Fərqli yerlərdə yaşayan ər-arvad harada boşana bilər? - VƏKİL AÇIQLADI

Fərqli yerlərdə yaşayan ər-arvad harada boşana bilər? - VƏKİL AÇIQLADI

"Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər: “Yəni, alimentin alınması və atalığın müəyyən edilməsi ilə bağlı iddialar, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar üzrə qadın yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər.

Bunun üçün qadın yaşayış yerindən rəsmi arayış almalıdır ki, ( məsələn, Mənzil İstisamar Sahəsindən, MTK-dan) həqiqətən də o, Bakıda yaşayır.

Bu zaman yuxarıda sadalanan iddialara qadının yaşayış yeri üzrə məhkəmədə baxıla bilər. Qalan digər hallarda, qadın boşanmaq üçün kişinin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə