Təcavüzkar Ermənistan uzun illər Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olub. İşğal nəticəsində nəzarətdən kənarda qalmış ərazilərimiz narkotiklərin əkilib-becərilməsi, daşınması kimi qanunsuzluqlarla bərabər ekoloji, iqtisadi və digər cinayətlər üçün əlverişli zonaya çevrilmişdi.
Erməni işğalçılarının bölgənin ekoloji təhlükəsizliyinə təhdid yaradan qanunsuz fəaliyyətləri bir çox beynəlxalq konvensiyaların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji müxtəliflik haqqında, Səhralaşmaya qarşı mübarizə haqqında və digər beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır.
Ermənistan su ehtiyatları ilə bağlı da uzun illər terrorçu fəaliyyətini davam etdirib. Ərazilərdəki çaylar və digər su mənbələri çirkləndirilib, su anbarlarından cəbhəboyu yaşayan əhalinin istifadəsinə imkan verilməyib və su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradıb. Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılıb, kəskin su çatışmazlığı torpaqların deqradasiyası ilə nəticələnib. Suya ehtiyac olmayan mövsümlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurub.
Qeyd olunan faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı ildə Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamə qəbul edilib. Qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat işlərinin aparılmasının təmin edilməsi tələb olunub.
Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanını yenidən tikərək böyük həcmli təyyarələrin enməsi üçün istifadəyə yararlı hala gətirdi. O vaxtdan İranla mövcud işgüzar bağlantılar daha da gücləndirildi. Belə ki, İran "qondarma Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini tanımadığı üçün bütün əlaqələr İrəvan vasitəsilə qurulurdu. Qarabağdan İrana ixrac olunan mallar İrəvanda qablaşdırılır, qeydiyyatdan keçirilir və İrana göndərilirdi. İrana satılan bütün malların üzərində isə "Made in Artsakh" sözləri yazılırdı. İranın yük maşınları işğal altındakı Azərbaycan ərazilərinə sərbəst şəkildə daxil olur və buradan ölkələrinə yük daşıyırdılar.
Beləliklə, Ermənistan öz büdcə kəsirlərini doldurmaq üçün Qarabağın təbii sərvətlərini talayır, ən çox qızıl, mis istehsalına önəm verirdi. Qızıl-mis istehsalı, eyni zamanda, investorların da daimi maraq dairəsində idi. 1997-ci ildə Qarabağda "Blarq" adlı mis, qızıl emalı kombinatı yaradıldı. Kombinatı Ermənistanın investisiya fondu maliyyələşdirirdi. Daha sonra "Base Metals" adlı filizsaflaşdırma kombinatı təsis edildi. Kombinat Ermənistanda fəaliyyət göstərən "Valleks Group" şirkəti tərəfindən maliyyələşdirilir və müəssisə əsasən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Dimitriy Krivelevin rəhbərlik etdiyi "Vibrotexnik" şirkəti ilə işbirliyi həyata keçirirdi.
İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri, xüsusən sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar edilən Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Turxun qızıl yataqları da bu illərdə talan edildi. Belə ki, 1988-ci ildə Kanadanın "Canadian First Dynasty Mines Ltd" şirkəti ilə müqavilə bağlayan Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. Bundan savayı, Hindistanın "İndian Sterlite Gold Ltd" şirkəti də bu sahədə Ermənistanın ortağı olub.ABŞ-ın "ATA-Bank MS" Qarabağda bank işinin təkmilləşdirilməsi üçün 1,8 milyon dollar sərmayə qoyub. Bu ölkənin daha bir "GS Motors" şirkəti də 2014-cü ilin avqust ayından etibarən Xankəndidə maşınlara texniki yardım göstərən mərkəz açıb. İranın "İran Mellat Bankı"nın İrəvan filialı 2016-cı ilin aprelində "qondarma Dağlıq Qarabağ respublikası"na böyük miqdarda yardım edib. İşğal edilmiş ərazilərdə fəaliyyət göstərən İsveçrənin "Prok-mebel" şirkəti burada mebel istehsalını təşkil etmək üçün, yenə də həmin ölkənin "Sirkon-Ermənistan" şirkəti isə mehmanxana və turizm sahəsinin inkişafına külli miqdarda vəsait sərf edib. Avstraliyanın "International Base Metals Limited" şirkəti də qanunsuz olaraq Azərbaycan ərazilərində ermənilərlə işbirliyi yaratmışdır. İşğalçı ermənilərlə sövdələşən bu şirkət ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirərək bu təbii ehtiyatların Avropa bazarlarına çıxışını təmin edib. Təbii ki, belə faktlar çoxdur... Ən acınacaqlısı isə odur ki, Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə erməni biznesmenlər və iş adamları qanunsuz sahibkarlıq fəaliyyətlərini hələ də davam etdirirlər. Üstəlik bütün bunlar rus hərbçilərinin gözü qarşısında, hətta onların birbaşa iştirakı ilə baş verir.
Əldə olunan məlumatlar onu göstərir ki, Azərbaycanın Ağdərə (indiki Tərtər) rayonunun Gülyataq kəndi yaxınlığında, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal "Kamaz" markalı yük maşınlarında xaricə çıxarılır. Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsində fəal iştirak edən "Base Metals" şirkəti buna görə özünü "dövlət naziri" elan edən Ruben Vardanyana xərac da ödəyir. Sülhməramlıların burnunun dibində fəaliyyət göstərən şirkət, həmçinin Qarabağdakı sülhməramlıların komandiri general-mayor Volkov üçün də qida mənbəyidir. Azərbaycanın qızıl mədənlərinin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanılmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axır. Beləliklə, Volkov-Vardanyan kriminal cütlüyü bölgədə fəaliyyətini və ölkəmizin təbii sərvətlərini talamaqda davam edir, Laçın yolu isə hərbi cinayətkarlar və talançılar üçün keçid meydançası kimi xidmət göstərir.2020-ci ildən sonra Kəlbəcər rayonunda mövcud olan və dövlət balansına daxil edilmiş 30-dan çox yatağın monitorinqi, qiymətləndirilməsi və təftişinin aparılmasına başlanılıb. Həmin ərazidə 11 filiz, 7 yeraltı su ehtiyatı və 19 qeyri-filiz yatağının mionitorinqi başa çatıb. Rayonun Dəlidağ zonasında nəcib və əlvan metalların axtarışı və kəşfiyyatı layihəsi üzrə işlərə başlanılıb. İlkin yerüstü sınaqlaşdırma işləri başa çatdırılıb. Hazırda həmin ərazidə dağ qazmaları həyata keçirilir.
Bu il dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələr aparıb. Görüş Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla sülhməramlıların Xocalıdakı qərargahında baş tutub. Aparılan müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritələrinin hazırlanmasına başlanılıb.Dekabrın 7-də daha bir görüş keçirilib. Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və dəmirli mis-molibden yataqlarına yerində baxış keçirilməsi, qanunsuz istismarının dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirəedilib.
Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkliflər paketini qəbul edib və monitorinqlərin aparılması razılaşdırılıb. Danışıqların, müzakirələrin aparıldığı bir məqamda isə sülhməramlıların himayəsi altına sığınıb yaşayan separatçıların, erməni revanşistlərin, şovinistlərin növbəti hədəfinin Rusiyanın Qarabağdakı rus hərbi kontingentinin komandiri general-mayor Andrey Volkov olduğu üzə çıxıb. Erməni millətçiləri Andrey Volkovu öldürməklə hədələyiblər. Onlar 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində çalışan Viktor Polyaniçkonun 1993-cü il avqustun 1-də Şimali Osetiyada bir qrup erməni silahlısının hücumu nəticəsində həlak olduğunu eyham ediblər.
İşğal altında olan ərazilərdə ətraf mühitə ciddi ziyan vurulması, təbii sərvətlərin talan edilməsi və digər qanunsuz fəaliyyətlər bu gün bir daha bütün dünyanın, beynəlxalq təşkilatların diqqətinə çatdırılmalı, işğalçı Ermənistan tərəfindən törədilən bu ağır ekoloji cinayətlərə nəhayət ki, son qoyulmalıdır.
Şavəli Babayev
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin direktor müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB