Şam ağacını bəzəmək minimum neçəyə başa gəlir? - ARAŞDIRMA

Bildiyimiz kimi, Yeni İlə son 7 gün qalıb və artıq bir çox evlərdə ayın əvvəlindən şam ağacları hazırlanıb. Bəziləri bu ağacı lap əvvəldən hazırlasa da, bir qrup da son günlər necə deyərlər, əl-ayağa düşür. Bir də şam ağacı ayın əvvəlindən qurulan ailələr daha çox uşaqlı olanlardır. Əgər evdə uşaq varsa, valideyn onun bir gülüşü üçün əlindən gələn hər şeyi etməyə hazır olur.

Ötən gün araşdırmamızda şam ağaclarının qiymətlərini qeyd etdik. İndi isə bir şam ağacı bizə neçəyə başa gəlir onu araşdıracağıq. Yəni, bir şam ağacının qiyməti və onu bəzəmək birlikdə bir ailənin büdcəsinə necə uyğun ola bilər? Hansı qənaətcil yollarla uyğun qiymətli şam ağacı ərsəyə gətirə bilərik? SİA mövzu ilə bağlı araşdırma aparıb.

İlk olaraq qeyd edək ki, əvvəlki illərlə müqayisədə indi həddindən artıq qarışıq bəzədilmiş şam ağacları dəbdə deyil. Belə ki, günümüzdə daha minimalist şam ağacları üstünlük təşkil edir. Bu da büdcəsi az olan ailələr üçün şad xəbər sayıla bilər. Yəni şam ağacına çoxlu oyuncaq almaq dərdindən qurtulursunuz.

Şam ağacı üçün zərli bəzək: 1.99 AZN. Bu böyük supermarketlərin birində olan qiymətdir. Sədərəkdə eyni məhsulu 1 AZN, yaxud 50 qəpiyə də əldə etmək olar. Bu məhsuldan 10-15 ədəd alaraq 15 AZN-ə sadə, amma gözəl şam ağacı bəzəyi əldə edə bilərsiniz.

Şam ağacı üçün 8 ədəd top bəzək: 5.19 AZN. Həmçinin, bu bəzəkdən eyni çalarlar aralığında 16 ədəd olaraq da orta boylu şam ağacınıza estetik görünüş qata bilərsiniz.

Şam ağacı üçün bəzək çeşidi 14 ədəd: 5.79 AZN.

Şam ağacı üçün 64 ədədli bəzək çeşidi: 23.99 AZN.

Qeyd edək ki, bu sadaladıqlarımız şam ağacının olmazsa olmazları sırasındadır.

İndi isə keçək əlavə bəzək məhsullarına:

Ağacın kənarına qoymaq üçün "Santa şaxta baba" - 37 sm-lik 21.99 AZN.

Şam ağacı üçün ulduz: 5.79 AZN

Zər çeşidləri: 3.79 AZN. Qeyd edək ki, bunların 1-2 AZN olan növləri də mövcuddur. Qalınlıq və keyfiyyətə görə qiymət də dəyişir.

Şam ağacı üçün işıq: 5.89 AZN. Qeyd edək ki, bu ən münasib qiymətə olan işıqlardandır. Bundan əlavə 7, 10, 15 manatlıq işıqlar da var.

Bütün bu qiymətlərdən o qənaətə gəlmək olur ki, minimum bəzəklə bir ortaboy şam ağacını bəzəmək 25 AZN-ə başa gəlir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə