“Azərbaycanda məktəb və müəllim sürətlə nüfuzunu itirir” - BAŞ REDAKTOR TƏNQİD ETDİ
Ötən gün Azərbaycanda daha bir məktəb direktorunun qeyri-adi görüntüləri yayılıb. Belə ki, o, tiktokerlərdən birinin hərəkətlərinə qeyri-adi reaksiyalar verib. Ə.İsayev yorğan-döşək yığılan çarpayının üzərinə çıxaraq, qəribə hərəkətlər edib. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəs, təhsil işçisinin belə hallara yol verməsi nə dərəcədə doğrudur? SİA mövzu ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikirlərini öyrənib.

Onun sözlərinə görə, məktəblərlə bağlı problem son vaxtlar daha qabarıq şəkildə diqqəti çəkir: “Bu da ilk növbədə düzgün idarəçilik mexanizminin qurulmamasından irəli gəlir. Azərbaycanda məktəb və müəllim sürətlə nüfuzunu itirir. Müəllim qınaq obyektinə, məzhəkə mövzusuna çevrilir. Müəllimin nüfuzunun qeydinə qalmalı adamlar isə nağıl danışmaqla məşğuldurlar. Cəmiyyətdə olan neqativ hallar məktəbdən də yan keçmir. Varlı ailələrin övladları çox vaxt dərs prosesini pozur, cəzasız qaldıqları üçün eyni hərəkəti dəfələrlə təkrarlayırlar”.
Seymur Verdizadə sözlərinə belə davam edib: “Nadinc şagirdləri cəzalandırmaq üçün effektiv mexanizm yoxdur. Əgər varsa, işlək deyil. Çəkdiyi zəhmətin müqabilində az maaş alan müəllim müftəxor, yekəxana ailələrin, yekəbaş valideynlərin tərbiyəsiz övladlarının əlində əsir-yesir qalıb.
Təhsildə dostbazlıq, qohumbazlıq, yerlibazlıq kimi neqativ hallardan birdəfəlik imtina etmək lazımdır. Təbii ki, belə həssas dönəmdə müəllim və məktəb rəhbərliyi daha diqqətli olmalıdır. Onlar informasiya əsrində yaşadıqlarını unutmamalıdırlar. Həmin direktorun görüntüləri xoş deyildi, şəxsən məni məyus etdi. Tək təsəllim o oldu ki, direktorun rüşvət aldığı yerdə görüntüləri yayılmayıb. İndi hamı, xüsusilə tərbiyəçilər daha diqqətli olmalı, onları ictimai qınağa tuş edəcək hərəkət və davranışlardan çəkinməlidirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB