"Mənəvi dəyərlərimiz və gənclik" adlı üçgünlük seminar keçirilib - FOTOLAR

28-30 noyabr tarixində Şəmkir rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Mənəvi dəyərlərimiz və gənclik" adlı üçgünlük seminar keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, seminarda Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan gənclər iştirak ediblər.

Açılış mərasimində Fondun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi, dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov məruzələrlə çıxış ediblər. Tədbirdə Fondun sifarişi ilə hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Fondun maliyyə dəstəyi ilə çap edilmiş kitablar iştirakçılara hədiyyə edilib.
Daha sonra seminar iştirakçıları Şəmkir rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar.

Seminarın növbəti günlərində gənclərin iştirakı ilə Şəmkir rayonunda yerləşən Alman İrsi Mərkəzi, yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi kimi qorunan Alman Lüteran Kilsəsi ziyarət edilib, ölkə əhəmiyyətli tarixi abidə olan Şəmkir qalasına ekskursiya təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə