Taksi və taksi sürücüsü adını KİMLƏR LƏKƏLƏYİR? - EKSPERT TƏNQİD ETDİ
Xəbər verdiyimiz kimi gecə saatlarında paytaxtda taksi sifariş edən xanıma qarşı sürücüdən əxlaqsız hərəkət olub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, orta yaşlı sürücü "Uber" taksi xidmətində fəaliyyət göstərir. O, gənc xanıma öz dili ilə desək, "yaxınlıq etməyi" təklif edir.
Ümumiyyətlə, şirkətlər sürücü seçərkən niyə diqqətli olmurlar? Sürücüləri işə qəbul edərkən hansı detallara önəm verilməlidir? SİA mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, Azərbaycanda taksi xidməti liberaldır: “Bazar iqtisadiyyatı, tələb-təklif əsasında və kənar müdaxilələr olmadan formalaşır. Bu da yaxşı haldır.
Bu gün bu liberal taksi fəaliyyətindən sui-istifadə edən bəzi insanlar var. Taksi və taksi sürücüsü adını bu insanlar ləkələyir. Bunun da əsas səbəblərindən biri də ondan ibarətdir ki, bu sahədə kifayət qədər nəzarət həyata keçirilmir, bir qədər özbaşınalıqlar baş verir. Halbuki taksi fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin reqlamenti və tələbləri var. Həm sürücülərə, həm də taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinə aid olan bu reqlamentlərin sadə şərtlərinə belə əməl olunmur. Şərtlər bunlardan ibarətdir ki, taksi sürücüsünün yaşı 21-dən az və sürücülük təcrübəsi 2 ildən az olmamalıdır. Həmçinin, taksi fəaliyyətində istifadə olunan avtomobil saz vəziyyətdə olmalıdır, onun üzərində sarı rəngli taksi fənəri olmalıdır. Bu sadə tələbləri belə taksi operatoru şirkətləri həyata keçirmirlər. Əməkdaşlıq etmək üçün vətəndaşla müqavilə və şərt imzalayanda da bu kriteriyalara çox təəssüf ki, taksi şirkətləri diqqət yetirmirlər”.
Eldəniz Cəfərov sözlərinə belə davam edib: “Bununla yanaşı, vətəndaşlar da bir qədər taksi xidmətindən istifadə edərkən biraz məlumatsız davranırlar. Belə hərəkətlər olduqda dəqiq bilmirlər ki, hara müraciət etsinlər. Əgər taksi sərnişininin hüququ bir istehlakçı kimi, yəni xidmətdən istifadə edən bir şəxs kimi pozulubsa, məsələn, keyfiyyətsiz taksi xidməti göstərilibsə, daha çox pul tələb edilibsə bu zaman həmin sərnişin bir istehlakçı olaraq istehlak bazarına nəzarət və agentliyə müraciət edə bilər. Əgər hadisə Bakıda baş veribsə, Bakı Nəqliyyat Agentliyinə də müraciət etməli, şikayətini bildirməlidir. Hadisə Bakıda olmayıbsa, digər şəhərlərdə baş veribsə bu zaman Yerüstü Nəqliyyat Agentliyinə şikayətini bildirə bilər. Əgər sərnişinin hüququ bir vətəndaş kimi pozulubsa, yəni taksi sürücüsü onu təhqir edibsə, nalayiq hərəkətlər edibsə, ifadələr işlədibsə bu zaman da o sərnişinin hüququ bir vətəndaş kimi qorunur. Vətəndaş dərhal 102 Qaynar Xəttinə bu haqda məlumat verməli, daha sonra isə qeydiyyatda olduğu polis idarəsinə gedib orada yazılı qaydada ərizə ilə müraciət etməli, şikayətini bildirməlidir. Yəni bu addımları atmadan, təhqirə məruz qalmış, və yaxud da ki aldadılmış taksi sərnişinləri bunları etmədən həmin nalayiq hərəkətlər etmiş taksi sürücüsünə qarşı hər hansı bir hüquqi iş mümkün deyil. Bunun üçün mütləq qaydada yazılı şikayət ərizəsi olmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB