"Mamauşağı" hansı kişilərə deyilir? - ARAŞDIRMA

Ana və oğul arasındakı münasibət ana bətnində başladığı üçün bu münasibət uşaq üçün çox xüsusidir. Yenə uşağın həyatının ilk illərində etibar etdiyi və nümunə götürdüyü insan anadır.

Oğlan uşağının gələcəkdə "ana quzusu" olmamağı üçün düzgün tərbiyə vacibdir. Ananın oğlunu tək böyütməsi və uşağın həyatında güvəndiyi, örnək götürdüyü şəxs olmaması xüsusilə təhlükəlidir. Amma övlad analı-atalı normal ailədə böyüsə belə, pis yola qurşana bilər.

Uşaqlar çox şeydən xəbərdardırlar. Ona görə də qarşılıqlı münasibətlərdə həmişə hörmətli olmaq vacibdir. Valideynlər ev işlərini bölüşməlidirlər ki, oğlan uşaqları da gələcək ailələrində bunları örnək götürsün. Əks halda oğlanların beynində qadınların ancaq ev işləri olacağı mənzərəsi yarana bilər. Bu cür düşüncəni anaların hər şeyi oğullarının arxasınca etməməsi azalda bilər. Oğlanlar müəyyən yaşa çatdıqda ev işləri ilə bağlı vəzifələri də öz üzərinə götürməlidirlər.

Burada önəmli olan, başlanğıcda ev işləri görməməyə müqavimət göstərən uşağa qarşı söz sahibi ola bilməkdir. Uşaqlara hər iki ev işi maddi və ya pul mükafatı ilə deyil, tərif və təqdirlə sevdirilməlidir.

Qadınlar "mamauşağı" oğlanla necə ortaq yolu tapa bilər?

Sevgilisi və anası ilə münasibətlərində tarazlığı saxlaya bilməyən, anası ilə normaldan artıq münasibətdə olan, anasının onlara körpə uşaq kimi yanaşmasına fikir verməyən kişilərə “ana quzuları” deyilir. Bu tip kişilərlə münasibət qurmağa çalışmaq həmişə çətindir. Əgər belə bir kişi ilə tanış olmusunuzsa, sizə ilk tövsiyəmiz təbii ki, ondan uzaqlaşmalısınız. amma bu insanla münasibətə başlamışsınızsa və artıq gec olduğunu düşünürsünüzsə, hazırladığımız məsləhətə qulaq asa bilərsiniz.

Sevgilinizlə anası haqqında danışmamağa çalışın

Təbii ki, belə bir vəziyyətdə susmağa çalışmaq çox çətin olacaq, amma bu problemi sevgilinizlə dava etmədən həll etmək istəyirsinizsə, onun anası haqqında mümkün qədər danışmamağa çalışmalısınız. Xüsusilə diqqətli olmalısan ki, anası haqqında qeybət etməyəsən. Bu vəziyyət “ana quzusu” kişiləri çox qəzəbləndirə bilər.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Kişinin ana quzusu olduğunu göstərən əlamətlər:

"Ana quzusu" sözünün mənası "çətinliyə öyrəşməmiş, diqqətlə böyüdülmüş" deməkdir. Bu söz daha çox hələ formalaşmamış, anadan asılı kişilər üçün istifadə olunur.

1. "Mamauşağı" oğlanlar tək yaşaya bilmir. Onlar yetkin yaşda olsa da, ailəsi ilə birlikdə yaşamağa davam edir. Söhbət yanlız maddi məsələlərdən və xüsusi səbəblərdən getmir. Əlbəttə, "mamauşağı" kişilərin bəzilərinin ayrı evləri var. Bu tip kişilər özünüidarədən kifayət qədər uzaqdır.

2. Sanki heç yetkin deyil. Əbəs yerə ana quzusu deyilmir. Baxırsan ki, oğlanın 30 yaşı var, amma heç böyüməyib. Bu tip oğlanlar xüsusən də anasının yanında olduqda uşaq kimi davranır.

3. Bütün qərarları anası verir. Biz hamımız zaman-zaman analarımızdan məsləhət alırıq. Üstəlik bunu həm 20, həm də 50 yaşlarında olsaq belə edirik. Bu tip kişilərin anası təkcə öz işini görmür, həm də onun adından bütün qərarları verən şəxsdir.

4. Bu tip kişilərin anasının fikirləri heç vaxt şübhə altına alına bilməz. Onların sözlərinə görə, anaları həmişə hər şeyi düzgün edir.

5. Anası hər şeyi bilir. Bu tip kişilərin ən əsas özəlliyi xanımı ilə olan ən kiçik mübahisədə edəcəyi ilk iş anasını çağırmaq olacaq. Bu, o deməkdir ki, anası oğlunu incitdiyiniz və ya ona qarşı çıxdığınız bütün məqamlardan xəbərdardır.

6. O, sizdən anası kimi olmağınızı gözləyir. Onun üçün ideal qadın anasıdır. Bütün qadınları onunla müqayisə edir, təəssüf ki, sizi də. Bu yemək bişirmə tərziniz kimi kiçik şeyləri tənqid etməklə başlayır, lakin bu müqayisə karyeranıza və hətta valideynliyə qədər uzana bilər.

Son olaraq qeyd edək ki, "mamauşağı" kişilər gələcək ailə həyatında ciddi problemlərlə rastlaşır. Belə ki, onların əksəriyyəti normal ailə idarə edə bilmir. Ailəsində olan ən xırda problemdə analarına üz tutur, ona qaçıb sığınır. Bu isə ailə başçısı üçün yaxşı bir şey deyil.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə