Bəzi qadınların boşanmağa meyilli olması NƏDƏN QAYNAQLANIR? - MƏRKƏZ SƏDRİ TƏNQİD ETDİ

Bəzi qadınların boşanmağa meyilli olması NƏDƏN QAYNAQLANIR? - MƏRKƏZ SƏDRİ TƏNQİD ETDİ

Deyirlər ki, əvvəlki qadınlar boşanmağa bu qədər meyilli deyildi. Belə ki, onlar daha dözümlü və ailəqoruyan olurdular. İndikilər isə ən adi problemdə ailəni dağıtmağı düşünür. Bəs, səbəb nədir? Keçmişdən bu günə bu barədə nələr dəyişib? SİA mövzu ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikirlərini öyrənib.

Onun sözlərinə görə, SSRİ qapalı ölkə idi: “İnsanların müasir dünyaya çıxışı yox idi. Hamı onun üçün müəyyən olunmuş çərçivədə yaşayırdı. Bu çərçivəni aşmaq hamıya qismət olmurdu. Bununla paralel olaraq, televiziyalar, radiolar, qəzetlər mənəvi dəyərləri təbliğ edir, ailə institutunun dağılmaması üçün təbliğat aparırdı. Üstəlik, dövlət inzibati resurslarla boşanmaların qarşısını almağa çalışırdı. Həyat yoldaşından ayrılan kişilərə "məişət pozğunu" damğası vurub karyera nərdivanında daha yuxarılara qalxmasına imkan verilmirdi. Kimi karyerası üçün, kimi də ictimai qınaqdan çəkindiyi üçün boşanmazdan vaz keçirdi. O vaxt da boşanmalar olurdu, amma vəziyyət indiki kimi acınacaqlı deyildi”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Bilirsiniz, o vaxt qadınlar arasında təhsil alan, öz ayaqları üstdə dayananlar az idi. Üstəlik, ailələrin əksəriyyəti çoxuşaqlı idi. Qadın fikirləşirdi ki, beş-altı uşaqla kimin qapısına getsin, necə dolansın? Bu kimi amillər qadınları daha dözümlü olmağa vadar edirdi.

Mən boşanmalara görə təkcə qadınların günahlandırılması ilə razı deyiləm. Ailə kiçik dövlətdir. Onun taleyi kişini də qadın qədər narahat etməlidir. Hətta o fikirdəyəm ki, cəmiyyətdə boşanmaların sayının artmasında qadınlardan çox kişilərin "payı" var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə