Restoranlarda depozit qiymətləri niyə od bahasıdır? - QURUM RƏSMİSİ AÇIQLADI

Restoranlarda depozit qiymətləri niyə od bahasıdır? - QURUM RƏSMİSİ AÇIQLADI

“Mahiyyətcə restoran depoziti - müştəri tərəfindən alınan xidmətlər üçün öncədən (avans) ödənilən və müəssisənin qərarı ilə müəyyən edilmiş tarifdir. Depozit müştərinin aldığı xidmətlərin hesabında öncədən ödənilmiş məbləğı əhatə edir. Digər sözlə desək, restoran depoziti – hesabın ödənilməsinin bir növüdür”. Bu sözləri SİA-ya açıqlamasında DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.


Onun sözlərinə görə, banket xidmətlərində isə alınan depozit, üstəlik, həmin gün digər müştərilərdən imtina edərək müəyyən edilmiş tədbir üçün restoranın qapalı olması mənasını da daşıyır: “Demək olar ki, restoranın depozit tarifi onun işinin itkisiz işləməsinin bir növ təminatçısıdır. Əslində, depozit üsulu restoranda masanın bronlaşdırılması ilə müqayisədə müştəri üçün daha əlverişlidir. Bron, bildiyiniz kimi, qaytarılmır və bron haqqı hesabdan əlavə ödənilir. Depozit isə hesabın ona bərabər hissəsini əhatə edir”.

Samir Dübəndi sözlərinə belə davam edib: “Təcrübə göstərir ki, depozitlər bir neçə növ olurlar və restoran biznesində uğurla və geniş şəkildə istifadə edilirlər. Qaytarılan və yaxud qaytarılmayan depozitlər olur. Qonaqların loyallığını qorumaq üçün daha çox qaytarılan depozitlərdən istifadə edilir. Yəni, əgər qonaq restorana hər hansı səbəbdən gəlmirsə, onun depoziti qaytarılır. Bəzi hallarda müəyyən faiz çıxma şərtilə. Hər halda, depozitlərin ödənilməsi zaman müştəri və müəssisə arasında bütün şərtlər öncədən müzakirə edilib, təsdiqlənməlidirlər. Misal üçün, hansı tarixədək imtina etmək olar, bu tarixdən sonra hansı faiz tutulacaq və s. şərtlər bəlli olmalıdırlar.

Depozit restoran üçün faydalı ödəniş qaydasıdır və öncə qeyd etdiyim kimi, bununla müəssisə öz itkisiz fəaliyyətini haradasa təmin etmiş olur.

Qeyd etmək istərdim ki, depozitlərin istifadə edilməsi bir növ bu müəssisələri klub formatında çalışmağa meyilli olmaqlarına işarə edir.

Müştəri üçün də depozitin üstün tərəfləri var: o, öncədən menyu və qiymətlər ilə tanış olur, xərclədiyi məbləğı öncədən planlaşdırır.

Verdiyiniz suallardan və bizim müşahidələrimizə görə bəlli olur ki, depozit anlayışını ölkənin ictimai iaşə sektorunda düzgün anlamayan və ondan düzgün istifadə etməyənlərin sayı az deyil. Burada fürsətçilik, spekulyasiya faktları ilə üzləşirik, depozit anlayışının müştərilər və müəssisələr tərəfindən yanlış tərif edilməsini də müşahidə edirik.

Yada salmaq istərdim ki, istehlakçıların hüquqlarının pozulmasında təqsirli bilinən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyət daşıyırlar.

Ona görə tövsiyə edərdim ki, ictimai iaşə müəssisələri və bu müəssisələrin xidmətlərindən istifadə edən vətəndaşlar depozit və digər ödəniş üsulları zaman tərəflər arasında yaranmış hüquqi əqdlərə diqqətli olsunlar, öz hüquq və vəzifələrini düzgün anlasınlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə