Mənalı ömür yaşayaraq, yüksək əxlaqi keyfiyyətləri ilə həyatda yerini tutan, başqaları üçün nümunə olmaqla ətrafında yüksək fikirlər formalaşdıran, qələmi və fəaliyyəti ilə zamanın axarında sözünü cəsarətlə deyərək ömrün 50-ci baharını yaşayan tanınmış jurnalist Rövşən Rəsulov bu gün sözün həqiqi mənasında özünə yaşadığı illərin hesabatını vermək məqamına çatıb. Nə etmişəm? Nələrə nail olmuşam? Çətin sual olsa da, insan qeyri-ixtiyari olaraq bu suallar vasitəsilə özü ilə səmimi bir dialoq qurur. Arzu və yaradıcılıq qüvvəsi tükənməyən jurnalist həmkarımız uzun illərdir ki, "Səs" qəzetinin fədakar jurnalisti kimi üzərinə düşən öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirərək, öndə olanlardan biri kimi fərqlənib. Mənalı ömrünü qəzet jurnalistikasına həsr edən R.Rəsulovun müasir dövrümüzdə çox az qalmış peşəkar jurnalistlər sırasında adı hallanır. Axı o, peşəkar jurnalistlər, ziyalılar mühitində boy atmışdır. Əmisi qocaman jurnalist Firudin Rəsulovun milli mətbuatımızdakı nəfəsi, dəsti-xətti çoxlarına örnək olduğu kimi, R.Rəsulovdan da yan ötməmişdir. Onunla uzun illərdir ki, "Səs" qəzetdə birgə addımlayırıq. Hər zaman məsuliyyətli, diqqətli olan bir insan olaraq, kollektivin dərin hörmətini qazanmışdır. Yaşından asılı olmayaraq, hər kəsin çətin və xoş günündə yanında olur, sevinc və kədərini bölüşür. Hətta yaradılıcıq görüşlərini belə bölüşməyi əsirgəmir. İllərin təcrübəsini paylaşır ki, yetişməkdə olan gənc jurnalistlərin peşəkarlığında rolu və payı olsun. Buna da nail olur. Onun səmimiyyəti, etibarı, dostcanlılığı, qəlbinin dərinliklərindən süzülüb gələn işığı, eynəyinin arxasından həmişə sezilən həyat eşqi, ən sıxıntılı vaxtlarda belə həyatla mübarizədə sarsılmaz qətiyyəti onu ətrafındakı insanların nəzərində ucaldan ən ali cəhətlərdəndir.
Ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə laqeyd qalmayaraq, vətənpərvərlik mövqeyini nümayiş etdirən R.Rəsulovu hər zaman belə prinsipial olub. Təkcə qəzetdə deyil, eyni zamanda, televiziya kanallarında da bir ekspert kimi cəmiyyətə öz mövqeyini sərgiləyir.
Ulu Öndər Heydər Əliyev ideologiyasının təbliğində fəal mövqe tutan R.Rəsulovun heç nədən çəkinmədən cəsarəti ilə qələmə aldığı məqalələrində qətiyyətli mövqeyi özünü büruzə verir. Dövlətə, dövlətçiliyə bağlılıq onun cəmiyyətdə nüfuzunu artırıb. Ən çətin anlarda mübariz qələmi, döyüşkən ruhu özünü göstərib.
Bu illər ərizində dövlətimizə, dövlətçiliyə sədaqəti dövlətimiz tərəfindən layiqincə dəyərləndirilmişdir. Bir jurnalist olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə inşa olunan jurnalistlərin binasında evlə təmin edilmişdir.
Əlbəttə ki, yola saldığı onilliklər yarım əsri haqladıqdan sonra həyat fəlsəfəsinin rəngarəngliyi bu zaman məsafədə özünü göstərməkdədir. Zamanın ixtiyarına buraxdığı ömrə nəzarət edən ağıl və idrakı yaşanılan illərin mahiyyətini açıb göstərir, naxış salınan izlərin əlvanlığında kimliyi təsdiqlənir və bu aləmdə varlıq olaraq mövcudluğunu dərk edir. Həyat yoluna salınan körpülər üzərindəki hərəkəti, izi Rövşənin varlığını tamamlayır. Ömrünü yalnız amalı və məqsədi yoluna həsr edib, daim tələsib ki, istək və arzunu həyata keçirsin. Kənardan görünən odur ki, o, xoşbəxtdir. Çünki o, ömrünü həsr etdiyi peşəsini və ailəsini sevir. Ailəsi və övladlarının firavanlığı üçün yorulmadan çalışır.
Bəli, o elə insanlardandır ki, cəmiyyət üçün gərəkli bir simaya çevrilir. Vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı ilə. Bu gün 50 illik yubileyini qeyd edən R.Rəsulov genişürəkli, mübariz, axtarışlarla zəngin olan bir ömrün yaradıcısıdır. Əslində, bu və digər keyfiyyətləri özündə birləşdirən R.Rəsulov elə varlığının yaradıcısıdır. Daxilindəki bacarıq və qabiliyyətini üzə çıxarıb, ağılın diktəsi və məntiqlə hərəkət etmək cəmiyyətdə öz yaradıcısına çevrilmək deməkdir.
50 il - 50 bahar, 50 xəzan, 50 qış yaşamış bir ömrün zaman məsafəsindən boylanan illəridir bu onilliklər. Bu illəri arxada qoyub, ömrün müdrikliyinə qədəm qoyan həmkarımızın haqq-hesab verməyə yaradıcılıq yolunda dəyərli məqamlar var. Bu, onun yaradıcılıq bioqrafiyasıdır.
Rövşən beləcə, yarım əsrlik bir yol gəlib. 26 yanvar tarixində onun doğum günüdür və əməkdaşımızın 50 illik yubileyi "Səs" Media Qrupu tərəfindən qeyd olundu və Media Qrupunun rəhbəri Bəhruz Quliyev, eləcə də kollektivimiz ona səmimi təbriklərini ünvanladılar. Qarşıdakı yarım əsrdə ona sağlamlıq, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayırıq. Yüz yaşa, Rövşən!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB