4-cü sosial islahat paketi və 5 illik strategiya nə vəd edir?

4-cü sosial islahat paketi və 5 illik strategiya nə vəd edir?

Prezident İlham Əliyevin yeni Fərman və sərəncamları ilə son 5 ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur.

Yeni Fərman və Sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artıb, müavinət və təqaüdlərdə də növbəti artımlar edilib. 2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata çatdırılıb. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb.

Prezidentin aylıq təqaüdü müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manata çatdırılmaqla bərabər, digər tərəfdən bütün kateqoriyalara aid əlilliyi olan şəxslər üçün müavinət də orqanizmin funksiyalarının 81-100 faiz, 61-80 faiz və 31-60 faiz pozulmasına görə müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan sosial sahədəki prioritetlər və sosial sahələr üzrə yeni inkişaf modeli bu sahədə böyük dəyişikliyə səbəb olacaq. 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcək. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaq.

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə strateji çərçivəyə əsasən əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaq. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq.

Özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaq. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaq. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6%-dən artaraq 80%-ə çatdırılacaq.

Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50% (2021-ci il üzrə: 46,9% olub) təşkil edəcək. Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaqdır. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaqdır. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcək.

Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80%-də saxlanılacaq. Şəhərlə kənd arasında yaşayış standartlarındakı fərqlər azaldılacaq.

Göründüyü kimi, bu beşillikdə sosial inkişaf sahəsində inqilabi dəyişikliklərin baş verəcəyi gözlənilir. Azərbaycan bir sosial dövlət kimi, bu sahədə dünyanın qabaqcıl ölkələrindən bidir. Təsadüfi deyil ki, bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən ölkəmiz dünyada sosial ədalətlilik cəhətdən ən yaxşı ölkə kimi elan olunub. Bu bir daha göstərir ki, Azərbaycan artan iqtisadi gücündən əhalinin sosial müdafiəsinin təmin edilməsi üçün çox böyük miqyasda istifadə edir. Yaxın illərdə iqtisadi imkanların daha da artracağı şübhəsizdir, bu da dolayı yolla əhalinin sosial rifahının getdikcə daha yüksək səviyyədə olacağını deməyə əsas verir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə