Cizgi filmə birinci valideynin baxması tövsiyə olunur -PSİXOLOQ DANIŞDI
“Uşaqların cizgi filmlərinə 5-6 yaşlarından başlayaraq baxması daha yaxşı olar. Cizgi filmlərinin mövzusunun nədən ibarət olduğunu valideyn özü seçir. Yəni, həmin cizgi filmlərə birinci valideynin özünün baxması tövsiyə olunur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.
Onun sözlərinə görə, cizgi filmlərdə dil məsələsi də önəmlidir: “Evdə hansı dildə çox danışılır, uşaq məktəbəqədər təhsil müəssisəsinə hansı dildə gedirsə, bir müddət ərzində uşağın həmin dildə olan cizgi filmlər izləməsi tövsiyə olunur.
Eyni zamanda, aqressiyanın mövcud olduğu, söyüş tərkibli və şiddət göstərilən cizgi filmlərin izlənilməsindən qaçmaq lazımdır. Bəzən valideynlər cizgi film mövzusunda öhdəliyi uşaqlara verirlər. Lakin bu heç düzgün bir addım deyil. Uşaq bu zaman daha çox özünə maraqlı olan və baxdıqda ətrafdan təcrid olunduğu cizgi filmlərə üstünlük verir.
Gün ərzində kiçik yaş qrupuna daxil olan uşaqlara 30-40 dəqiqə aralığında cizgi film izləməsi tövsiyə olunur. Məktəb yaşlı uşaqlarda isə bu müddət bir saata qədər artırıla bilər. Lakin bu müddətin də ardıcıl olmamasına diqqət etmək lazımdır, fasilələrlə baxılması daha məqsədəuyğundur.
Film saatlarının valideynlərlə birgə keçirilməsi də olduqca vacibdir. Çünki bu zaman uşaqlar həm valideynləri ilə birgə vaxt keçirir, həm də baxdıqlarını birgə müzakirə edə bilirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB