Bəzən adamın könlündən dəli bir ağlamaq keçir. Nə vaxt? Əksər müasir yeniyetmə-gəncin sosial şəbəkələrdə yazışmalarını görərkən, bəli, dəli bir ağlamaq keçir könüldən. Bilmirsən bu gənclərin düşdüyü vəziyyəti ağlayasan, yoxsa dilin düşdüyü vəziyyəti. Deyirsən, İlahi, bu dilin günahı nədir axı, illərdir, əsrlərdir, kim haraya istəyirsə, o tərəfə çəkir, kim nə istəyirsə, onun başına o oyunu gətirir.
Artıq dəfələrlədir, bu barədə deyirəm, yazıram, hansı gəncdə görürəmsə, danlayıram, tənqid edirəm, alınmır ki, alınmır. Elə baxırsan ki, köhnə hamam, köhnə tas. Yaxşı, bəs gənclərimiz haraya gedirlər bu cür yazı forması ilə? Görəsən bu dilə heç yazığı gələn yoxdur?
“Slm ncn ne var ne yox Hardasn unuye gelesn sat necdə görwek”... Buyurun, dilimizin müasir hüsni-xətti. Hərflər gedib iş-gücünün arxasınca, durğu işarələri isə torpağa gömülüb. Yuxarıdakı cümlələrdə hər sözü qoyuram bir kənara. Dayanıram “salam(müasir slm)” sözünün üzərində. “Salam” Allahın adlarından biridir. Kim ixtiyar verir ki, dünyaya gəlişimizə hökm verən Yaradanın adını belə “ixtisarla” yazaq? Bu, hörmətsizlik deyilmi?..
Dəhşətdir, vallah, həm də çox dəhşətdir. Yeniyetmə-gənclərimiz düz olmayan yoldadırlar. Dilimiz əldən gedir. Neçə il əvvəldən çalınan həyacan təbili yenə də çalınır. Lakin kimdir bu təbilin “nəğməsinə” qulaq asan. Necə deyərlər, bu yarım-yapalaq sözlərdən istifadə edən gənclər eşitdikləri sözü bir qulaqlarından alıb, o biri qulaqlarından ötürürlər havaya.
Baxırsan ki, elə bayaqdan bəri danışdıqların ağzında qalıb, əməl edən yoxdur. Hələ yeri gələndə adama lağ da edirlər ki, sənin də işin-gücün qurtarıb ey, sözləri olduğu kimi yazırsan. Bir misal çəkim, öz də başqalarından deyil, öz övladlarımdan. Günlərin bir günü telefonda məktub yazıram. Bitirib, başlayıram korrektə və redaktə etməyə. Sən demə bunlar da başımın üstündədirlər, xəbərim yoxdur. Birdən başladılar gülməyə ki, ana, sən yazdığına düzəliş də edirsən? Dedim, sağ olun, afərin sizə, bəs nə etməliyəm ki? “Ay ana, işin-gücün yoxdur, sənin?”,- dedilər. Dedim ki, işim də var, gücüm də, özümə hörmətim də var, dilimə də sayğım var.
Nə olsun, dil üç-beş nəfərlə qorunmur axı. Gəlin görək, əksər yeniyetmə-gənc dilimizin qrammatik qanunlarına riayət edirlərmi? Xeyir, elə bəla da bundadır ki, riayət edən yoxdur. “Salam, necəsən?”i, “slm, ncn”, “təşəkkür edirəm”i “twk edrm” kimi yazırlar. “Başım qarışıb”ı “bawm qarwb”, “axşam düşür”ü “axwam düwr”, “lazım deyil”i “lazm del” kimi ifadə edirlər.
Dərd tək bu olsa, deyərsən, yarıdır. Müasir gənclərimiz insan, şəhər, kənd, yazıçı, müəllimlərinin adlarını kiçik hərflə yazırlar, ay camaat. Demirəm ki, bunların böyük hərflə yazıldığını bilmirlər, bilənlər var, lakin yazı qabiliyyəti itib onlarda.
“Ə” hərfimiz gedib, yerinə “e” gəlib. Görəsən səbəb nədir? Səbəblərdən əsas birini məktəblərdə inşa, imla, ifadə yazılarının azaldılmasında görmək olar. Bu, uşaqların yazı qabiliyyətini itirməkdədir. Digər səbəblər isə məsuliyyətsizlik, tələskənlik, hörmətsizlikdir. Həm özünə, həm də qarşıdakına...
Bəzən düşünürəm ki, bir günlük bu telefonlar yığışdırılsa və yaxud internet dayansa, bu yeniyetmə-gənclərimiz görəsən əllərinə qələm alıb bir normal məktub yaza bilərlər? Heç inana bilmirəm. Yazarlar, lakin onu bizlər oxuya bilmərik. Hərfləyə-hərfləyə qalarıq, deyərik, Allah, görəsən bunlar nə demək istəyiblər. Necə ki, hazırda həmin o gənclərimizin yazdıqları məktubları anlamaqda çətinlik çəkirik.
Yaxşı, bəs bu qayda, dilə bu cür yanaşma ilə haraya gedirik? Nə vaxta qədər olacaq bu yolçuluq? Bizə bu yolda bir “dayan, düşün, nə edisən”,- deyən olacaqmı? Olur, bəzən çox olur, lakin qulaqlar karlaşıb ta. Kim nə bilir, onu da edir.
Vallah, adamın könlündən dəli bir ağlamaq keçir. Axı bu “müasir yazı mədəniyyətinə” malik olanların əksəriyyəti universitetlərimizin tələbələridir. Aralarında yüksək balla ali təhsil ocaqlarına daxil olanlar da var. Bunları görəndə ağlamayıb, nə edəsən?
Hələ bunları qoyaq bir kənara. Bu dilin günahı nədir? Nə üçün hər kəs öz bildiyini edir bu dilə? Zamanla rus dilini qatdıq dilimizə, sonra türk dilini qatdıq, indi də yarı rus, yarı türk, ingilisin də əlifbasından hərflər qatıb qarışıq bir dil düzəltmişik.
Yazıq dilim, günahsız, biçarə dilim. Əsrlərin elə bir anı olmadı ki, səni dilim-dilim etməmiş olsunlar. Vallah, bu dil şirdir, aslandır ki, bu qədər zərbələrə tab gətirir.
Kimin ürəyi necə istəyir, o cür yazır, kimin ürəyi nə cür istəyir, o cür danışır. Maraqlıdır, görəsən bir rus danışığına və ya yazısına bircə kəlmə Azərbaycan dilində hərf, söz qatar? Bir türk öz dilində qarşılığı olduğu təqdirdə bircə kəlmə Azərbaycan dilində söz işlədər? İngilis necə, əlifbamızdan bircə hərfi yazısına qatar? Vallah yox, yox, yox.
Bəs biz niyə beləyik? Niyə çalınan bütün havalara qol qaldırıb oynayırıq? Sabah doğulacaq uşaqlarımıza da bu cür yazı mədəniyyətimizi öyrədəcəyik? Belə isə deyəcəyim yalnız budur: təəssüflər...
Həm də çox təəssüflər...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB