Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gənclərin gözü ilə -SORĞU
31 dekabr - Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhədinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, əslində, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Bu günün önəmini SİA-a gənc fəalların fikrlərini öyrənməyə çalışıb.
Eyvaz Məhəmmədli AzTU TGT sədri: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının ən şərəfli günlərindən biridir. Bu əlamətdar tarix xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi azərbaycançılıq ideyasının formalaşdırılması üçün istinad nöqtəsi oldu. Biz gənclər olaraq 44 günlük Vətən müharibəsində birliyimizi, həmrəyliyimizi nümayiş etdirdik. Məhz bu birlik nəticəsində qalib ölkə kimi adımızı tarixə yazdıq. Biz gənclər gələcək nəsillərə bu həmrəyliyi örnək göstərməliyik. Hər bir azərbaycanlını bu şərəfli gün münasibətilə təbrik edirəm!"
Zakir Quliyev "Davam" Hərəkatının üzvu: "Son illərdə azərbaycançılıq ideologiyasına söykənən bu əlamətdar gün müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amildir. Bu ideologiya ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu hesab edir. Azərbaycan xalqı həmrəy xalqdır. Bunun bariz nümunəsidir ki, 44 günlük Zəfər müharibəsində uşaqdan-yaşlıya, qocadan-cavana, kişidən-qadına hər bir kəs dəmir yumruq ətrafında birləşərək ön və arxa cəbhədə əlindən gələni əsirgəmədi və bununla da doğma torpaqlarımız işğaldan azad edildi".
Tacir İsmayılzadə AzMİU TGT sədri: "Hər il böyük fəxarət hissi ilə qeyd etdiyimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bir tələbə gənc olaraq daha həyəcanla gözlüyürəm. Bu günün Ulu Öndərin adı ilə bağlı olması isə bu həyəcanımı daha da artırır. Azərbaycan xalqı hər zaman bir və həmrəy olub. Buna bariz nümunə isə vətəndaşlarımızın 44 Günlük Vətən Müharibəsində böyük bir həmrəylik göstərməsi oldu. Yalnız Azərbaycanda yaşayan yox, eynilə xaricdə yaşayan həmvətənlərimiz də eyni iradə və həmrəyliyi göstərdi. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bütün dünya azərbaycanlılarını təbrik edirəm".
Sevgiyyə Əlizadə OYU TGT sədri: "Hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir, həmçinin Həmrəylik bayramı azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sanır. Bütün Azərbaycan xalqını bu əbədi bayram Münasibəti ilə təbrik edirəm!"
Ələkbər Həsənov Bakı Dövlət Universteti Tələbə Gənclər Təşkilatının sədri:"Həmrəylik- bir olmaq, yumruq kimi birləşmək,nar dənələri kimi möhkəm və sıx olmaq. Mən həmrək olmaq deyəndə bunu başa düşürəm. Bəli,31 dekabr! Dünya Azərbaycanlılarının Həmrəylik Günü! Bu gün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarixə nəzər salsaq, necə bir millət olduğumuzu görə bilərik. Adicə, kiminsə halı çöldə pisləşəndə, orda olan camaat həmin adamın qayğısına qalır. Bu da həmrəyliyin bir göstəricisidir. Lakin ən böyük sübut, 44 günlük Vətən Müharibəsində özünü göstərdi. Heç kəsin evinin pəncərəsindən bayraq enmədi, dilimizdən vətən haqqında olan mahnılar düşmədi, nə də ki, əsgərlərimiz silahdan əl götürdü. Biz qələbəyə həmrəylik sayəsində nail olduq. Sonda isə bütün Azərbaycanı həmişə belə isti və səmimi olduğunu görmək diləyi ilə Həmrəylik günü münasibəti ilə təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB