“"Həci"lərin sayəsində sərvət sahibi olan qadınların sayı artıb” - BAŞ REDAKTOR TƏNQİD ETDİ

“"Həci"lərin sayəsində sərvət sahibi olan qadınların sayı artıb” - BAŞ REDAKTOR TƏNQİD ETDİ

“Təəssüf ki, Azərbaycanda bəzi məşhur xanımların normal ailəsi, səliqəli həyatı yoxdur. Onlar imkanlı kişilərlə nikahdankənar münasibət qurur və bunu aşkar şəkildə cəmiyyətə nümayiş etdirirlər”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, son vaxtlar "həci"lərin sayəsində var-dövlət, sərvət sahibi olan qadın məşhurların sayı artıb: “Gənc qızlar da bunu görür və təsir altına düşürlər. Həmin məşhurlar cəmiyyətə, xüsusilə yeniyetmə yaşda olan qızlara pis nümunə olurlar. Gənc qızlar düşünür ki, oxuyub karyera qurmaq, bilik qazanmaq, faydalı əməklə məşğul olmaq, çox vaxt və əziyyət tələb edir. Karyera qurmaq zəhmət tələb etsə də, bir "həci"nin rəsmi, yaxud qeyri-rəsmi həyat yoldaşı olmaq, heç bir əziyyət tələb etmir. Buna görə də cəmiyyətdə "ər çörəyi" yemək istəyən gənc qızların sayı artır.

Qızlara yaxşı təhsil vermək lazımdır. Bəzi rayonlarda və kəndlərdə qızları 9-cu sinifdə məktəbdən qaytarırlar. Artıq onların heç bir arzusu, planı olmur. Evdə oturub 17 yaşını tamamlayıb ərə getməyini gözləyir. Nəticədə saf məhəbbət, sevgi, ülvi hisslər arxa plana keçir. Bu cür hallar cəmiyyətdə mənəvi deqradasiyaya səbəb olur. Bir çox hallarda isə valideyn qızın arzusunu nəzərə almadan onu kiməsə ərə verir. Azərbaycanda bəzi evlərdə qız uşaqlarına artıq əşya kimi baxırlar. Valideyn vicdanını itirəndə bu "əşyadan" tez qurtulmaq istəyir. Bu cür yaramaz hallarla təkcə hüquq-mühafizə orqanları deyil, həm də cəmiyyət özü mübarizə aparmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə