Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib

Hər bir dövlətin inkişaf prosesində özünəməxsus yeri olan, dərin tarixi keçmişi olan və eyni zamanda digər türk dövlətləri tərəfindən daşıdığı mənaya görə böyük əhəmiyyət kəsb edən günləri var. Dünya arasında körpü rolunu oynayan Azərbaycanın mühüm tarixlərindən biri də 31 dekabrdır.

Dekabrın 31-i bütün dünya azərbaycanlılarının “Birlik və Həmrəylik” günü kimi qeyd olunur. Tarixi prosesinə nəzər salsaq, Azərbaycan geostrateji əhəmiyyətinə görə torpaqları başqa dövlətlər arasında bölünmüş, Azərbaycan türklərinin daim bir-birindən ayrılmağa çalışdığı bir coğrafiya olub. Qeyd olunan hadisələrin arxasında duran əsas səbəblərdən biri də sözügedən coğrafiyada mövcud türk varlığıdır. Bu səbəbdən də Azərbaycan gah Rusiyanın, gah da İranın təzyiqi ilə parçalanıb.

Hadisələrin tarixinə qısaca toxunaq. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycan parçalandıqdan sonra ölkənin şimal hissəsi rusların, cənub hissəsi isə iranlıların hakimiyyəti altında qaldı. Ölkənin şimalı ilə cənubu arasında yerləşən Araz çayı məcburi bölünmənin simvolu kimi tarixə düşdü. Araz çayının hər iki sahilində qalan azərbaycanlılar uzun illər aralarındakı həsrətə son qoymağa çalışdılar.

1989-cu ildə Araz çayının hər iki sahilində azərbaycanlılar tərəfindən sərhəd yürüşü başladı və Naxçıvan Muxtar Respublikası ilə İran arasında sərhəd sədləri götürüldü. Bu hadisələr uzun illər davam edən həsrətin sona çatması istiqamətində atılan böyük addım kimi səciyyələndirildi. Həmin tarixdə İstanbulda Türkdilli Xalqların Konfransı keçirilmişdir. Azərbaycanlılar arasında birlik yaratmağın vacib olduğunu yaxşı bilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev 1991-ci il dekabrın 16-da 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. 1991-ci ildən 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” rəsmi olaraq qeyd edilir.

Adı çəkilən tarix həm 10 milyondan çox əhalisi olan Azərbaycan xalqı, həm 30 milyondan çox əhalisi olan Güney Azərbaycan türkləri, həm də dünyanın müxtəlif ölkələrində yaşayan 10 milyonluq Azərbaycan diasporu üçün böyük əhəmiyyət kəsb edir. Dövlətin dünyaya obyektiv təqdim edilməsində, imicinin qorunub saxlanmasında həmin ölkənin əhalisi böyük rol oynayır. Dünyanın müxtəlif coğrafiyalarında yaşayan azərbaycanlılar arasında siyasi platforma yaratmaq, həmrəyliyi təmin etmək üçün lobbiçilik və diaspor fəaliyyəti gücləndirilməlidir. Buna nail olmağın ən səmərəli yolu bütün dünya azərbaycanlılarını bir araya gətirən görüşlər təşkil etməkdir. Xaricdə yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrini daha da möhkəmləndirmək, dünya azərbaycanlıları arasında birlik və həmrəyliyi təmin etmək məqsədilə 2001-ci il noyabrın 9-10-daümumilli lider Heydər Əliyevin təşkil etdiyi qurultay keçirildi. Bu qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkiliyyinin və fəallığının artmasına təsir göstərdi.

Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.

2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb.

Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.

Yekun olaraq diliindən, dinindən, etnik kimliyindən asılı olmayaraq, bir millətin varlığının ən təməl göstəricisi , özünü eyni millətin bir parçası kimi görən və bu mənada həmrəylik nümayiş etdirən insanların həmrəyliyidir bu tarix. 31 dekabr azərbaycanlıların ictimai-siyasi birliyinin bərqərar olması, təşkilatçılıq bacarığının inkişaf etdirilməsi, ən əsası isə Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Həmrəylik Günümüz Mübarək!

Zəkiyyə Çələbiyeva

Xəzər rayonu, 121 №li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə