları tərəfindən müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının kollektivi adından əminliklə bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi “Heydər Əliyev İli”ndə öz qüvvələrini səfərbərliyə almaqla dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün öz xidmətlərini göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə