Əlillərə göstərilən sosial dəstək proqramları hər il genişləndirilir

Bu gün, dekabrın 3-də Beynəlxalq Əlilliyi olan Şəxslərin Günü kimi qeyd edilir. Əlilliyi olan şəxslərin sosial müdafiəsi, onlara sosial dəstək tədbirlərinin göstərilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik əlillərə göstərilən reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlilliyi olan hərbçilərin avtomobillə təminatı istiqamətində tədbirlər görür. Əlillərin sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutan proqramlar hər il genişləndirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

Nazir müavini bildirib ki, bu il 1500 mənzil və fərdi evin şəhid ailələri, müharibə əlilləri, Çernobıl əlillərinin və gözdən əlillərə verilməsi istiqamətində işlər aparılıb. Həmin mənzil və fərdi evlərin əksəriyyəti sahiblərinə təqdim edilib. Gələn il də həmin proqramın həyata keçirilməsi nəzərdə tutulub.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir şüarı var: Əlillik qüsur deyil. Bu gün keçirilən festival da əlilliyi olan şəxslərin sosial təcrid mühitindən azad edilərək cəmiyyətimizə qaytarılması məqsədini daşıyır. Belə tədbirlər davamlı olacaq və əlilliyi olan şəxslərin problemləri, onların qaldırdığı məsələlər hər zaman diqqət mərkəzində saxlanılacaq”, - deyə H.Abdullayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə