"Ailə ilə birlikdə bayram keçirən uşaqlar daha pozitiv olurlar" - PSİXOLOQ DANIŞDI
“Bayramlar və bayramların ailə ilə birlikdə keçirilməsi uşaqların yaddaşında ömürlük qalır və ailə bağlarının birləşdirilməsinə kömək olur. Burada məsələ məhz bayramın özü deyil, həmin proses ərzində baş verənlərdir. Yəni ailənin bayrama birlikdə hazırlanması, müəyyən proqramlar qurulması və s. uşaqlara sevinc bəxş edir. Uşaqlar əsasən bu emosiyalardan qidalanır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.
Onun sözlərinə görə, bəzi insanlar müəyyən səbəblərdən bəzən bayramları qəbul etmirlər və bayramları da qeyd etməməyi seçirlər: “Lakin bu uşaqlara birbaşa təsir edir. Çünki uşaqlar böyüklər kimi prinsipləri, ideologiyaları anlaya bilmirlər və onların bayram abu-havası istəmələri tamamilə normaldır.
Valideynlərə tövsiyyə edirəm ki, bayramları “şaxta baba yoxdur” kimi ifadələrlə uşaqların gözündə dəyərsizləşdirməsinlər. Bu qətiyyən düzgün bir yanaşma deyil və uşaqların psixologiyasında da özünə yer edir.
Ailə ilə birlikdə bayram keçirən uşaqlar daha pozitiv olurlar. Çünki onlar həyatın yalnız işləmək, oxumaqdan ibarət olmadığını anlayırlar. Sevgiyə, möcüzəyə inanırlar. Valideynlərə tövsiyyə edirəm ki, bayramları qeyd edərək, həm özlərinin, həm də uşaqlarının sevinməsinə icazə versinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə