Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsi idi

Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsi idi

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi.

Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
Ulu öndər Herdər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz tövhələrini verirlər. Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu. 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay müxtəlif ölkələrdə Azərbaycanlı icmalarının mütəşəkkiliyi və fəallığının artmasına ciddi təsir göstərdi. 2002-ci ildə xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlər Komitəsinin yaradılması xarici ölkələrdə azərbaycanlıların təşkilatlanması prosesini daha da gücləndirdi. Ulu öndərimiz xarici səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də vaxt ayırır, onlara tövsiyyələr verirdi. Hazırda prezident İlham Əliyev ulu öndərin bu estafetini uğurla davam etdirir.

2006-cı ilin martında Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıları, diasporaların lobbiyə çevrilməsi istiqəmətində yeni addım oldu. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatları rəhbərlərinin Birinci Formu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü. Dövlətimizin diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil forma və təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoydu. İndi soydaşlarımız yaşadığı ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirir. Hazırda dünyanın əksər ölkələrində 400-dən çox diaspor təşkilatı üçrəngli bayrağımız altında uğurla fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı isə özünün çoxşaxəli fəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçiriln tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

2011-ci ilin iyulunda isə Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirildi. Azərbaycanın dövlət müstəqiliyinin bərpasının 20-ci ildönümü ilə bağlı keçirilən qurultay dünyanın müxtəlif ölkələrində minlərlə həmvətənimizi paytaxtımızda bir arada gətirdi. 2016-ci il iyunun 3-də Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV qurultayı keçirildi. Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Qonaqlar arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfüzlu siyasətçiləri, ictimai xadimləri də iştirak edirdi. Həmrəylik günü xalqımızın birlik şüarının simvolik günüdür. Gündən-günə sürətlə inkişaf edən Azərbaycan isə bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalını ətrafında milli birlik və həmrəylik nümayiş etdirir. Bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər. Prezident İlham Əliyevin Rəhbərliyi ilə güclənən Azərbaycan dövləti indi bütün dünya azərbaycanıları üçün güc mənbəyinə çevrilib.

Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Biz birlikdə güclüyük!

Fidan Əbdüləlizadə
Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə