"20 Yanvar faciəsi xalqımızın qəlbində ucalmış nəhəng bir vətənpərvərlik abidəsidir" - SORĞU
Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Bəs, Azərbaycan gəncləri 20 Yanvar həqiqətlərini dünyaya necə çatdırıb? SİA mövzu ilə bağlı gənclər təşkilatları sədrləri arasında sorğu edərək onların fikirlərini öyrənib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov: "1990-cı ilin 20 Yanvar hadisəsi müasir Azərbaycan tarixi üçün çox böyük və vacib bir tarixdir. 33 il öncə törədilən həmin qətliam Sovet hərbi birləşmələri, Sovet rəhbərliyi tərəfindən Azərbaycan xalqının müstəqilliklə bağlı olan iradə və arzusunun məhv edilməsinə, sındırılmasına hesablanmışdır. Lakin bu qətliam öz məqsədinə çata bilmədi. Azərbaycan xalqı öz müstəqilliyi ilə bağlı olan qəti arzusu və məqsədini bütün dünyaya nümayiş etdirdi.
Təbiidir ki, bu hadisələr baş verərkən Azərbaycan informasiya blokadasında idi. Belə bir çətin məqamda Azərbaycanda baş verən hadisələrin, bu qətliamın dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün ən böyük və ən cəsarətli addım ümummilli lider Heydər Əliyev tərəfindən atıldı. Elə Moskva şəhərində birbaşa olaraq Azərbaycanın daimi nümayəndəliyinə gedən Ulu Öndər 20 Yanvar hadisələri ilə bağlı bütün dünyanı məlumatlandırdı, cəsarətli çıxışı ilə elə hadisələrin əmri gələn mərkəzdən Moskva şəhərindən bütün dünyaya Azərbaycan xalqına qarşı törədilən bu qətliamla bağlı geniş bir məlumat verdi. Təbii ki, bu özü-özlüyündə 20 Yanvar hadisələrinə istər həmin hadisələr baş verən vaxtı, eyni zamanda da daha sonra Ulu Öndər Azərbaycana qayıtdıqdan sonra verdiyi qərarla bu günü əbədiləşdirməsi, Azərbaycanın tarixi üçün olduqca vacib rol oynadı.
33 il keçməsinə baxmayaraq biz bu gün də 20 Yanvar hadisələrini böyük bir hüzn və qürurla xatırlayırıq. Çünki bu eyni zamanda Azərbaycan xalqının iradəsinin, müstəqillik arzusunun necə böyük olduğunu və bu qətliama baxmayaraq necə möhkəm dayandığını nümayiş etdirirdi. Təbiidir ki, bundan sonra baş verən hadisələr də Azərbaycanda həyata keçirilən birbaşa olaraq istər ümumilli lider Heydər Əliyev tərəfindən, istərsə də Prezident cənab İlham Əliyev tərəfindən siyasət də bu günün əbədiləşməsində, yaddaşlarımızda qalmasında, bütün dünya ictimaiyyətinə çatdırılmasında vacib rol oynadı. Təbiidir ki, bu istiqamətdə Azərbaycan gəncliyinin üzərinə də hər zaman böyük vəzifə düşüb və bu gün də, sabah da Azərbaycan gəncliyi 20 Yanvar faciəsinin bütün dünyaya çatdırılmasında bunun başvermə səbəblərində və Azərbaycanın 20 Yanvar günü verdiyi şəhidlərlə bağlı bütün məlumatları dünya ictimaiyyətinə daim çatdırmaqda vacib rol oynayırlar. Bu, informasiya mübarizəsinin bir parçasıdır.
Cənab Prezidentin ötən il fevral ayının 2-də Azərbaycan Gənclər Gününə həsr olunmuş forumda nitqində də qeyd etdiyi kimi, informasiya müharibəsi davam edir və Azərbaycan gəncliyi bu informasiya müharibəsinin aparıcı bir parçası olaraq unutmamalı və daim xatırlamalıdır ki, Azərbaycanla bağlı vacib hadisələrin, bizə qarşı törədilmiş haqsızlıqların, ikili standartların dünya ictimaiyyətinə çatdırılması birbaşa olaraq Azərbaycan gəncliyinin ən ümdə vəzifələrindən biridir. Bu yolda Azərbaycan gəncliyi durmadan çalışmalıdır. Bu yolla qazanılan hər bir uğur ondan sonra qazanılacaq daha böyük bir uğurla davam etdirilməlidir. Mən əminəm ki, Azərbaycan gəncliyi üzərinə düşən bu vəzifəni tam olaraq anlayır və bu istiqamətdə lazım olan addımlar bundan sonra da atılacaqdır".
NAYORA-nın sədri Azər Əliyev: "Yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar hadisəsi tariximizdə qəhrəmanlıq və faicəni özündə əks etdirən nadir səhifə, Azərbaycanın taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Bu hadisədən ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, həmçinin dünya azərbaycanlıları yeni siyasi tariximizdə milli faciəmizin dünya ictimaiyyətinə çatdırılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları ölkələrdə təşkilatlanmağa başladılar. Nəticədə 20 Yanvar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzinə çevrildi.
Azərbaycan xalqı daima tarix boyu bir çox sınaqlardan qalibiyyətlə çıxmağı bacarıb, parlaq qələbələrimiz və acı nəticələr verən qarşıdurmalarımız olub. Lakin xalqımız heç zaman nə sarsılıb, nə də ruhdan düşüb. Öz gücünə inanıb, qüdrətinə, vətənpərvər övladlarına arxalanıb. Buna ən bariz nümunə 44 günlük Vətən Müharibəsidir, onun nəticəsidir ki, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında torpaqlarımızı işğaldan azad edən xalqımız artıq daha böyük ruh yüksəkliyi və məğrurluq hissi ilə Şəhidlərimizin əziz xatirəsini uca tuturlar. Biz heç vaxt qəhrəmanlarımızı, igid Vətən övladlarının fədakarlıqlarını unutmamalıyıq.
Mən əminliklə deyə bilərəm ki, bu gün 20 Yanvar hadisəsi bu miqyasda tanınırsa Ulu Öndər Heydər Əliyev sayəsindədir. Çünki hadisəyə ilk siyasi reaksiya və ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Cənab Prezidentin fərmanı ilə 20 Yanvar Faciəsindən əziyyət çəkənlər üçün “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi də bariz nümunədir.
Biz də öz növbəmizdə gənclər, gənclər təşkilatları olaraq üzərimizə düşən öhdəlikləri dərk edir, Şəhidlərimizin əziz xatirəsini daima uca tutur və bu istiqamətdə hər zaman fəaliyyətlər həyata keçiririk. Bu il 20 Yanvar faciəsinə həsr olunmuş bir neçə tədbirimiz planlaşdırılıb. İlk olaraq “20 Yanvar Cəmiyyəti"nin üzvləri, həmçinin faciənin şahidləri ilə görüş keçirdik. Gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə baş tutan görüşdə 20 Yanvar şahidləri öz şahidi olduqları hadisələri bölüşüb və iştirakçıların ünvanladıqları sualları cavablandırdılar. Daha sonra hər zaman olduğu kimi, “Şəhidlər Xiyabanı”na gənclər təşkilatlarının rəhbər və nümayəndənin iştirakı ilə ziyarət təşkil olunaraq onların əbədi ruhları yad olunacaq. Həmçinin sosial media hesablarında 20 Yanvar həqiqətlərinin ictimaiyyətə çatdırılması üçün onlayn kampaniya başladılacaq.
Sona doğru yaxınlaşarkən fikirlərimi Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” ifadəsi ilə yekunlaşdırmaq istəyirəm. Gənclər millətin gələcəyinin, inkişafının təməl daşıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycan gənci öz üzərlərinə düşən missiyanın öhdəsindən gəlir, dövlət müstəqilliyimizin qorunması üçün hər daim hazır olduğunu sübut edir.
Sonda Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, ruhları şad olsun!".

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: "Bu gün 20 Yanvar faciəsindən 33 il ötür. Biz Qanlı Yanvar günü 147 şəhid verdik, yaralılarımızın sayı isə 700 - dən çox idi. Həmin vaxt Sovet Ordusunun sərt müdaxiləsi mərkəzi hakimiyyət tərəfindən sıxışdırılmaya etiraz edən azərbaycanlıları cəzalandırmaqla yanaşı, həm də artan millətçi hərəkatları və müstəqilliyə cəhd edə biləcək istənilən Sovet Respublikası üçün dərs idi. Lakin bu taktika digər sovet respublikalarında olduğu kimi, Azərbaycanda millətçilik hərəkatını və müstəqillik tələbini söndürmədi, əksinə alovlandırdı. Vətənimizin şərəf və qürurunu qoruyan, şücaət və qəhrəmanlıq abidəsi olan həmvətənlərimizin qanın axıdılması Azərbaycan xalqının müstəqillik arzusu daha da alovlandı. “20 Yanvar gününü xatırlayarkən hər birimiz eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi”.- deyirdi Ümummilli Lider Heydər Əliyev. Elə hadisənin sabahı günü Sovet hakimiyyətinin yaratdığı informasiya blokadasını da ilk qıran məhz o oldu. Ümummilli Lider Heydər Əliyev SSRİ xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında olmasına, özü və ailə üzvlərinin həyatına ciddi təhlükələrə baxmayaraq, 1990-cı ilin yanvar ayının 21-də Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyinin binasında sovet və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi.
İndiki gənclər 20 Yanvar faciəsinin canlı şahidi olmayıblar, lakin dövlət gənclər siyasətinin ardıcıl icra edilən proqramları, kütləvi informasiya vasitələrinin maarifləndirilməsi, valideynlərin övladlarına nəql etməsi sayəsində onlar qan yaddaşımızın əsil mənasını dərk edirlər. Bu gün müstəqilliyimizin bir hədiyyə olmadığını, onun daim qorunub-saxlanılmasının vacibliyini gənclərimiz çox yaxşı bilir. Elə bunun nəticəsi idi ki, gənclərimiz 44 günlük müharibədə əsası gənclərdən təşkil olunan ordumuzun hər bir üzvü şəhidlərimizdən ilham alaraq şəhadətə yüyürdülər- qorxmadan, çəkinmədən. 30 il sonra 2020-ci ildə Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız bu möhtəşəm qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu.
Şübhə yoxdur ki, 20 Yanvar xalqımızın müstəqillik sevdasını alovlandıraraq bu yolda daha da inamla addımlamaq üçün bizə rəvac verdi. Bu gün biz gənclər vətənini, millətini, sevən, azadlığına düşkün həmvətənlərimizə, şəhidlərimizə heyranlığımızı gizlədə bilmirik. Mübarizə etdiyiniz üçün, həsrətində olduğumuz azadlıq və yaşatdığınız qürur üçün sizə təşəkkür edirəm. Azərbaycan, xalqımız və gəncliyimiz var olduqca sizi hər zaman xatırlayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin".

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova: "20 Yanvar tarixi milli iradə, birlik və vətənpərvərlik simvoludur.
Vətənpərvərlik, milli iradə və bilik simvoluna çevrilmiş 20 Yanvar tarixi xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin şərəfli bir tarixidir. Bu il 33-cü ildönümü olan Ümumxalq Hüzn Günündə yenə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edərək, qəhrəman Şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir. 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edərkən Ümummilli lideri Heydər Əliyevin bu fikirlərini xatırlayırıq: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı göstərilən amansız şiddət və kütləvi qırğın xalqımızın iradəsini qıra bilmədi. Bu hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını yox etmək idi. Amma qəhrəman Azərbaycan xalqı həmin günlərdə öz müstəqilliyi uğrunda qəhrəmancasına mübarizə apardı, milli qürurumuzu qorudu və tarix yazdı.
33 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, beynəlxalq hüquqa, humanizmə, insanlığa qarşı həyata keçirilmiş bir terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 638 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuşdur. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Bu hadisələr həmçinin beynəlxalq humanitar hüququn ciddi və kobud şəkildə pozuntusunu təşkil etməklə, birbaşa 1949-cu il Cenevrə konvensiyasiyalarına ziddir.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar hadisəsi hər zaman xalqımızın yaddaşında qalacaqdır. Bu gün müstəqil Azərbaycan xalqı öz Lideri ətrafında “Dəmir yumruq” kimi birləşərək həm diplomatik, həm hərbi sahədə qazandığı zəfərlərlə dünyaya səs salır, etibarlı tərəfdaş kimi çıxış edir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilmiş, Qarabağa “Böyük Qayıdış”a başlanmış və xalqımız onun dirçəlişi üçün birlik olmuşdur. Biz Azərbaycan gəncləri də həm ön, həm arxa cəbhədə milli dəyərlərimizə sadiq və yeni çağırışlara hazırlıqlı şəkildə fəaliyyətimizi davam etdirərək ölkəmizi ən uğurlu şəkildə təmsil etmək və adını daima yüksəklərdə tutmaq üçün əlimizdən gələni edirik, edəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, biz Onlarla qürur duyuruq!".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB