Hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdən biri də milli birlik və həmrəylik ideyasıdır. Milli birliyə, həmrəyliyə nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci il dekabrın 16-da ulu öndərimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması bunu bir daha təsdiq edir.
Ötən əsrin sonlarında gedən hadisələrə baxdıqda bir daha görürük ki, 1990-cı ildən Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas məqsədini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində Naxçıvanda atılmış addım sonrakı dövrlərdə həmin sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın həmrəylik, birlik ideyaları ətrafında birləşməsində mühüm rol oynadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarının təşkilatlanması prosesinin və vahid ideologiya ətrafında sıx birləşməsinin görkəmli dövlət xadiminin adı ilə bağlı olduğunu vurğulayaraq deyib: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”.
Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ulu öndərimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğıları ilə yaxından maraqlandı, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yerinə çevrildi. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi isə milli həmrəyliyin ən yüksək zirvəsi, diaspor quruculuğu sahəsində həlledici mərhələnin başlanğıcı oldu.
Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar.
Görkəmli dövlət xadiminin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub. Cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verdi, 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoydu.
2016-cı il iyunun 3-də Bakıda öz işinə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayında isə bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş qərarlar, tədbirlər geniş müzakirə olundu. Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrildi.
Artıq iki ildir ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhval-ruhiyyə ilə qarşılanır. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.
Hər bir azərbaycanlı üçün doğma Vətənimiz ana qucağı kimi isti, ata əli kimi möhkəm və əmin bir məkandır. Bu yüksək dəyərləri bizə aşılayan isə Vətən sevgisi, milli mənsubluq duyğusudur. Bunu yaradan və kütləviləşdirən isə milli ideologiyamız və həmrəylik ideyalarıdır. Nə qədər ki bütün dünyada yaşayan azərbaycanlılar həmrəydir, Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişik, heç bir qüvvə bizi sarsıda bilməyəcək.
Elnarə İskəndərova
Xəzər rayonu, 125 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB