Üçtərəfli görüş imkanlar yaradacaq

Üçtərəfli görüş imkanlar yaradacaq

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Azərbaycanlılar, türklər və türkmənlər eyni kökə mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Eyni zamanda bu xalqları dil və din birliyi də birləşdirir. Bu ölkələr arasında tarixi bağlar üzərində qurulmuş münasibətlər iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə də öz töhvəsini verməkdədir.

Azərbaycan, Türkiyə və Türkmənistan Respublikaları arasında siyasi əlaqələr də yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan ilə Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. Müvafiq olaraq 1999-cu ilin iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Bu səfirlik 2001-ci ilin iyunun 4-də Türkmənistanın maliyyə problemləri ilə bağlı fəaliyyətini dayandırsa da 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. Son dövrlərdə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb. 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Təsadüfi deyildir ki, bu ilin-2022-ci ilin martında Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıya, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə iyunda Aşqabada səfərlər həyata keçiriblər.

Azərbaycan ilə Türkiyə arasında istər siyasi, istərsə də iqtisadi və mədəni əlaqələr qədim köklərə malikdir. Amma iki dövlət arasında rəsmi şəkildə ilk diplomatik əlaqələr SSRİ dağıldıqdan sonra reallaşmışdır. Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda və bir çox sahələr üzrə yeni müstəviyə keçməkdədir. Azərbaycan ilə Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə çatmışdır. Bu yöndə xüsusilə iki dövlət arasında 2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətli rolu vardır. Bəyannamə sayəsində ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır və Türkiyə ilə Azərbaycanın siyasi arenada daim birgə olduqlarını dünyaya nümayiş etdirir.

Azərbaycan Türkiyə və Türkmənistanla daim qarşılıqlı iqtisadi əməkdaşlığı yüksək səviyyədə tutmuşdur. Bu dövlətlərlə iqtisadi əməkdaşlıq uzun illərdir ki əsasən Azərbaycanın iqtisadiyyatının özəyini təşkil edən neft və qaz üzərindən qurulmuşdur. Hansı ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin Müqaviləsi”ndə “Türk Petrolları” şirkətinin xarici neft şirkətləri konsorsiumunda təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü idi. Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Bu layihənin çox böyük həm iqtisadi, həm də siyasi önəmi var. Belə ki, yolun tikilməsi Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 10 mlrd dollaradək yüksəldilməsi üçün real imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yol xətti, tikintisi davam edən sürətli qatar layihələri ilə yalnız Türkiyə deyil, Gürcüstan və Azərbaycan da Asiya-Avropa dəhlizinin ən sərfəli və etibarlı variantı halına gələcək.2022-ci il yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə dövriyyəsi 45%, Türkmənistanla ticarət dövriyyəsi isə 5 dəfə artmışdır. Bu isə dövlətlərin bir-biriləri ilə daim əməkdaşlıq şəklində irəlilədiklərinin bariz nümunəsidir.

Azərbaycan-Türkiyə-Türkmənistan zirvə görüşündə Azərbaycanın əsas hissəsini, onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizi məsələsi də işıqlandırıldı. 44 Günlük müharibə sonunda imzalanan Atəşkəs Bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunmuşdur. Bəyanatın şərtinə əsasən Zəngəzur dəhlizi Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaqdır. Zəngəzur dəhlizindən keçəcək dəmir yolu xəttinin təməli 2021-ci il fevral ayında Prezident İlham Əliyev tərəfindən qoyulub. Hazırda da Zəngəzur dəhlizinin açılması ilə bağlı fəal məqsədyönlü addımlar atılır. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40%, avtomobil yolu üzrə işlərin 70% icra olunub. Bütün işlərin isə 2024-cü ildə tamamlanacağı bildirildi.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun dahada artmasında 44 Günlük İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin müstəsna rolu vardır. Azərbaycan Respublikası həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyat planı ilə doğma torpaqlarını 30 illik işğaldan xilas etdi. Uzun illər boyu Azərbaycanın siyasi arenada münaqişəli məsələsi olan Qarabağ münaqişəsi öz həllini tapdı. Əldə olunan qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.

Fidan Balayeva

Xəzər rayonu, 322№li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə