Restoran və otellərdə yeni illə bağlı qiymətlər necədir? - ARAŞDIRMA

Restoran və otellərdə yeni illə bağlı qiymətlər necədir? - ARAŞDIRMA

Yeni il bayramı üçün qeyri-iş günləri bir çox insanların dincəlməsinə və qış turizmini uyğun ərazilərdə vaxt keçirməsinə şərait yaradacaq.

Hər il olduğu kimi, bu il də Azərbaycanda qış yarmarkası keçirilir. Həm yerli, həm də xarici turistlər yarmarkaya baş çəkirlər. Bu da ölkəmizə turist axının inkişafında müəyyən rol oynayır

Lakin çoxlarını bir sual narahat edir - otel və restoran qiymətləri yaxşı tətil keçirməyə imkan verəcəkmi?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Otellərdə və restoranlardakı qiymətlərə gəlincə Quba Şahdağ otelində dekabrın 31-də səhər yeməyi ilə istirahət bir nəfər üçün 60-75 manat arası, iki nəfər üçün 80-95 manatdır. Amma vətəndaşlar yeni il şousunda iştirak etmək üçün əlavə ödəniş etməli olacaqlar. Bu qiymətlərə nahar da daxildir.

Qusardakı “Şahdağ” turizm mərkəzindən bildirilib ki, dekabrın 30-dan yanvarın 1-dək “Şahdağ Hotel & Spa” və “Zirvə” otellərində otaqların sayı məhdud olur. Qiymətlər otaqlardan panoramik mənzərədən asılı olaraq dəyişir.

Quba Palace Hotel-də Yeni il gecəsi də daxil olmaqla iki gün ərzində dağ mənzərəli deluxe nömrə 1500 manatdan 1650 manatadək dəyişir.

Kənddə kotteclər və fərdi evlər

Bayram günlərində turizm zonalarında kotteclərin kirayəsi üçün qiymətlər nəzərəçarpacaq dərəcədə artıb. Beləliklə orta hesabla 200-400 manata bağ evləri kirayə vermək olar.

Kənd evlərində bir gecəlik yaşayış minimumu 80 manatdır. Qusarda bu qiymət 200-560 manat arası dəyişir. Restoranların əksəriyyəti yeni illə bağlı olaraq özəl yeni il gecəsi şənliyi tərtib edir. Bu restoranlarda qiymətlər müxtəlif olsa da, yerlərin bir hissəsi indidən bron edilib. Yeni ilə bir neçə gün qalmış bəzi restoranlarda yerlər indidən məhdudlaşır.

"Nar Şərab” restoranında qiymətlər adam sayına və zala görə dəyişir. Belə ki, restoranın "Kristal" zalında 1 nəfər üçün qiymət 200 manat, "Golden" zalda 1 nəfər üçün qiymət 120 manatdır. Öncədən rezervasiya isə minimum 4 nəfər üçün qəbul olunur.

“Monte Napeleone Premium”da da qiymətlər zala görə dəyişir. Banket otaqlarında depozit qiyməti adam sayına görə hesablanır. Adambaşına depozit 70 manatdır. Menyu da bu depozitə daxildir. Zallardakı qiymətlər isə 150-600 manat arasındadır.

“Atlantis” restoranında Yeni il üçün depozit qiymətləri adambaşına 70 manatdan başlayır 150 manata qədər artır. Bu qiymətlərə menyu da daxildir.

“Kaddeh Baku”da səhnə önü masalar 1 nəfər üçün 300 manat, kənar masalar 1 nəfər üçün 250 manat nəzərdə tutulub. Rezerv edənlərin çox olması səbəbindən restoranda Yeni il axşamı üçün yerlər məhdud saydadır.

Bir sözlə, insanların bayram günlərində dincəlmək imkanı olsa da, çoxları üçün turizm bölgələrindəki və restoranlardakı qiymətlər bundan istifadə etməyə imkan verməyəcək.

Turizm üzrə ekspert Cəbrayıl Dövlətzadə: "Qış mövsümündə xüsusilə dekabr ayının sonu, yanvar ayın başlanğıcında canlanma müşahidə olunur. Bu canlanma həm bölgələrdəki otellərdə, həm də mərkəzdəki otellərdə özünü göstərir. Mərkəzi otellərdə Rusiya, Müstəqil Dövlətlər Birliyindən gələn qonaqların sayı hər zamankı kimi artır.

Təəssüflər olsun ki, Rusiya-Ukrayna arasında gedən müharibə Rusiya bazarından gələn müştərilərin sayında müəyyən azalmalar olduğunu göstərir. Ancaq bu arada Qətərdə keçən futbol üzrə dünya çempionu qurtardığından ərəb bazarından da müştərilərin artımı müşahidə olunmaqdadır. Ərəblər də Şahdağ və Tufandağ Qəbələ-Qusar istiqamətində otellərə daha çox üz tuturlar. Xüsusən də bu il bölgələrdə təbii qarın olması turistlərin ölkədə artmasına gətirib çıxaracaq, bu da sevindirici bir haldır. Ümumiyyətlə həm mərkəzdə, həm də bölgələrdə turistlərin xeyli artacağı proqnozlaşdırılıb. Otellər və restoranlardə müştəri çoxaldıqca təbii ki, qiymətlərdə də biraz artım olunur. Amma ölkəmizdə quru sərhədlər bağlıdır. Əgər quru sərhədlər açıq olsaydı bu ərəfələrdə çox ciddi bir canlanmaya şahidlik edərdik".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə