ASAN Xidmət bu il artıq 10 yaşını qeyd edir. Bu gün isə 10 ildir ki, durmadan Azərbaycan vətəndaşlarına xidmət edən ASAN Xidmət əməkdaşlarının peşə bayramı günüdür.
Biz də SİA olaraq bu münasibət ilə millət vəkilləri arasında ASAN Xidmətin 10 il ərzindəki fəaliyyəti ilə bağlı sorğu keçirdik.
Millət vəkili Musa Qasımlı:
“ASAN Xidmətin yaradılması cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin vətəndaşlarımızın rahatlığı, məmnunluğu üçün düşünülüb və 10 ildir ki, uğurla həyata keçirilib. Bu xidmətdə hər bir şey yüksək səviyyədə təmin olunub. Bir neçə dəfə mən də ASAN Xidmətə müraciət etmişəm və işimi rahat bir şəkildə həll edə bilməyim mənim üçün çox xoş olub. Xüsusilə də əməkdaşların nəzakəti rəğbət doğurur. ASAN Xidmətin fəaliyyəti bir daha göstərir ki, dövlətimizin siyasətində əsası yeri vətəndaşların məmnun olması tutur”.
Millət vəkili Nizami Cəfərov:
ASAN Xidmət artıq bütün dünyaya Azərbaycan brendi kimi yayılıb. Demək olar ki, artıq bir çox yerlərdə bu xidmətlə maraqlanır, onun təcrübəsini öyrənməyə çalışırlar. Biz yaxın tariximizdən bilirik ki, məmur idarəçiliyində özbaşınalıqlar, xoşagəlməz hallar özünü göstərirdi. Amma ASAN Xidmətin fəaliyyətə başlaması ilə bu sahədə çox ciddi bir dönüş oldu. Əsas məsələ isə cəmiyyətimizin bu xidməti çox məmnunluqla qəbul etməsi idi.
ASAN Xidmət məhdud xidmətlərlə başlasa da, hazırda demək olar ki, fəaliyyət istiqamətləri olduqca genişdir. Eyni zamanda ASAN Xidmətdə yeni, gənc nəsil formalaşıb.
10 il ərzində ASAN Xidmətin keçdiyi yol bizim üçün mənəvə dəyərdir. Qazanılan təcrübə də göstərir ki, biz bu dəyəri heç bir zaman itirməyəcək, əksinə daha da genişləndirəcəyik”.
Millət vəkili Jalə Əliyeva:
“ASAN Xidmət 10 il ərzində vətəndaşlara sözün həqiqi mənasında asan və rahat xidmət göstərən ünvan olub. Unutmayaq ki, ASAN Xidmət Qafqazda bir ilkdir. Azərbaycan bu xidməti vətəndaşlarına təqdim etməklə növbəti dəfə yeni bir uğurlu ilkə imza atdı. Bu illər ərzində vətəndaşlar heç bir problem yaşamadan öz problemləri normal qaydada həll edə biliblər.
Bu xidmətdə işə cəlb olunan könüllülərdən başlayaraq, ümumilikdə bütün işçi heyəti işlərinə olduqca ciddi yanaşırlar.
10 illik yubiley münasibətilə ASAN Xidmət rəhbərliyini və bütün əməkdaşlarını təbrik edirik”.
Millət vəkili Vüqar İskəndərov:
“Ölkəmizdə cənab Prezident İlham Əliyevin iradəsi ilə çox şaxəli islahatlar paketi təqdim olunub və bütün sahələrdə islahatlara start verilib. 30 ildir ki, gözlədiyimiz böyük qələbəmizi, müzəffər xalq adını qazanmışıq.
Təbii ki, islahatlar çərçivəsində əsas məsələ ölkəmizdə iqtisadi sabitliyin qorunması, onun inkişaf etdirilməsi, vətəndaş məmnunluğu və əhalinin sosial rifahının yüksəldilməsidir. Bunların hər biri keçirilən islahatların tərkib hissəsidir.
Rüşvətxorluq hallarına, məmur-vətəndaş anlaşılmazlıqlarına qarşı ölkə Prezidenti mübarizə aparır. Bunun üçün müvafiq orqanlar formalaşdırılıb.
ASAN Xidmət modeli Azərbaycanın kreativ ideyası kimi artıq dünyada məşhurlaşıb. Bu müstəqil Azərbaycanın tarixində cənab Prezident İlham Əliyevin imzası və onun ideyası ilə formalaşan bir qurumdur. Düşünürəm ki, ASAN Xidmət modeli Azərbaycanın ideyası kimi bütün dünya üzərində daha da məşhurlaşacaq və bu modelin digər ölkələrdə tətbiqinə başlanılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB