Ölkədə narkomaniya ilə mübarizədə hansı işlər görülür? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə, cəmiyyətdə narkomaniya və digər fəsadların qarşısını almaq üçün iki əsas yol var. Qədimdən bu günə qədər bu iki əsas yola istinad edilib. Bunlardan biri inzibati hüquqi yol, digəri isə qeyri-inzibati maarifləndirici yoldur". Bu sözləri SİA-ya açıqlamasında Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

Onun sözlərinə görə, hər iki yol işlək olmalıdır: "Hər iki vasitə vacibdir. Əgər sırf maarifləndirici tədbirlərlə kifayətlənsək, hüquqi mexanizm yaxşı işləməsə bu kifayət etməyəcək. Çünki insanlar psixoloji olaraq xarakter etibarilə yanlız güc vasitəsilə pis yoldan çəkinirlər. Onlara əxlaq dərsləri və maarifləndirici tövsiyələr təsir etmir. İnsan xarakteri ümumiyyətlə belədir.

Digər tərəfdən, hüquqi mexanizm güclü işləməli və əxlaqi-maarifləndirici tövsiyələr güclü olmalıdır. Azərbaycanda bu və digər sahələrdə hər ikisinin daha işlək olmasına ehtiyac var. Mən demirəm ki, hüquq-mühafizə orqanları narkomaniyaya qarşı mübarizə aparmırlar. Deyirəm ki, daha güclü mübarizə aparılmalıdır".

Mail Yaqub sözlərinə belə davam edib: "Maariflədirmə sahəsində isə çox zəifik. Azərbaycanda mənəvi və intellektual maarifləndirmə sahəsində çox axsayırıq. Buna misal olaraq verlişləri, internet məkanını və televiziyanı misal göstərmək olar. Mənə televiziyada nə qədər maarifləndirici veriliş adı çəkə bilərsiniz? Bu, çox azdır, hətta yox dərəcəsindədir. Bəli, dini maarifləndirmə sahəsində çox dəyərli alimlərimiz var və onların geniş auditoriyası mövcuddur. Amma yenə də azdır. Televiziyada bu çox təbliğ olunmalıdır.

Bütün bunlardan sonra yenə də narkomaniya və narkoman fenomeni olacaq. Amma heç olmasa bu addımlarla bunu azalda bilərik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə