Biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm işlər görür - FOTOLAR

Bu gün Cənubi Qafqaz regionunda təbii sərvətlərdən, içməli su mənbələrindən səmərəli istifadə, flora və faunanın mühafizəsi, ümumiyyətlə, ekoloji problemlərin həlli məsələlərinə böyük diqqət ayırmaq lazımdır. SİA xəbər verir ki, bu fikirləri Tbilisidə səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze ilə görüşdə səsləndirib.

Muxtar Babayev Azərbaycanın ekoloji problemlərinin həlli, təbii sərvətlərdən, o cümlədən su hövzələrindən səmərəli istifadə, fauna və floranın zənginləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən danışıb.

Bildirib ki, milli parkların və mühafizə olunan təbiət ərazilərinin, biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyi fonunda yaranan risklərin azaldılması, transsərhəd su hövzələrindən səmərəli istifadə, regionlarda ətraf mühitin çirkləndirilməsinə qarşı birgə mübarizə aparmaq daha böyük səmərə verə bilər. Azərbaycan bununla bağlı bir sıra mühüm layihələr hazırlayıb və onları Gürcüstan ilə birlikdə həyata keçirmək niyyətindədir.

İ.Karseladze deyib ki, Azərbaycanda ekoloji problemlərin həllinə göstərilən diqqət təqdirəlayiqdir. Gürcüstan da bu istiqamətdə mühüm işlər görür. Düşünürəm ki, bu sahədə birgə əməkdaşlıq hər iki tərəfə fayda verəcək.

Görüşdə sadalanan sahələrlə və problemlərlə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, hər iki ölkənin regionları arasında əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi barədə də səmərəli fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə