Boşanmış qadın, yoxsa kişi qınanılır? - ARAŞDIRMA

Bir münasibət başlayır, insanlar bir-birinə öyrəşir, qərarlar verilir, ailələr görüşür, uzunmüddətli vədlər verilir. Hər şeyin yaxşı olacağına inanarkən problemlər yaranır və boşanma baş tutur. Bəs, boşandıqdan sonra qadınlar nə yaşayır? Boşanmaların ən çox görülən səbəbləri hansılardır? Qadınlara boşanma dövrünü asanlıqla keçmək üçün hansı təkliflər edilməlidir?

Boşanmanı necə qəbul etməliyik?

Boşanma mərhələsi bütün bağları kəsmək deməkdir və kifayət qədər çətin mərhələdir. Digər tərəfdən, ailə birliyinin və bütövlüyünün pozulması nəticəsində həm kişilər, həm də qadınlar bu prosesə xas olan çox çətin dövr yaşayırlar.

Boşanma zamanı güclü olmaq və hər şeyin öhdəsindən gəlməyə çalışmaq bu prosesdə fərdləri daha da yorur. Xüsusilə, emosional baxımdan çətin bir dövr olan boşanma prosesində özünüzə və hisslərinizə bir az daha çox vaxt ayırmalısınız. İlk başlarda bəlkə çətin olsa da, unutmayın ki, güclü insanın öhdəsindən gələ bilməyəcəyi heç nə yoxdur.

Boşandıqdan sonra necə ayağa qalxmalıyıq?

Hər şeydən əvvəl münasibət sonlandıqdan sonrqa özünə və qarşındakı insana zaman verməlisən. Boşanmadan sonra uzun sürən kədər və sosial həyatdan uzaq olmaq psixi sağlamlıq üçün təhlükəli ola bilər. Bu hallarda mütəxəssis dəstəyinə müraciət etmək sizə bu prosesi daha sağlam şəkildə keçməyə kömək edəcək.

Boşandıqdan sonra düzgün dəstək almaq nə üçün vacibdir?

Boşanma, əslində, çoxlu itkilər gətirir. İqtisadi və sosial itkilər, dostlardan uzaq olmaqdan yaranan itkilər, özünə inam itkisi və ailə təzyiqindən yaranan məhdudiyyətlər buna misal ola bilər. Boşanan qadının ən böyük problemi cəmiyyətin ona olan baxışıdır. Bu, boşanma yükü ilə yanaşı, əlavə bir yük də gətirir. Nəticəyə baxdığımızda ümumi bir məcburedici psixoloji mənzərə yaranır.

Boşandıqdan sonra yeni münasibətə başlamazdan əvvəl nə etmək lazımdır?

Boşandıqdan dərhal sonra yeni bir münasibət qurmaq çox vaxt kədərlənmədən və ya bu itkinin psixoloji çətinliyindən qaçmaq kimi müəyyən edilə bilər. Qaçışla başlayan münasibət isə çox vaxt sağlam olmur.

Bəs, cəmiyyətdə boşanmış qadına qaşı münasibət necədir? Boşanmış kişi ilə boşanmış qadın arasında fərq nədir? Niyə kişi boşandıqda adi, qadında isə bu qeyri-adi, yaxud fəalkət kimi qarşılanır? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Məlum olduğu üzrə cəmiyyətdə hər məsələdə qınaq obyekti 90 faiz qadınlardır. Bu da qız uşaqlarının lap az yaşlı vaxtlarından başlayır. Belə ki, hələ uşaq ikən qızlarına "Qız uşağısan, ağır ol", "Ucadan gülmə", "Axşam vaxtı çölə çıxma", "Belə əyləşmə" və s. kimi ifadələr səsləndirən valideynlərin sayı kifayət qədərdir. Yəni, qadınlar ta uşaqlıqdan hər məsələdə qınanılır. Boşanma da bura aiddir.

Bu gün cəmiyyətdə boşanmış qadınlar birmənalı qarşılanmır. Hətta uşaqlı boşanan qadın isə lap böyük bir qınaq mövzusudur. Bu zaman da ona "Qadınsan övladına görə dözməlisən", "Yaxud yaxşı qadın olsaydın, ərini əlində saxlamağı bacarardın" kimi çirkin ifadələr səsləndirilir. Nədənsə fədakarlıq həmişə qadınlardan gözənilir. Lakin heç kim düşünmür ki, bu qadın nə yaşayıb ki, boşanma həddinə çatıb? Onu bu həddə çatdıran nədir? Bir qadın niyə minbir əziyyətlə qurduğu ailəsini adi bir məsələ üçün dağıtsın ki?! İnsanlar sadəcə kənardan izləyib qınamağı bilir.

Gəlin, etiraf edək ki, bu gün 99 faiz oğlanın valideyni subay oğlunun boşanmış qadınla ailə qurmasına icazə verməz. Onlar düşünür ki, "Boşanmış, "yanıbalalı" qadın bizim ailəmizə, yaxud mənim oğluma uyğun deyil". Cəmiyyətimizdə boşanmış qaıdnla subay oğlanın ailə qurmasına fəlakət kimi baxılır. Yaxud bir çox insan düşünür ki, "Oğlanın nəysə bir problemi var ki, boşanmış qadınla ailə qurdu".

Digər dəhşətli məqam isə günümüzdə əksər subay "oğlanlar" boşanmış qadına yanlız cinsi münasibət qurmaq gözü ilə baxır. Onlar sevgi və qayğıya ehtiyacı olan bir qadından öz həvəsləri üçün istifadə etmək istəyirlər.

Boşanmaların ən çox yayılmış səbəbləri nələrdir?

- Əslində, zina (xəyanət) bu gün boşanma qərarının verilməsində çox vaxt aparıcı amillərdən biridir.
- Bundan əlavə, fiziki və emosional zorakılıq da bura aiddir.
- Ər-arvadın bir-birini kifayət qədər tanımadan çox qısa müddətdə evlənmək qərarı, erkən nikah,
maliyyə problemləri,
- Cinsi həyatdakı çatışmazlıqlar və ya problemlər də boşanma qərarına səbəb olur.
- Texnologiyadan hədsiz asılı olmaq və biri-birinə zaman ayırmamaq.
- Sosial mediadan istifadə insanların sosial və ailə həyatına ciddi təsir edir. Çünki internet və xüsusilə sosial mediadan istifadə ilə yüzlərlə və daha çox insana çatmaq mümkündür. Xüsusilə bu gün sosial media səbəbiylə baş verən xəyanətlərin boşanma nisbətlərinin artmasında əhəmiyyətli bir faktor olduğunu görürük.

Qadınlar boşanma prosesində necə reaksiya verirlər?

Ailə və sosial dəstəyi olan, bir xarakter olaraq həyatda çətinliklərin öhdəsindən gələcək qədər güclü olan qadınlar, nə qədər sıxıntılı olsalar da, boşanma prosesində və sonrasında yaşadıqları mənfi təsirlərdən daha asan qurtula bilirlər. Bəzi qadınlar isə yaşadıqları problemlərə, üzləşdikləri psixoloji və fiziki zorakılığa baxmayaraq evliliklərini davam etdirmək üçün səy göstərirlər. Onlar hətta evliliklərinin sona çatmasında özlərini günahlandırırlar. Bu baş verdikdə, onların psixoloji vəziyyəti korlanır və ciddi özgüvən problemi yaşayırlar.

Boşanan qadınlar özləri ilə barışmalı, özlərini əsla qüsurlu və günahkar görməməli, lazım gələrsə psixoloji dəstək almalı, sosial və psixoloji cəhətdən geri çəkilməməli, mütləq həzz ala biləcəkləri hobbi ilə məşğul olmalı, sağlam yaşamalı, idmanla məşğul olmalıdırlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə