Bayramdan sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Bayramdan sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Bütün işçilər bayrama sayılı günlər qala çox səbirsizlənir. Çünki güclü iş rejimi altında işləyən hər kəsin istirahətə ehtiyacı var. Bəziləri bu günləri evdə yatmaq, bəziləri isə rayon-rayon, ölkə-ölkə gəzib əylənmək üçün gözləyir. Tətilin bitməsinə 1-2 gün qalmış artıq hər kəs özünü iş mühitinə alışdırmağa çalışır. Bir çoxları üçün bu asan olsa da, əksər insanlara görə bayramdan sonra işə adaptasiya olmaq olduqca çətin bir prosesidir. Bəs, bu hallarla qarşılaşmamaq üçün nə etməliyik? Biz hansı yollarla bayramdan sonra işə daha rahat adaptasiya ola bilərik?

İlk öncə unutmayaq ki, bayram başa çatdıqdan sonra “real həyata” qayıtmaq vaxtıdır. İş stresindən uzaq bir istirahətdən qayıtdıqdan sonra işə uyğunlaşmaq ilk günlər çətin olur. Bu vəziyyətə yenidən alışmaq üçün isə bizə vaxt lazımdır.

İşçilərin iş stresindən və məsuliyyətlərindən uzaq keçirdikləri tətil dövründən sonra əvvəlki iş rejiminə qayıtması bir çox insanın üzülməsinə səbəb olur. Bunun təsiri ilə işçilər bəzən emosional hərəkət edərək işdən çıxmaq kimi səhv qərarlar verə bilərlər.

İnsanların bayramdan sonra işdən çıxmasının ən mühüm psixoloji səbəbi tətildə olarkən işləri ilə bağlı yeni qərarlar qəbul etdikləri üçün bunları dərhal həyata keçirmək istəmələridir. Bunun qarşısını almağın yolu qərarlarımızı tətbiq etməzdən əvvəl bir az gözləmək və zamanın nə gətirəcəyini görməkdir.

Araşdırmalara görə, tətildən sonra işə qayıtma sindromu depressiyaya səbəb ola biləcəyi üçün ciddi qəbul edilməli olan bir vəziyyətdir. Çünki uzun tətil dövrlərindən sonra iş həyatına uyğunlaşmaq asan deyil.

Bayramdan sonra yuxusuzluq, baş ağrıları, həzm sisteminin pozğunluqları daha çox olur. Tətildən qayıdıb dərhal işə başlamaq adaptasiyanı çətinləşdirən amillərdəndir. Dönüşünüzdən ən azı bir gün əvvəl gəlib özünüzə vaxt ayırmağınızda fayda var.

Gündəlik vərdişlərinizə yenidən uyğunlaşmağınız faydalı olacaq. İdman etmək, hobbilərinizə zaman ayırmaq və ya hətta televizor qarşısında qəhvə içmək sizi bayram sonrası işə hazırlaya bilər.

Gün ərzində yüngül gəzintilərə çıxmaq, hovuza getmək kimi bayramı xatırladan fəaliyyətlərdə iştirak etmək faydalıdır.

Əvvəlcə qərarlarınızı həyata keçirmək üçün nəzərdə tutduğunuz vaxtı müəyyənləşdirin, tələsməyin.

Dostlarınız və sevdiklərinizlə vaxt keçirməyə çalışın. Filmlərə və ya hobbilərinizə vaxt ayırın.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Psixoloq Aytən Ələkbərova: "Tətildən sonra işə adaptasiya olmaq bəzi insanlar üçün çox çətindir. Amma tətildən-tətilə də fərq var. Novruz bayramından sonrakı tətil ilə yay tətili tamamilə fərqlidir. Biri də var ki, "qışın oğlan çağında" olan tətil. Hansı ki, bu fəsildə insan yatmağa meyilli olur. Bu zaman da insan psixologiyasında bəzi məqamlar baş verir.

Bu məqamlardan biri insanda özündən asılı olmayaraq aqressiyaların baş verməsidir. Aqressiyalar artdığı zaman emosiyalar üzə çıxır. Tətildən ən azı 1-2 gün öncə insan beynində müəyyən bir rejim qurmalıdır.

Novruz tətili ilə yay tətili arasında bir sıra fərqlər var. Bu fərq ondan ibarətdir ki, Novruzdan sonra işə gedərkən mövsümi yaz geyimlərinə üstünlük verilir və bununla bağlı alış-veriş edilir. Artıq insan hiss edir ki, yay tətilinə az qalıb və işə daha tez adaptasiya olur. İnsanın yeni libaslar alıb işə getməsi onun işə daha rahat adaptasiya olmasına səbəb olur.

Bəzən baxırıq ki, ilin əvvəlində kimsə öz doğmasını itirir. O, ilin sonuna kimi "Bu il mənə düşmədi" düşüncəsində olur. Bu zaman da depressiyalar özünü göstərməyə başlayır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə