Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
Ölkəmizin hər yerində, hər bölgəmizdə şəhidlərin əziz xatirəsu uca tutulur, gələcək nəsillərə əsl örnək vətənpərvərlik nümunəsi kimi təbliğ olunur. Şabran rayonu Elman Mütəllimov adına Ağalıq tam orta məktəbinin 11-ci sinif şagirdləri də gözəl bir təşəbbüsə imza atıblar. Ağalıq kəndinin məktəbliləri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin “Qonağımız müəllimdir” layihəsi çərçivəsində Azərbaycanın azadlığı uğrunda zəfər müharibəsində şəhid olan Vüsal Mahmudovun ailəsini ziyarət ediblər, qəhrəmanın parlaq döyüş yolu ilə tanış olublar.
Vüsal Mahmudov 10 mart 2002-ci ildə Şabran rayonunun Ağalıq kəndində dünyaya göz açıb. 2019-cu ildə Elman Mütəllimov adına Ağalıq tam orta məktəbini bitirən V.Mahmudov, 2020-ci ilin oktyabrın 2-də Murdovdağ uğurnda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyinə və göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən V.Mahmudov “Vətən Uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Məktəbin direktoru Aysel Quliyeva bildirib ki, igid qəhrəmanın ailəsi ilə görüşən məktəblilər, vətəni sevmək, onun uğrunda canından belə keçməyə hazır olmanın nə qədər şərəfli, məsuliyyətli olduğunu daha dərindən dərk edirlər: “Gələcək nəslin vətənpərvər, xalqına və ölkəsinə sonsuz məhəbbət ruhunda yetişməsi üçün gerçək qəhrəmanların həyatını öyrənməsi, onların keçdikləri şərəfli döyüş yolu ilə tanış olmaları çox çox önəmlidir. Bu gün məktəbimizin şagirdləri şəhid eloğlumuz, məktəbimizin məzunu olan Vüsal Mahmudovun gələcək nəsillərə örnək olan qəhrəmanlıq dolu ömür yolunu yaxından öyrəndilər. Şəhidin ailəsi ilə keçirilən bu görüş onların vətənə olan sevgisində, həyata baxışında və vətənpərvərlik ruhunda silinməz izlər buraxdı.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB