"Aksiyada iştirak etmək qürurvericidir" - SORĞU

"Aksiyada iştirak etmək qürurvericidir" - SORĞU

Hazırda Laçın-Şuşa yolunda etiraz aksiyası həmyerlilərimiz tərəfindən davam etdirilir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirir.

Bildirək ki, ekoloji fəallar çadırlar qurublar və onları təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər.

Əllərində plakatlar və bayraqlar tutmuş, şüarlar söyləyən dinc etirazçıların qarşısını rus sülhməramlıları almaq istəyir. SİA mövzu ilə bağlı aksiya iştirakçıları arasında sorğu keçirib.

"İrəli" İctimai Birliyinin əməkdaşı İlkin Quluzadə: "Aksiya artıq 4-cü gündür ki, davam edir. İlk günlərdən ərazidəyəm və rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Laçın-Şuşa-Xankəndi yolunun Şuşa girişi hissəsindən keçən ərazidə onlar yolu bağlayıb. Media nümayəndələrinin və ekoloqların əraziyə girişinin qarşısı alınır.

Bizim bu ərazilərdə yerləşən yataqlarımız qanunsuz şəkildə istismar olunur. Oradan əldə olunan qızıllar, digər qiymətli mineralların lazımi hissələrini özlərinə götürür, yerdə qalan çirkli maddələri isə bizim çaylarımıza axıdırlar. Bu da ölkəmizə və dünyaya ekoloji cəhətdən böyük ziyan vurmaqdır.

Aksiyanın ilk günündən gənclər və QHT nümayəndələri aktiv şüarlar səsləndirir. Biz ekoloji çirkləndirməyə yox deyirik.

Eyni zamanda, dünən səhər saatlarından rus sülhməramlıları yeni canlı qüvvələr cəlb etdilər. Görünən odur ki, onlar nəninki yolu açmaq niyyətində deyil, həm də aksiyanın müddətini daha da uzatmağa çalışırlar. Biz sonadək aksiyaya davam edəcəyik.

Bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə səsgücləndiricilər gətirdilər. Çünki biz gecə və gündüz olaraq müəyyən saatlarda milli musiqilərimizi səsləndirirdik. Buna qarşılıq olaraq onlar da öz musiqilərini səsləndirmək istəyirdilər".

"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyindən Samirə Fərəcova: "Ekoloji təcavüzə qarşı aksiyada iştirak etmək çox qürurverici bir hiss idi. Hər şeydən öncə onu qeyd edə bilərəm ki, neçə-neçə şəhidlərimiz məhz bu torpaq uğrunda canından keçiblər. Bir Azərbaycan gənci kimi bu aksiyada iştirak etmək də bizə düşür və borcumuzdur. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdə təbii sərvətlərimizin qeyri-qanuni yolla istismarı yolverilməzdir və Azərbaycan xalqı əsla belə bir vəziyyət qarşısında sakit durmaz və durmayacaqdır. Aksiya zamanı bir neçə şüar səsləndirirdik. "Ekoloji terrora son", "Rusiya sülhməramlıları ekoloji terrora göz yumur", "Sülhməramlılar öz missiyasını düzgün yerinə yetirməlidir", "Gənclər ekoloji təcavüzü dayandırmağı tələb edir" kimi şüarlar səsləndirərək dünya ictimaiyyətinin diqqətini baş verən bu qanunsuzluqlara göz yummamağa çağırırdıq.

Aksiya boyunca, əslində, ağlımda belə bir düşüncə dolanırdı: "Hava çox soyuqdur. Biz isə qalın geyimlərimizlə buradayıq".

Ac deyilik. Lakin müharibə vaxtı əsgərlərimiz necə çətinliklərdən keçərək Şuşanı, Laçını, Xankəndini işğaldan azad etmişlər. Belə bir xalqın övladı olmaq çox qürurvericidir.

Aksiya zamanı gənclərlə birgə rus sülhməramlılarının gözlərinin içinə baxaraq qeyd etdiyim şüarları səsləndirən zaman keçirilən hissləri ifadə edəcək sözləri seçə bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, himnimizi qarşılarında ucadan, birlikdə oxumaq əvəzolunmaz bir hissdir. "Çırpınırdın Qaradəniz" şeirini oxuyarkən isə tamam başqa hisslər keçirir insan. Hansı ki, vaxtilə bu şeirin müəllifi Əhməd Cavadı türkçülüklə bağlı repressiya qurbanı etmişdilər. İndi isə biz Azərbaycan gəncləri bunu rus sülhməramlılarının qarşısında ucadan oxuyurduq.

21 yaşında bir Azərbaycan gənci olaraq belə bir aksiyada iştirak edib, belə bir hissi dadmaq möhtəşəm və qürurvericidir!".

"İrəli" İctimai Birliyinin üzvü Rəşad Nadiroğlu: "Rus sülhməramlı qüvvələri artıq 4 gündür ki, çəkilmək istəmirlər, əraziyə gətirdikləri ağır artilleriya və qalmaq üçün nəzərdə tutulan xüsusi avadanlıqlar, hələ bir müddət burada qalacaqlarının sübutudur.

Aksiya iştrakçıları günü-gündən artmaqdadır. Səsimizi beynəlxalq arenaya çatdırmağ üçün hərkəs səfərbər olub. Rusların birtərəfli hərəkət etməsi həqiqətən də hamının narazılığına səbəb olub. Burada bizim üçün hər cür şərait yaradılıb. Qidalanma, istilik və digər texniki məsələlərdə operativ şəkildə yardım edilir".

Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Botanika və bitki fiziologiya kafedrasının 2-ci kurs Magistrantı Gülüstan Muxtarova: "Biz ekoaktivistlər olaraq bu gün Laçın yoluna yaxınlaşmışıq və sülhməramlılara öz şüarlarımızı duyururuq. Həmçinin, ermənilərə də səslənirik ki, onlar bizim sərvətlərimizi darmadağın etməkdən imtina etsinlər.

Belə ekoloji terror yaratmaqla onlar nəinki Azərbaycana, həm də ekologiya və təbiətimizə ziyan vururlar. Onlar bunun bədəlini ödəməlidirlər.

Heyvanat aləmi, bitki aləmi və su hövzələrinə atılan çirkab sular ekoloji terrordur. Bildirmək istəyirəm ki, biz məqsədimizdən dönən deyilik".

Bakı Dövlət Universiteti, Biologiya fakultəsi, Biologiya müəllimliyi ixtisası, 4-cü kurs tələbəsi Ramil Ağayev: "Biz ekoaktivistlər olaraq Laçın yoluna yığılmışıq. Rus sülhməramlıları tərəfindən Xankəndi-Gorus yolu hər iki tərəfdən bağlanıb. Biz burada "Ekologiyanı qoruyaq", "Ekoloji terrora yox deyək!" aksiyasını həyata keçiririk.

Ermənilər bizim təbii sərvətlərimizdən qeyri-qanuni yolla istifadə edirlər. Bunun qarşısını almaq lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə