Görəcəksiniz, Diana sizə nə edəcək... GÜNDƏM+AKTUAL

Görəcəksiniz, Diana sizə nə edəcək... GÜNDƏM+AKTUAL

Yaxın qohumlarımdan biri ilə yeniilqabağı şəhərə çıxmışdıq. Gördüm bu, mağazalarda nəvəsi üçün makyaj dəsti axtarır. Başıma hava gəldi. “Makyaj dəsti-filan nədir? 4 yaşında uşaq nə bilir makyaj nədir?”,- dedim. O da cavab verdi ki, oyuncaq makyajdı da, nə olacaq, uşaq oynadacaq.

Bilmədin cin məni vurdu, yoxsa mən cini vurdum. Lakin hiss etdim ki, elə bil başıma bir qazan qaynar su tökdülər. Dedim yaxşı, tutaq ki, bunu uşaq istəyib, bəs sən nə ağılla onu alırsan? 4 yaşlı uşağa, lap elə olsun oyuncaq, makyaj dəsti alarlar? O da dedi ki, nəvə şirindir ey, bilmirsən, almamaq olmur. Həm də ondan yana çox ağlayıb.

Mən yazıq da nə bilim axı. Dedim o uşaq axı bu makyajı dəstini harada görüb, kimdə görüb, haradan tanıyıb? Bəs nənə nə desə yaxşıdır? O Dianadan öyrənib də, kimdən öyrənəcək?

Mən də nə bilim axı Diana kimdir? Bir az gözlərimi döydüm, sonra “Diana kimdir?”,- deyə soruşdum.

Nənə də cavabında dedi ki, bəs “Diana və Roma” cizgi filmi kimi bir şeydir. Nəvəm də meylin salıb onlara. Baxır, baxa bildikcə, gündə də bir şey istəyir. Vallah, açığı fikir məni götürdü, düşündüm ki, bu nə ola bilər ki, uşağa bu qədər təsir edər. Bu anda yadıma düşdü ki, həmin bu uşaq bir qədər əvvəl də anasının geyindirdiyi paltarlarla razılaşmırdı. Həmin bu nənə deyirdi ki, uşaq dayanır dolabının qabağında, özü nə istəyirsə, geyinmək istəyir. Anası müdaxilə edəndə isə bağrı çatlayır.

Nənədən soruşdum ki, bəlkə bu uşağın həmin o paltar məsələsi də Dianadankeçmə idi. Nənə də dedi ki, bəs, əlbəttə: hamısını o Dianadan öyrənir, başımıza oyun açır.

Nənə bu oyun açmaq məsələsini, desəm ki, bir qədər qürurla söylədi, xahiş edirəm ki, mənə səmimi şəkildə inanasınız. Nənə sanki uşağın hərəkətləri ilə qürur duyur, ərköyünlüyü ilə fəxr edirdi.

Yaxşı, nə başınızı ağrıdım, makyaj dəstini tapıb aldıq. Həm də neçəyə, nə az, nə çox, 16 manata.

Gəldim evə, dedim yox ey, mən yatmışam fil qulağında, gör dünyada bir nələr baş verir. Qoy görüm bu Diana kimdir axı uşaqlarımızı ta o tərbiyə edir? “You Tube”dan “Diana və Roma”nı tapdım, başladım bir neçə bölümünə baxmağa. Qarşıma çıxan bölüm Diananın “prənses otağı” ilə bağlı idi. Bu 5-6 yaşlı balaca qız çarpayısını bəyənmir, ayaqlarını yerə döyüb yenisini istəyir, atası da yeni çarpayı alır. Lakin qız bunu da bəyənmir, ata gedir başqa birini də alır. Bu dəfə qızcığaz bəyənir. Başlayırlar otağı qurmağa. Süjet xətti belədir ki, Diana atanı qrşısında qulluqçu kimi işlədir. Ata, dolabımı gətir, ata, divanım hanı bəs? Ata kreslom hanı? Ata, yazı stolum hanı? Ata, makyaj dəstimi haraya qoyacağam? Vallah, bir anlıq əsəbimdən az qaldı bağrım çatlasın. Sonda Diana otağını ayağını yerə döyməklə və əmiranə tərzləri ilə istədiyi kimi qurdu.

Baxdığım daha bir bölüm isə Diananın paltar, ayaqqabı seçimi, makyajı ilə bağlı idi. Deməli, bu qızcığaz dayanır dolabının qarşısında, oradan özünə paltar, ayaqqabı, çanta seçir və başlayır geyinməyə. Sonra saçlarını darayır, yaşına uyğun olmayan tərzdə formaya salır. Və başlayır makyaj etməyə. Dolabdan pomada götürür, dodaqalarını boyayır, allıqla yanaqlarını allandırır. Sonra dırnaqlarına lak sürtür. Bütün bunlar bitəndən sonra çantasını götürüb evdən təkbaşına çıxır və küçədə özünəgüvənlə yeriməyi isə adamı daha da təbindən çıxarır.

Bəli, baxdığım bu qədər oldu. Çünki həm əsəbləşdim, həm də yaşımın o vaxtında deyiləm ki, duram saatlarla Diana izləyəm. Hə, elə bu qədərlə də anladım. Anladım ki, həmin o qohum uşağını Diana bax bu hərəkətləri ilə başdan çıxarıb. Lakin nə ana, nə nənə, buna əsla reaksiya vermək istəmirlər, hələ üstəlik uşağın istəklərini yerinə yetirirlər.

Hə, bir də dedim, görüm axı bu Diana kimdir, haralıdır? Axtardım, tapdım və oxudum ki, Diana əslində Ukraynalıdır. 2015-ci ildən “You Tube”da qardaşı ilə birlikdə valideynlərinin dəstəyi sayəsində “youtuberlik” edirlər, hazırda ABŞ-də yaşayırlar və milyonlarla pul qazanırlar. Maraqlıdır, Ukraynalıdır və hazırda ABŞ-də yaşayır. Xeyir ola dedim, nə əcəb Dianagillər ABŞ-ni seçiblər?

Seçiblər də, hansı səbəbdən, nəyə görə, nə üçün, adama deyərlər, sənə nə var, seçiblər... Mənim üçün daha maraqlı olan 2015-ci ildən ötən 8 ildə “Diana və Roma”nın çox yəqin ki, minlərlə qapı açıb, minlərlə uşağa tərbiyə vermələridir. Minlərlə uşaq “Diana və Roma” çoxserialından nələr əxz ediblər, budur, bir nümunəsi ilə göz önündədir.

Bəlli olan isə budur ki, artıq Dianakimilər bizim mentalitetimizin üstündən xətt çəkməkdədirlər. Bir düşünək, azərbaycanlı ailələrdə böyüyən uşaqlar ata ilə Diananın danışdığı kimi danışırlarmı? Əsla. Çünki bizdə ailə ənənələri var. Böyüyə hörmət, sayğı var. Ən kiçik yaşlarımızdan atamızdan tələblə yox, xahişlə nə isə istəmişik. Ayaqlarımızı yerə döymək bizə yad olan hərəkətlərdir.

Biz kiçik yaşlarımızdan ta lap gənc yaşlarımızadək analarımızın bizim üçün geyim seçimi ilə razılaşmışıq. Heç vaxt bu məsələdə özbaşına olmamışıq. Qaldı ki, makyaj məsələsinə, bizdə makyaj gənc qız olandan sonra istifadə olunub, uşaqlıqdan deyil.

Bütün bunların fonunda düşünürəm ki, Dianakimilər vasitəsilə beynimizə nələri yeridirlər? Ailəyə-ata-anaya sayğısızlığımı? Atanı qarşımızda nökər kimi işlətməyimi? Ayaqlarımızı yerə döyüb istədiyimizə nail olmağımı? Ailəmizin maddi vəziyyətinin necə olmasını düşünmədən istədiyimizi aldırmağımı? Kiçik yaşlardan makyaj etməyimi? Həqiqətən faciədir. Həm də böyük faciə.

Biz mentalitetimizə uyğun olmayanların nə üçün evlərimizə girməsinə icazə veririk? Yəni bunun nə ilə nəticələnəcəyini düşünmək o qədərmi çətindir? Uşaqlarımızı başımızdan etmək üçün onları televizor, kompüter qarşısına əyləşdirib bu cür filmləri açıb qoyuruq qarşılarına, deyirik, qoy baxsın, başı qarışsın. Özümüz də gedirik işimizin ardınca. Telefonu götürüb saatlarla ilişib qalırıq orada. Və yaxud da ev işlərini görüb qurtarmağa can atırıq. Ta bilmirik ki, övladımız nələrə baxır, baxdıqları ilə onun kiçik beyninə nələr təlqin olunur. Bir də o vaxt ayılırıq ki, uşağımızı biz yox, televiziyalar, internet aləmi tərbiyələndirib və qalırıq bizə yad olan bu tərbiyənin qarşısında acız. Əsas bir məsələ isə artıq ortadadır: gecdir məsələsi.

Artıq uşaq əldən gedib. Tərbiyəsi bizim mentalitetimiz, ailə dəyərlərimiz çərçivəsindən çıxıb. Onun özünəməxsus istəkləri yaranıb, arzuları ortalığa çıxıb. İndi gəl, bu istək və arzuları həyata keçir. Təbii ki, övladımız Dianadan öyrəndiklərini bizdən istəyəcək. Ayağını yerı döyüb otağının əşyalarını dəyişdirməyi, istədiyi paltarı geyinməyi, istədiyi əşyanı almağı, yaşına uyğun olmayan hərəkətləri etməyi istəyəcək. Məsələn, ayağını yerə döyüb makyaj dəsti aldırmağa çalışacaq. Axı hər bir ailənin 16 manat verib bu dəsti almağa imkanı çatmır. Hələ bu dəst şəhərimizin ən ucuz bazarında-8-ci kilometr bazarında bu qiymətədir, görün başqa yerlərdə neçə manata təklif olunur. Bütün bunlar bir kənara, axı, 4-5 yaşlı uşaq nə üçün makyaj haqqında nə isə bilməlidir?

Nə isə... Səhərdən bəri danışdıqlarım fonunda bir neçə kəlmə də söyləməklə fikrimi tamamlamaq istəyirəm. Əgər uşaqlarımızın baxdığı cizgi filmlərini əziyyət çəkib birinci özümüz seyr etməsək, istənilən bir sosial şəbəkədən, televiziya kanalından nə isə tapıb onların başının qarışmasına çalışsaq, sonda çox pis nəticələrlə qarşılaşacağıq. Məsələn, kim övladına Diananı izləməyi məsləhət bilibsə, çox yaxın zamanda görəcək Diananın onun övladına nə etdiyini...

Bu cür hadisələrlə çox qarşılaşırıq. Yazırlar, yazırıq, amma heç faydası olmur. Baxırsan ki, bu gün dünənkindən də dəhşətli hadisələr mövcuddur cəmiyyətdə. Belə çıxır ki, biz uşaqlarımızın həyatını, taleyini buraxmışıq, necə deyərlər, Allahın ümidinə, necə olar, olar, deyirik... Belə isə bu Dianaların “töhfəsini” ağız şirinliyi ilə yeyə biləcəksinizmi, bax mən bunu fikirləşirəm.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə