Dəfn üçün müavinət hansı halda verilir ? - QURUM RƏSMİSİ AÇIQLADI
“Qanunvericiliyə görə dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə verilir. Yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum əmək pensiyasının 240 manatın 3 misli, yəni 720 manat, ömürlük müavinət alan dövlət qulluqçuları, yaşa görə, əlilliyə görə sosial müavinət alan şəxslər, ailə başçısını itirməyə görə, habelə 1 iyul 2022-ci il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və hazırda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi müavinət alan uşaqlar, sığortaolunan və işsizlikdən sığorta ödənişini alan şəxslər 2023-cü ilin yanvarın 1-dən sonra vəfat etdikdə isə 500 manat məbləğində birdəfəlik müavinət ödənilir”. Bu sözləri SİA-ya açıqlamasında DSMF-nin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili bildirib.
Onun sözlərinə görə, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir: “Dəfn üçün müavinəti əldə etməklə bağlı vəfat edən şəxsin dəfn xərclərini öz üzərinə götürən şəxs aşağıdakı sənədlərlə birlikdə vəfat edən şəxsin qeydiyyatda olduğu ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun regional filiallarına və ya qəbul şöbələrinə, yaxud ərazi üzrə xidmət göstərən DOST Mərkəzinə müraciət edilməlidir. Dəfn üçün müavinəti əldə etməklə bağlı ölüm haqqında arayışın əsli, ölüm haqqında şəhadətnamənin sürəti, vəfat edən şəxs əmək pensiyaçısı olduqda yerli bələdiyyə orqanından, vəfat edən şəxs sosial müavinət alan şəxs olduqda isə dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı, vəfat edən şəxsin dəfn xərclərini öz üzərinə götürən şəxsin şəxsiyyət vəsiqəsinin sürəti təqdim olunmalıdır. Qeyd edək ki, işləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB