Savaşımın 60 anı ÖMÜR KİTABI

İnsan ömrünün baharı, yayı, qışı onun yaşadığı illərə naxış salır və bu yolun sazağı, boranı, istisi neçə-neçə illərin, qərinələrin bir dastanı olaraq həyat hekayəmizi yazır. 60 ilin payızında, ömrün payız çağında Tanrının yaratdığı Varlıq dönüb geri baxanda 60 yazını, qışını, yayını necə yola saldığını düşünür və özünə hesabat verir. Bu hesabat məsuliyyətli və gərgin anlarla ötmüş ömrün yazılmış kitabıdır. Tanınmış ictimai-xadim Fərəc Quliyevin qələmə aldığı "Savaşımın 60 anı" kitabı da onun yaşadığı illərin bir palitrasını göz önündə yaradır. Onun bioqrafiyası zəngindir və yaşadığı illər ömür yolunda bir mayakdır. Kitabın annotasiyasında qeyd olunduğu kimi, onun fəaliyyəti cild-cild kitaba sığmaz. Bütün məsələlərə vətən sevgisi və vətəndaşlıq məsuliyyəti ilə yanaşan F.Quliyevin kitabda yer almış hər bir yazısında onun fəaliyyəti, gördüyü illər müdacilə dolu fəaliyyəti ilə diqqəti cəlb edir. 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Üstüpü kəndində anadan olan F.Quliyev Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib və əlavə hüquq təhsili almışdır. 1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olmuşdur. F.Quliyev bu haqda belə yazır: "Azərbaycan 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında Gülüstan, Türkmənçay müqavilələri ilə bölündükdən sonra zaman-zaman baş vermiş tarixi ədalətsizliyə etiraz edilmişdir. Amma Azərbaycanın çağdaş tarixində baş vermiş "Sərhəd hərəkatı" bütün dövrlər üçün yaddaqalan, əhəmiyyətli hadisə mahiyyətini daşıyır. Azərbaycanın bölünməsindən sonra bu ədalətsizliyə ən qüdrətli etiraz olan 1989-cu il dekabrın 31-də başa çatmış hərəkat, zaman keçdikcə əzəmətini və əhəmiyyətini ortaya qoyur". Müxtəlif vəzifələrdə çalışan F. Quliyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü seçilmişdir. Avropa Parlamenti "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Azərbaycan-Belçika, Azərbaycan-Ukrayna, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Moldova, Azərbaycan-Latviya, Azərbaycan-Ruminiya parlamentlərinin dostluq qruplarının üzvü olub.

Kitabda qeyd olunduğu kimi, 2002-ci ildə ildə Milli Dirçəliş Hərəkatını formalaşdırmış, təşəbbüs qrupunun qərarı ilə 7 may 2005-ci il tarixdə keçirilən 1-ci qurultayda Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri seçilmişdir. İctimai-siyasi fəaliyyəti ilə yanaşı, bu günə qədər 5 kitab və yüzlərlə elmi-nəzəri məqalələrin müəllifidir. F.Quliyevin 60 illik ömrünə sığdırdığı zəngin ictimai-siyasi fəaliyyəti qeyd etdiyimiz bu və ya digər gördüyü işlərdə aydın şəkildə diqqəti cəlb edir. Gənclik dövrünün ilk illərindən başlayaraq, bu günə qədər sakit bir ömür yaşamayıb. Kitabda tarixi anları əks etdirən fotoların yerləşdirilməsi hər bir məqalənin sənədi ilə təsdiqində önəmlidir. Fərəc Quliyevin keçirilən müxtəlif tədbirlərdə çıxışı, qəbulları, səfərləri, görüşləri, müsahibələri və s. "Savaşımın 60 anı" kitabında yer alıb. "Xaricdə yaşayan soydaşlarımıza və mütəxəssislərimizə müraciət", "Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayındakı çıxışı", "Türkiyə və Azərbaycan arasında daha bir saziş" və digər məqalələrdə onun görüşləri ilə tanış oluruq.

"Savaşımın 60 anı" kitabı ictimai-siyasi xadim F.Quliyevin həyat yolu ilə tanış olmaq istəyənlər üçün bir vəsaitdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə